Məhkəmə qərarları › İş №1(053)-37/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-37/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-37/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək mobil telefonla onun və ailəsinin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan fikirlər bildirdiyinə görə X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 bildirir ki, X11 onun qayınatasıdır. Münasibətləri əvvəlcədən yaxşı olmayıb. X1 ilə nikahları rəsmi pozulmadığına baxmayaraq, faktik ayrılıblar. Bundan sonra qayınatası ilə münasibətləri tamamilə pozulub. Arvadı ilə ayrıldıqdan sonra uşaqlarını görmək üçün özünə məxsus mobil telefon vasitəsilə X6 müxtəlif tarixlərdə və vaxtlarda zəng edərək övladları ilə danışmaq istədiyini bildirmiş, lakin sonuncu əxlaq normalarına uyğun olmayan tərzdə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan sözlər deyərək onu və ailə üzvlərini dəfələrlə təhqir etmişdir. X4 onun ünvanına dediyi sözlər insan mənəviyyatına sığmır. Bu sözlər əxlaq normalarına uyğun gəlmədiyi üçün onları ərizəsinə yazmayıb. X6 bu barədə bir valideyn kimi dəfələrlə xəbərdarlıq etdiyinə baxmayaraq, o, qanunsuz əməllərini davam etmişdir. X2 ilə də mobil telefon vasitəsilə danışaraq uşaqları ilə ünsiyyətinin təmin olunmasını xahiş etmiş, lakin Rəşad da atası kimi onun ünvanına əxlaq normalarına zidd olan sözlər demişdir. Yuxarıda göstərilənləri təsdiq edən kompakt diski şikayətinə əlavə edib. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 həmçinin bildirir ki, X11 onun azyaşlı övladının etik qaydalara uyğun olmayan şəklini çəkib «WhatsApp» sosial şəbəkəsində status kimi paylaşmışdır. Bunu da özü üçün təhqir hesab edir. Bu səbəbdən məcburiyyət qarşısında qalıb məsələ ilə bağlı əvvəl Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat vermiş, daha sonra Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə də müraciət edib. Bundan sonra onu və X7 Neftçala Rayon Polis Şöbəsinə dəvət edib izahatlarını almışlar. Neftçala Rayon Polis Şöbəsində ərizəsi üzrə araşdırma aparılmış və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibi mövcuddur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul olunmaqla məhkəmə baxışının keçirilməsini və X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul olunmasını xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, övladı X9 ilə X10 arasında rəsmi nikah mövcud olduğuna baxmayaraq, faktik ayrılıblar. Onların evliliyindən dörd uşaq doğulub. Evlilik dövründə Atikə əri tərəfindən daim təzyiqlərə və təhqirlərə məruz qalmışdır. Atikə ilə ailə qurduqları vaxtdan etibarən X10 ona (X6) dəfələrlə telefonla zəng edərək «gəl zibilini götür», «gəl zibilinə yiyə dur», «gəl apar onu burdan» kimi nalayiq ifadələr işlətmiş, lakin, arvadı qızı Atikənin dalınca onu görməyə gedəndə onu döyüb qovmuşlar. Bu səbəbdən işləri polisə düşmüşdür. Polisdə həmin məsələ araşdırıldıqdan sonra X10 yenə də onlarla dava edərək bu səfər cərimə olunduğu pul məbləğini ondan tələb etməyə başlamışdır. Bundan sonra X10 və onun ailə üzvləri Atikəyə şərt qoymuşlar ki, bir daha valideynləri ilə görüşməsin. Qızının ailəsində problem yaranmasın deyə bir neçə il ərzində onunla əlaqə saxlamayıblar. Eyni zamanda qızına xəbər göndərmişdir ki, istəsə ata evinə qayıda bilər. Çünki, qızının ailə həyatı həqiqətən dözülməz olub. Buna baxmayaraq, qızı uşaqlarını düşünərək ilk əvvəl onun təklifini qəbul etməmişdir. Bir müddət sonra isə Atikə öz bacısı ilə telefon əlaqəsi saxlayıb bildirmişdir ki, artıq dözə bilmir, atasına desin ki, gəlib onu aparsın. Ona görə də qızını gətirməyə getmişdir. Bundan xəbər tutan X10 həmin gün uşaqlarından ikisini onlara geyim əşyaları alması bəhanəsi ilə aparıb gizlətmişdir. Qızının uşaqlarına görə əvvəl getmək istəmədyini gördükdə ona demişdir ki, narahat olmasın iki uşağını da sonradan alacaq. Beləliklə, Atikəni iki uşağı ilə birlikdə götürüb öz evinə gətirmişdir. Həmin vaxtdan etibarən qızının iki uşağına özü baxır, X10 isə onların saxlanmasında istər maddi, istərsə də hər hansı başqa formada iştirak etmir. Buna baxmayaraq, X10 dəfələrlə ona zəng edərək mübahisə yaratmış, onu və ailə üzvlərini hədələmiş və təhqir etmişdir. X11 həmçinin qeyd edir ki, nəvəsinin şəklini öz «WhatsApp» satatusunda paylaşması uşağa qarşı məhəbbətindən irəli gəlir və bunu kiməsə qarşı təhqir hesab etmir. Müvafiq fotoşəkili nalayiq hesab etmir. X8 və sonuncunun ailə üzvlərini heç vaxt təhqir etmək niyyəti olmamış, əksinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs onu, onun ailə üzvlərini təhqirlərə və təhdidlərə məruz qoymuş, X5 qarşı daim ailə münasibətlərinə sığmayan təhqirlər etmiş, təzyiqlər göstərmişdir. Göstərilənlərə əsasən özünü Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilmir, X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş edir. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən aşağıda göstərilənlərə əsasən imtina olunmalıdır. Məslə ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan “təhqir” cinayəti obyektiv cəhətdən «... kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma»da ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 5-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə “... böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayımlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. ... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Göründüyü kimi, müvafiq mənada “kütləvilik” əlamətinin mövcud olması halı şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə tövsif edilməsi üçün zəruridir. İş materialları, o cümlədən xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş kompakt diskdəki səs yazıları ilə müəyyən edilir ki, X10 ilə X4 mübahisəsi onların ikisi arasında olmuş telefon danışığı zamanı baş vermişdir (telefon danışığı zamanı X10 ilə X11 bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər). Bunu, yəni “kütləvilik” əlamətinin mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, səs yazılarının məzmunundan asılı olmayaraq danışıq iştirakçılarının bir birinə dediyi sözlər “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” deyilmiş kimi qiymətləndirilə bilməzlər. Beləliklə, X4 əməlində yuxarıda göstərilən səs yazıları ilə bağlı hissədə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin əlaməti yoxdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 təqdim etdiyi fotoşəkilə də məhkəmənin hazırlıq iclasında baxış keçirilmişdir. Məhkəmə uşağın babası X11 tərəfindən «WhatsApp» satatusunda paylaşılmış həmin fotoşəkili işin faktik halları ilə məcmu halda nəzərdən keçirərək hesab edir ki, bu fotoşəkilin paylaşılması X3 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılmasına yönəlmiş əməl kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən X4 hərəkətlərində fotoşəkillə bağlı hissədə də Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti müəyyən edilmir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində “xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə” qərar qəbul edilə bilər. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən “cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsasən X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar