Məhkəmə qərarları › İş №1(053)-38/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-38/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-38/2025 23.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1997-ci ildə Neftçala rayonu, Sübh kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində Neftçala Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə əvvəli 01 fevral 2025-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1,056 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi çəkisi 2,89 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 01 fevral 2025-ci il tarixdə saat 17 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, 1-ci Mayak kəndi ərazisindən Sübh kəndinin ərazisinə gedən asfalt yolun kənarında yerləşən dayanacağın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 01 ədəd kibrit qutusunda olan 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,122 qram, 0,110 qram, 0,082 qram, 0,116 qram, 0,092 qram, 0,080 qram, 0,124 qram, 0,140 qram, 0,098 qram, 0,092 qram olmaqla, ümumi çəkisi 1,056 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd siqaret qutusunda olan 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,24 qram, 0,29 qram, 0,34 qram, 0,18 qram, 0,24 qram, 0,26 qram, 0,21 qram, 0,26 qram, 0,22 qram, 0,20 qram, 0,18 qram, 0,19 qram, 0,08 qram olmaqla, ümumi çəkisi 2,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu Sübh kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2016-cı ildə Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Həmin döyüşlərdə aldığı travmalar nəticəsində bədənində ağrıları olduğuna görə narkotik vasitə istifadə etməyə başlamışdır. Təxminən 2 il olar ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 2024-cü ilin sonlarında «Tik-Tok» sosial şəbəkəsində «ot şüşə patı» adlı səhifəyə daxil olmuş və həmin səhifənin mesaj bölməsinə yazaraq səhifəni işlədən şəxsin özünə məxsus olubolmadığını soruşmuşdur. Həmin şəxs də ona səhifənin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin şəxsin adını soruşmuş və həmin şəxs ona adının Bəhrami olduğunu, özünün də İran İslam Respublikasının vətəndaşı olduğunu demişdir. Bundan sonra Bəhrami ilə «WhatsApp» tətbiqi vasitəsi ilə yazışmağa başlamışlar. O, Bəhramidən narkotik vasitəsi olub-olmadığını soruşmuş, Bəhrami də ona narkotik vasitəsi olduğunu bildirmişdir. Bəhramiyə özü üçün narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin göndərməsini dedikdə Bəhrami ona 5 qram natkotik vasitə qurudulmuş marixuana və 0,036 qram psixotrop maddə metamfetamin göndərəcəyini, bunun müqabilində ona dediyi kart hesabına 100 manat pul köçürməli olduğunu bildirmişdir. O, da Bəhrami ilə razılaşmış və 100 manat pulu Bəhraminin ona dediyi, lakin hazırda xatırlamadığı kart hesabına köçürmüşdür. Bundan sonra Bəhrami onun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin qeydiyyatda olduğu «WhatsApp» tətbiqindən narkotik vasitəni qoyduğu yerin dəqiq ünvanını göstərən konum göndərmişdir. Həmin konuma əsasən Bakı şəhəri, Yasamal rayonuna getmiş və orada yerləşən «Araz» marketin arxasında daşın altında bükülmüş sellofanın olduğunu görmüşdür. Həmin bükülünü götürüb Neftçala rayonuna qayıtmışdır. Neftçala rayonunda təxminən bir həftə ərzində həmin narkotik vasitəni istifadə etmişdir. Sonra yenə Bəhramiyə özü üçün narkotik vasitə göndərməsini demişdir. 30 yanvar 2025-ci il tarixdə Bəhrami ona «WhatsApp» tətbiqindən yazaraq yenə Bakı şəhəri, Yasamal rayonu ərazisinə 5 qram narkotik vasitə qurudulmuş marixuana və 1 qram psixotrop maddə metamfetamin qoyacağını demiş və bunun müqabilində 150 manat pul köçürməli olduğunu bildirmişdir. Bəhrami ilə razılaşmış və 150 manat pulu Bəhraminin ona dediyi kart hesabına köçürmüşdür. Bəhrami də «WhatsApp» tətbiqi vasitəsilə ona narkotik vasitənin qoyulduğu yerin dəqiq ünvanını göstərən konum göndərmişdir. Həmin konum vasitəsilə yenə Bakı şəhəri, Yasamal rayonuna getmiş və orada yerləşən «Araz» marketin arxasında düzülmüş 03 ədəd daşlardan birincinin altında sellofan bükülünün qoyulduğunu görmüşdür. Həmin narkotik vasitəni götürüb geri qayıtmışdır. Bakıda atasının yaşadığı evə gəldikdən sonra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş və həmin narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini yenidən istifadə etmək üçün evdəki ayaqyoluya daxil olmuş və orada az miqdarda hissələrə ayırıb sellofan və salfet bükümlərinə yığmışdır. 01 fevral 2025-ci il tarixdə saat 17.00 radələrində Neftçala rayonu, Mayak kəndi ərazisində piyada evinə getdiyi zaman 3 nəfər mülki geyimli şəxs videoçəkilişlə ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmiş və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O, da üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu demiş və əynində olan gödəkcənin sağ yan cibindəki 01 ədəd siqaret qutusunu və 01 ədəd kibrit qutusunu polislərə təqdim etmişdir. Polis əməkdaşları ondan həmin kütlələri hansı məqsədlə üzərində saxladığını soruşmuş, o da istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən bir ədəd «Arqo» markalı siqaret qutusu aşkar edilmişdir. Üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütlələri qablaşdırdıqdan sonra protokol tərtib edilməsi üçün polis şöbəsinə getmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlələrin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuşdur. O, da həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, istifadə etmək üçün üzərində saxladığını və heç kimə satmadığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin içi boş kağız zərfdə qablaşdırılmış və zərflər üçün «203» saylı möhürlə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Siqaret isə ona geri qaytarılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək polis əməkdaşları, müdafiəçi və özü narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokola imza etmişdir. Onun həmin narkotik vasitələri bükümlərə bölməkdə məqsədi rahat istifadə etmək olmuşdur. Göstərilənlərə əsasən özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Lakin etiraf edir ki, narkotik istifadəçisidir. Məhkəmədən barəsində ədalətli qərar qəbul etməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2025-ci il tarixdə Neftçala rayonu, Sübh kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və alınmış icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 01 fevral 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, 1-ci Mayak kəndi ərazisində piyada hərəkət edən zaman görərək videoçəkiliş vasitəsilə saxlamışlar. Şahmara özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd üzərində «LD» yazılmış siqaret qutusunu və bir ədəd kibrit qutusunu təqdim edərək içərilərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusuna baxdıqda içərisində 13 ədəd salfet bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, kibrit qutusunda isə 10 ədəd kağız bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən 01 ədəd üzərində «Arqo» yazılmış siqaret qutusu aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və psixotrop maddə metamfetaminə bənzər kütlələr kağız zərfdə qablaşdırılaraq «203» saylı möhürlə möhürlənmiş üzərində «Arqo» yazılmış 01 ədəd siqaret qutusu Şahmarın özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və müdafiəçi Seymur Abdullayevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütlələrə baxış keçirilmişdir. Aşkar olunmuş bükümlər açılıb baxıldıqda içində marixuanaya və metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmış və möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 02 fevral 2025-ci il tarixli 18/84 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən.. marixuanaya oxşar.» sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,24 qr, 0,29 qr, 0,34 qr, 0,18 qr, 0,24 qr, 0,26 qr, 0,21 qr, 0,26 qr, 0,22 qr, 0,20 qr, 0,18 qr, 0,19 qr, 0,08 qr, ümumi çəkisi – 2,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 02 fevral 2025-ci il tarixli 18/85 nömrəli digər ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...metamfetaminə oxşar..» sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,122 qr, 0,110 qr, 0,082 qr, 0,116 qr, 0,092 qr, 0,080 qr, 0,124 qr, 0,140 qr, 0,098 qr, 0,092 qr, ümumi çəkisi – 1,056 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir». 04 fevral 2025-ci il tarixli 562 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı həmçinin aşağıdakıları qeyd edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Yuxarıda qeyd olunan ekspert rəyindən və işin s. faktik hallarından görünür ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ümumi miqdarı çox olmadığına baxmayaraq, onlar hər biri bir dəfəyə istifadə olunması üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərə qablaşdırılmışlar (ümumilikdə 23 büküm). Təbiidir ki, təqsirləndirilən şəxs qeyd olunan bükümlərdəki metamfetamini və marixuananı bir dəfəyə istifadə edə bilməzdi. Təqsirləndirilən şəxsin özünün etirafından da görünür ki, o, narkotik vasitə və psixotrop maddəni kütlə şəklində aldığına baxmayaraq, xırda, yəni hərəsi bir dəfəyə istifadə olunması üçün nəzərdə tutulan bükümlərə ayırmışdır. O, həmçinin bildirir ki, bu bükümlərdən gündə birini və ya ikisini istifadə edə bilir. Yəni günə bir və ya iki büküm onun şəxsi istifadəsi üçün kifayətdir. Belə olan halda təqsirləndirilən şəxsin 23 bükümün hamısını gün ərzində istifadə edə bilməyəcəyi, habelə hamısı birlikdə üzərindən aşkar olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağını bildiyi bir halda üstündə gəzdirməsi onun həmin bükümləri satmaq niyyətindən xəbər verir (məsələn, təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti olmasaydı, o, həmin vasitələrin gün ərzində istifadə edə biləcəyi miqdarını üzərində saxlayıb, qalanını gizlədə bilərdi ki, üzərindən aşkar olunması ehtimalı olan kütlə az miqdarda olsun). İş üzrə yekun qənaətə gələrkən məhkəmə müvafiq maddələrin növ fərqliliyini də nəzərə alır (ekspert rəyindən təqsirləndirilən şəxsin müvafiq maddələrin yalnız bir növündən asılılığının olduğu göründüyünə baxmayaraq, ondan iki fərqli növdə maddə (narkotik vasitə və psixotrop maddə) aşkar olunub). Beləliklə, yuxarıda göstərilənləri və işin s. faktik hallarını məcmu şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi sübuta yetirilmiş sayılmalıdır. Onun ifadələri isə işin real hallarını gizlətməklə və təhrif etməklə daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, peşman olduğunu, özünün müharibə veteranı olmaqla “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunduğunu, həmçinin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,63 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və qalıq çəkisi 0,656 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 01 fevral 2025-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,63 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və qalıq çəkisi 0,656 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyərini təşkil edən 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar