Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-38/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 1(053)-92/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş cəzası 01 (bir) il azaldılmış, cəza müddəti 16 noyabr 2022-ci il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş, 29–31 yanvar 2023-cü il tarixləri üzrə tutulmuş, Neftçala Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcirxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,912 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 29 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol içəri cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,912 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Bankǝ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. O, cavan yaşlarından narkotik vasitələrdən arabir olanda istifadə edir. Təxminən 2022-ci ilin dekabr ayının əvvəlindən Bakı şəhərinə gedib müxtəlif işlərdə fəhləlik edib qohumlarının evində qalmışdır. 27 yanvar 2023-cü il tarixdə o, Bakı şəhərindən evlərinə gəlmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki dayanacağa gəlib taksi gözləmişdir. Həmin vaxt yaxınlıqda yerdə sellofan büküm diqqətini cəlb etmişdir. Həmin sellofan bükümü gizlincə götürüb baxdıqda içərisində narkotik vasitə olan heroini görmüşdür. Daha sonra həmin sellofanda olan heroini şəxsi istifadəsi üçün əynindəki gödəkçəsinin sol içəri cibinə qoymuşdur. Lakin hələki istifadə etməmişdir. Daha sonra Neftçala rayonu, Bankə qəsəbəsinə evə gəlmişdir. 29 yanvar 2023-cü il tarixdə, saat təxminən 12:30-da Neftçala rayonu, Bankə qəsəbəsində parkda dayanmış və həmin sellofanda olan heroin əynindəki gödəkçənin sol içəri cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nǝ aparacaqlarını bildirərək onu avtomobilə əyləşdirmişlər. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüququ və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçion iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan gödəkçəsinin sol içəri cibində sellofanda olan narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış eyni zamanda verməmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Neftçala RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. Hadisə ilə əlaqədar qeyd edir ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs Bǝybala oğlunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 29 yanvar 2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bǝybala oğlu Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində tərəflərindən saxlanılmışdır. Həmin vaxt o, polis şöbəsinə gətirilmiş, şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs Bǝybala oğlu tutulmuş, hüquq və vəzifələri izah edilməklə ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin növbətçi hissəsində onların və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs Bǝybala oğluna şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bǝybala oğlu əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bǝybala oğlunun təqdim etdiyi sellofan kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuş, həmin sellofan kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 30 yanvar 2023-cü il tarixli, 18/107 nömrəli məhkəmə-kimyəvi ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “.../imza var/Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,912 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. 06 mart 2023-cü il tarixli, 1281 nömrəli məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs Bǝybala oğlunun yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. 08 fevral 2023-cü il tarixli, PHŞ-6-63/2-117/2023 nömrəli məktubdan görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bǝybala oğlu “Neftçala RMX” PHŞ-də əsəb-ruhi, nevroloji dispenser qeydiyyatında yoxdur. 2008-ci ildən “Neftçala RMX” PHŞ-nin Polikilinikasında narkoloji dispanser kabinetində qeydiyyatdadır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə baxmayaraq, əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 1(053)-92/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 (iki) il 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş cəzası 01 (bir) il azaldılmış, cəza müddəti 16 noyabr 2022-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs məhkum olunduğu ittiham üzrə ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi nəzərə alına bilməz. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı digər hal da müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,862 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 yanvar 2023-cü il tarixindən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,862 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-38/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-38/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver