Məhkəmə qərarları › İş №1(053)-36/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-36/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-36/2025 09.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 06 – 08 mart 2025-ci il tarixləri üzrə tutulmuş, 08 mart 2025-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 7,60 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 06 mart 2025-ci il tarixdə saat 16.00 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,60 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Rayon ərazisində balıq satmaqla dolanır. Arabir narkotik vasitə olan marixuanadan istifadə edir. 06 mart 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evin həyətyanı sahəsində göyərçin uçurdurkən göyərçinlərdən biri uçub Kür çayının kənarına qonmuşdur. O, da həmin göyərçini tutmaq üçün Kür çayının kənarına getmişdir. Orada göyərçini axtararkən yulğun kollarının içərisində sellofan bükülü olduğunu görmüş, həmin bükülüyə ayağı ilə toxunub içərisinin dolu olduğunu bilmişdir. Bundan sonra bükülünü götürüb açaraq içərisinə baxmış və içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan gödəkcənin cibinə qoymuşdur. Həmin gün saat 16.00 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmiş və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O, da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki gödəkcənin sol yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşmuş, o, da istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə qablaşdırıldıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana içi boş kağız zərfdə qablaşdırılmış, möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, müdafiəçi və o, narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2025-ci il tarixdə Neftçala rayonu, Kürkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 06 mart 2025-ci il tarixdə saat 16.00 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edərkən görüb videoçəkilişlə saxlamışlar. Qüdrətə özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd polietilen bükümü təqdim etmiş və bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq “203” saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş büküm açılıb baxıldıqda içində marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 07 mart 2025-ci il tarixli, 18/211 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «...Təqsirləndirilən şəxs o...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 09 aprel 2025-ci il tarixli 192 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, yaşını, ilk dəfə cinayət törətdiyini, arvadının yataq xəstəsi olmasını və ona qulluq etməsini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,50 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,50 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar