Məhkəmə qərarları › İş №1(053)-37/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-37/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-37/2025 16.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət İttihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 avqust 1993-cü ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 27 may 2025-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsində yerləşən Faruq Quliyev adına 2 nömrəli tam orta məktəbin birinci mərtəbəsinin dəhlizində, ictimai yerdə, həmin məktəbin direktoru Şahid4 onu qəbul edib görüşməməsini bəhanə edib alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat nomalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqcasına hörmətsizlik edib səs-küy salıb məktəbin direktoru Şahid4 və məktəbdə texniki işçi (xadimə) vəzifəsində işləyən Zərərçəkmiş şəxs Sayət qızının ünvanına nalayiq ifadələr işlədərək kənar şəxslərin yanında sonuncunun üzərinə hücum etməklə yumruqla sifət nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs sol qaşüstü nahiyəsinin yarası, sol orbitasının qançırı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 19 dekabr 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə spirtli içki qəbul etməyə başlamışdır. Həmin gün saat təxminən 2 litr spirtli içki qəbul etmişdir. Bundan sonra Xıllı qəsəbəsində yerləşən 2 saylı orta məktəbə uşaqlarını götürməyə getmi.şdir. Övladını geri götürüb qayıdanda yolda həyat yoldaşı Şahid1 ilə rastlaşmışdır. X1 anası ilə nənəsigilə getməyi istədiyini bildirmişdir. O da Nahidəni anasına verib evə getmişdir. Evdə yenə spirtli içki qəbul etməyə başlamışdır. Evdə olduğu zaman məktəb direktoru Şahid4 əvvəllər onu qəbul etmədiyini və buna görə aralarında yaranmış mübahisəni xatırlamışdır. İçkili olduğu üçün əsəbləşmiş və məktəbə getmək qərarına gəlmişdir. Piyada məktəbə getmiş və məktəbin direktorunu görmək istədiyini demişdir. Orada olan şəxslər direktorun məktəbdə olmadığını, içkili olduğu üçün məktəbə gəlməməyini demişlər. O da geri qayıtmışdır. Direktorun məktəbdə olduğunu görüb onunla görüşmək istədiyini bildirmişdir. Onu içəri buraxmadıqları üçün direktorun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman orada xadimə işləyən Gülnaz onu üzərinə çirkli su tökmüşdür. O da Gülnazın hərəkətindən əsəbləşib onu söyüb təhqir etmiş və yumruqla alnına bir dəfə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonra o oradan uzaqlaşmışdır. Bundan sonra olanları xatırlamır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəsəbəsində ailəsilə birlikdə yaşayır. O,təxminən 15 ildir ki,Neftçala rayonu, F.Quliyev adına tam orta məktəbdə texniki işçi vəzifəsində işləyir. Həmin məktəbdə həmkəndlisi Təqsirləndirilən şəxs övladları da təhsil alır. Onun və ailəsinin Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi olmayıb. Fərid hər gün spirtli içki qəbul etdiyi üçün heç kim onunla münasibət saxlamır. Fərid dəfələrlə spirtli içki qəbul edərək məktəbə gəlib səs- küy salmış, lakin işçilər tərəfindən sakitləşdirilərək evinə göndərilmişdir. İçkili olduğu üçün nəzərə alınıb şikayət edilməmişdir. 19 dekabr 2025-ci il tarixdə saat 13 radələrində məktəbdə olarkən Fəridin məktəbə gəldiyini görmüşlər. Fərid məktəbə gələrək nalayiq ifadələr ilə onları məktəbin rəhbərliyin söyüb təhqir etməyə başlamışdır. O və digər işçilər Fəridə sakit olmasını, dərs zamanı olduğu üçün uşaqların onun səsindən qorxduğunu və dəhlizə çıxdığını demişlər. Lakin Fərid onlara məhəl qoymaraq əməlinə davam etmişdir. Onlar Fəridin içkili olduğunu görmüşlər. Həmin vaxt Fəridin yoldaşı Şahid1 da məktəbdə idi. Onlar Fəridin evinə getməsini desələr də Fərid onları təhqir edərək məktəbə daxil olmağa çalışırdı. Onlar Fəridin yoldaşı Əfsanəni bayıra çıxaraq Fəridi aparmasını desə də, Əfsanə Fəridin onu döydüyünü, buna görə bağıra çıxmağa qorxduğunu demişdir. Onlar Fəridi sakitləşdirib evinə göndərmişlər. Onun istirahət vaxtı olduğu üçün evinə getmişdir. Saat təminən 14 radələrində istirahət vaxtı bitdiyi üçün o məktəbə işinə qayıtmışdır. Məktəbdə də Fəridin yenidən məktəbə gəldiyini və azyaşlı uşağını özü ilə apardığını öyrənmişdir. Həmin gün saat təxminən 15 radələrində Fərid təkrar məktəbə gələrək direktorun ünvanına nalayiq ifadələr ilə söyüşlər söyüb ona bayıra çıxmasını deyirdi. Onlar ona direktorun məktəbdə olmadığını demişlər. Fərid də bir az direktorun ünvanına söyüşlər söydükdən sonra getdi. Saat 16 radələrində direktor Şahid4 məktəbə gəlmişdir. Fərid də direktorun məktəbə gəldiyini gördüyü üçün məktəbə gəlib yenə direktorun ünvanına nalayiq ifadələr ilə söyüşlər söyməyə başlamışdər. Onlar nə qədər çalışsa da, Fəridi sakitləşdirə bilməmişlər. Direktor şikayət etdiyini deyərək məktəbi tərk etdi, onlar da Fəridə artıq direktorun getdiyini, onun da evinə getməsini demişlər. Lakin Fərid bizə məhəl qoymayaraq yenə direktorun və onların ünvanına söyüşlər söyməyə başlamış və məktəbi tərk etməyəcəyini demişdir. O, ona içkili olduğunu daha sonra gəlməsini demişdir. Bu zaman Fərid ona nalayiq ifadə ilə təhqir edərək üzərinə gəlməyə başlamışdır. Onun onu vurmasından qorxduğu üçün əlindəki vedrə də olan suyu Fəridin üzərinə tökmüşdür, Fərid də yumruqla sol qaşının üzərinə bir dəfə vurmuşdur. Zərbənin nəticəsində o, yerə yıxılmışdır, qaşı partlamış və huşunu mişdir Ayıldıqda xəstəxanada olduğumu görmüşdür. Zərəçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir vaxt bağışlamayacağını bildirib ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır.2013-cü ilin avqust ayında Fərid ilə ailə həyatı qurmuşlar. Həmin nikahdan 3 övladları dünyaya gəlmişdir. O, Fəridin 19 dekabr 2024-saat təxminən 16:00 radələrində məktəbə gedərək məktəbin direktoru ilə görüşmək istədiyini deyərək onun ünvanına nalayiq ifadələr işlətdiyini və xadimə Gülnazı vurdugunu eşitdim, Gülnazında şikayət etdiyi üçün polis əməkdaşlarının Fəridi apardıqlarını eşitdim. O, Fəridin Gülnazın vurmasını görməmiş, sadəcə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü il tarixdən Neftçala rayonu, Xıllı qəsəbəsi,F.Quliyev adına 2 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində işləyir.onların məktəbdə Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs 3 övladı təhsil alır. 19 dekabr 2024-cü il tarixdə saat 13 radələrində işdə olduğu vaxt məktəbin həyətində kiminsə ucadan nalayiq ifadələr ilə direktorun ünvanına və məktəbdə işləyən şəxslərin ünvanına söyüşlər işlətdiyini eşitmişdir. Buna görə məktəbin qapsının ağzına çıxmışdır. Fəridin məktəbin qarşısında dayanıb övladını aparmaq istədiyini, lakin dərs bitmədyi üçün həmçinin Fəridin içkili olduğunu hiss etdikləriüçün müəlliməsinin uşağı Fəridə vermək istəmədiyini görmüşlər. Fərid də ucadan nalayiq söyüşlər söyüb direktoru və bizi təhqir edirdi. O da təhqiramiz ifadələri eşitməmək üçün öz iş yerinə qayıtmışdır. Müəllimin Fəridin yoldaşı ilə danışdıqdan sonra övladını aparmasına icazə verdiyini, Fəridin də övladı ilə birlikdə getdiyini öyrənmişdir. Həmin gün saat təxminən 15 radələrində Fərid yenə məktəbə gəldi və yenə təhqiramiz ifadələr işlətməyə başlamışdır. Onlar onu sakitləşdirməyə çalışsalar da, o, heç kimə məhəl qoymayaraq direktorun gəlməsini tələb edirdi. Fərid bir qədər nalayiq ifadələr ilə söyüşlər söyüb direktoru tələb etsə də, direktorun məktəbdə olmadığını bildikdən sonra getmişdir. Saat təxminən 16 radələrində direktor Şahid4 məktəbə gəlmişdir. Fərid də direktorun avtomobilini görüb yenə məktəbə gəlmişdir. Yenə direktorun ünvanına nalayiq ifadələr işlədib çölə çıxmasını tələb etmişdir. Direktor da bayıra çıxaraq Fəriddən nə istədiyini soruşmuşdur. Fərid içkili olduğu üçün konkret nə istədiyini deyə bilməmişdir. Direktor Şahid4 onlara Fərid ilə heç bir işləri olmamasını, polis şöbəsinə getdiyini demişdir.Direktor getdikdən sonra Fərid yenə öz əməllərini davam etdirirdi. Buna görə məktəbdə texniki işçi olan Zərərçəkmiş şəxs Fəridə direktorun məktəbdə olmadığını, getməsini dedi. Fərid də Gülnazın ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etdi. Gülnaz da əlində olan vedrədəki suyu Fəridin üzərinə boşaltdı. Bundan sonra Gülnazın qaşından qan axdığını gördülər. Fərid Gülnazın qaşının qanadığını görüb getmişdir. Şahid7 direktora zəng edərək təcili yardıma məlumat verməsini dedi. Bir qədər sonra təcili yardım və polis əməkdaşları məktəbə gəldilər. Onlar təcili yardım ilə Gülnazı xəstəxanaya göndərmişlər. Polis əməkdaları da Fəridi polis şöbəsinə aparmışlar. Sədrlik edən sualına cavab olaraq Şahid2 bildirmişdir ki, hadisə olan zaman məktəbdə şagirdlər olmamışdır. Fəridin Gülnazı vurduğunu görməmiş, ancaq arxaya çönəndə Gülnazın qaşından qan axdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2023cü l tarixdən Neftçala rayonu, Xıllı qəsəbəsi,F.Quliyev adına 2 nömrəli tam orta məktəbdə karguzar vəzifəsində çalışır. Məktəbdə Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs 3 övladı təhsil alır. 19 dekabr 2024-cü il tarixdə saat 13 radələrində işdə olduğum vaxt məktəbin həyətində kiminsə ucadan nalayiq ifadələr ilə direktorun ünvanına və məktəbdə işləyən şəxslərin ünvanına söyüşlər işlətdiyini eşitmişdir. Buna görə məktəbin qapsının ağzına çıxmışdır. Fəridin məktəbin qarşısında dayanıb 3-cü sinifdə təhsil alan oğlunu aparmaq istədiyini, lakin dərs bitmədiyi üçün həmçinin Fəridin içkili olduğunu hiss etdikləri üçün müəlliməsinin uşağı Fəridə vermək istəmədiyini görmüşdür. Fərid də ucadan nalayiq söyüşlər söyüb direktoru və onları təhqir edirdi. O da təhqiramiz ifadələri eşitməmək üçün öz iş yerimə qayıtmışdır. Müəllimin Fəridin yoldaşı ilə danışdıqdan sonra övladını aparmasına icazə verdiyini, Fəridin də övladı ilə birlikdə getdiyini öyrənmişdir. Həmin gün saat təxminən 15 radələrində Fərid yenə məktəbə gəlmişdir və yenə təhqiramiz ifadələr işlətməyə başlamışdır. Onlar onu sakitləşdirməyə çalışsa da, o, heç kimə məhəl qoymayaraq direktorun gəlməsini tələb edirdi. Fərid bir qədər nalayiq ifadələr ilə söyüşlər söyüb direktoru tələb etsə də, direktorun məktəbdə olmadığını bildikdən sonra getdi. O da öznü narahat hiss etdiyi üçün Şahid7 icazə alaraq evinə getmişdir. Səhəri gün işə gəldikdə Fəridin saat 16 radələrində yenidən məktəbə qayıtdığını məktəbdə xadimə işləyən Zərərçəkmiş şəxs vurduğunu, buna görə də polislər Fəridi apardıqlrını öyrənmişdir. O, Fəridin Gülnazı vurmasını görməmiş, səhərisi gün eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2004cü l tarixdən Neftçala rayonu, Xıllı qəsəbəsi,F.Quliyev adına 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Məktəbdə Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs 3 övladı, X5 4-cü sinifdə, X7 3-cü sinifdə və azyaşlı qızı isə 1-ci sinifdə təhsil alırlar. Fəridin qızı isə onun sinfində təhsil alır. 19 dekabr 2024-cü il tarixdə saat təxminən 12 radələrində dəsr bitdikdən sonra Fəridin yoldaş Əfsanə məktəbə gələrək azyaşlı qızı Nahidəni onu sinfindən götürüb apardı Həmin gün saat təxminən 15 radələrində 5 yaşlı uşaqlara hazırlıq keçdiyi vaxt məktəbin həyətində və dəhlizində kiminsə ucadan qışqıraraq anlaşılmaz sözlər dediyini eşitmiş, həmin səsdən uşaqlar qorxduğu üçün o sinifdən bayıra çıxmamışdır. Dərs bitdikdən sonra bayıra çıxdıqda Fəridin məktəbə gələrək ucadan nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü və getdiyini dedilər. Dərs bitdiyi üçün o, evinə getmişdir. Səhəri gün işə gəldikdə Fəridin yenidən məktəbə qayıtdığını məktəbdə xadimə işləyən Zərərçəkmiş şəxs vurduğunu öyrənmişdir. O, Fəridin vurmasını görməmiş, səhərisi gün eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, O, 2016-cı il tarixdən Neftçala rayonu, Xıllı qəsəbəsi,F.Quliyev adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.Məktəbdə Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs 3 övladı, X5 4-cü sinifdə, X7 3-cü sinifdə və azyaşlı qızı isə 1-ci sinifdə təhsil alırlar.Fərid də övladlarını görmək üçün məktəbə gəlir və məktəbdə dərs fəaliyyətinə mane olur. Fərid dəfələrlə içkili halda məktəbə gəlib nalayiq ifadələr ilə onları söyüb təhqir edirdi. Lakin o, şikayət etməmişdir. 19 dekabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı kənddə yaxın qohumunun dəfn mərasimində olduğu vaxt bir neçə müəllim ona zəng edərək Fəridin yenə məktəbə gəlib onu soruşduğunu və arxasıyca nalayiq ifadələr işlədərək onu söyüb təhqir etdiyini dedilər. O da yas mərasimini yarıda qoyub məktəbə qayıtmışdır. Saat təxminən 16 radələrində məktəbə çatmışdır. Ondan bir qədər sonra sonra Fərid məktəbə gəlmişdir. O, Fəriddən nə istədiyini soruşmuşdur. Fərid ona konkret nə istədiyini deyə bilməyərək, sadəcə nalayiq ifadələrlə söyüş söyürdü. O, Fəridin içkili olduğunu hiss etmişdir. Buna görə Fəridə evinə getməsini demişdir. Fərid onun sözlərinə məhəl qoymadığını gördüyü üçün polis şöbəsinə gəlib şikayət etmək qərarına gəlmişdir. Orada olan işçilərə Fərid işlərinin olmamasını deyərək Neftçala Rayon Polis Şöbəsinə gəlib şikayət ərizəsi yazmışdır. Polis Şöbəsində olduğu vaxt ona Fəridin məktəbdə xadimə işləyən Zərərçəkmiş şəxs vurduğunu dedilər. Bundan sonra polis əməkdaşları məktəbə gəldilər. O da təcili yardıma zəng edərək məktəbə gəlmələrini bildirmişlər. Polis əməkdaşları Fəridi polis şöbəsinə apardıqlarını eşitmişdir. Sədrlik edənin sualına cavab olaraq Şahid4 bildirmişdir ki, Fəridin Gülnazı vurmasını görməmiş, eşitmişdir. Məktəbdə dərslər saat 13.45-də bitir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə şahidlər Şahid3, Şahid6 və Şahid7 məhkəmə iclaslarına gəlməmişlər. Şahidlər Şahid3, Şahid6 və Şahid7 xx.xx.2025-ci il tarixddə məhkəməyə teleqram ünvanlayarq istintaqda verdikləri ifadəni təsdiq etdiklərini və səhhətləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid3, Şahid6 və Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, istintaqda məhkəmə iclasında iştirak edən şahidlərlə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2024-cü il tarixli, 261 saylı rəydən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sol qaşüstü nahiyənin yarası, sol göz orbitasının qançırı, küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir.(iş.vər.:17) iş materiallarında olan 30 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqından protokoldan müəyyən edilir ki, hadisə yeri Neftçala rayonu Xıllı qəsəbəsində yerləşən 2 saylı F.Quliyev adına orta məktəbin 1-ci mərtəbəsinin dəhlizidir.(iş.vər.:38-39) iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir.(iş.vər.:131-132) iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ələbnamədən görünür ki, Bağırov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3. 194.1. 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş. xx.xx.2021-ci il tarixdə Neftçala rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir.(iş.vər.:74-77) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı,zərərçəkmiş şəxsin, şahid ifadəsi, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hüquqi məsələlər: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətləri, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləri törətməsi, həmçinin cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, yəni ictimai qaydanın kobud surətdə pozulmasına, ətrafdakı şəxslərin, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlər törətməsi iş üzrə toplanmış kifayət qədər sübutlar əsasında öz təsdiqini tapmışdır. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş verməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: iş materiallarında olan Neftçala rayonu Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(iş.vər.:79) təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan 3 (üç) övladı vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Neftçala rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 4 (dörd) saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 44 (qırx dörd) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Salyan rayon filialı, kod 805885, VÖEN **********, m/h AZ03NABZ**********0000002944, S.W.İ.F.T. İBAZAZ2X, hesab AZ74İBAZ********************, VÖEN: **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar