Məhkəmə qərarları › İş №1(053)-39/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-39/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-39/2025 23.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2 üzrə İdarənin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olmaqla orada yaşayan, 06 iyun 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 20 radələrində Neftçala rayonu, Aşağı Surra kəndində qohumu Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında - küçədə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifətinə zərbələr vuraraq ona sol qaşüstü nahiyənin yarası, sol göz orbitasının qançırı və ağız boşluğunun selikli qişasında qansızma ilə nətciələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işi materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə tövsif olunmuşdur. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək, verdiyi ifadəsində bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Əhmədov Şahin onun doğma əmisi oğludur və Zərərçəkmiş şəxs da onun oğludur. Onlarla yaxşı və səmimi münasibəti var. Heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. 08 dekabr 2024-cü il tarixdə axşam radələrində onun oğlu Tərlanla əmisi nəvəsi Əlizaminin mübahisə etdiklərini eşitmişdir. Əvvəl evdə öz oğlu Tərlanı tənbeh etmiş və niyə belə iş gördüyünü ondan soruşmuşdur. Kənd içində biabır-rüsvay olduqlarını ona demişdir. Daha sonra isə həmin gün axşam saat təxminən 20 radələrində oğlu Tərlanı da götürüb Əlizaminin yaşadığı evə getmişdir. Məqsədi hər iki uşağı eyni vaxtda öz iştirakları ilə tənbeh edib başa salmaqla izah etmək olmuşdur. Əlizamini evlərindən bayıra yəni, küçəyə çağırmışdır. Onunla sakit qaydada söhbət edərək onu başa salmağa çalışsada görmüşdür ki, Əlizamin heç ona qulaq asmır, ağız-burnunu o tərəf, bu tərəfə əyərək bir böyük kimi onu saymır. O da Əlizaminin bu cür rəftarından heç xoşlanmamış və bu hadisəyə çox əsəbləşmişdir ki, Əlizaminin atası Şahindən də yaşda böyükdür. Sağ əli ilə Əlizaminə bir neçə dəfə dalbadal sillə vurmuşdur. Zərbələrin təsirindən Əlizamin əvvəl yerə yıxılmış və daha sonra isə tez ayağa qalxaraq yaşadığı evin həyətinə girərək oradan bayıra çıxmamışdır. O da oğlu Tərlanla birlikdə piyada yaşadıqları evə qayıtmışlar. Baş vermiş hadisədən bir neçə gün sonra eşitmişdir ki, Əlizamin Neftçala RPŞ-nə gedərək onun barəsində rəsmi qaydada müraciət edərək ərizə vermişdir. Hadisə zamanı orada o, oğlu Tərlan və əmisi nəvəsi Əlizamin olmuş, onlardan başqa hadisə yerində heç kim olmamışdır. Hadisə təxminən 10 dəqiqə ərzində baş verib bitmişdir. Hadisə zamanı o, tam ayıq vəziyyətdə olmuş və heç bir sərxoşluğu olmamışdır. Hadisə zamanı heç kim onu vurub doymədiyi üçün heç bir bədən xəsarəti almamışdır. Əməlindən peşimandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Əhmədov X3 verdiyi ifadəsində bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Təqsirləndirilən şəxs onun atası Şahin Əhmədovun doğma əmisi oğludur və Şahid da onun oğludur. Onlarla yaxşı və səmimi münasibəti var. Heç vaxt aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 08 dekabr 2024-cü il tarixdə axşam radələrində o, axşam saat təxminən 19:30-da kənddəki mağazanın yaxınlığında Tərlanla təsadüfən rastlaşmış və orada aralarında xırda mübahisə, yəni, ağızlaşma olmuşdur. Həmin vaxt o, Tərlanın sərxoş olduğunu ondan gələn qoxudan anladığı üçün mübahisəni böyütməmiş və oradan piyada uzaqlaşaraq getmişdir. Amma Tərlana demişdir ki, ayılsın bundan sonra onunla təklikdə rahat danışacaq. Daha sonra kənddəki yaşadığı evə gəlmişdir. Həmin gün axşam saat təxminən 20 radələrində kənddəki yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs onu küçə qapısında çağırdığını eşitmişdir. Tək onun yanına getmiş və Mirtalıbın da yanında oğlu Şahid olduğunu görmüşdür. Mirtalıb onunla mübahisə etməyə və dalaşmağa başlamışdır. Bundan sonra Mirtalıb ani olaraq onu sillə və yumruqla sifətinə bir neçə zərbə vurmuşdur. Zərbələrin təsirindən o, yerə yıxılmış və mobil telefonu da hadisə yerində düşüb qalmışdır. Bundan sonra tez qaça-qaça yaşadığı evin həyətyanı sahəsinə girib orada gizlənmişdir. Mirtalıb və onun oğlu küçə qapısında dayanmış və onun barəsində söhbət etmişlər. Təxminən 5-10 dəqiqədən sonra onlar hadisə yerindən uzaqlaşıb gedəndən sonra o, küçəyə çıxmış və yerdə düşüb qalmış telefonunu götürmüşdür. Baş vermiş hadisə barədə əvvəl hüquq-mühafizə orqanlarına məlumat vermək istəməmişdir. Atasının əmisi oğlu olduğu üçün üzrxahlıq gözləmiş, lakin bunun baş verməyəcəyini anladığı üçün 09 dekabr 2024-cü il tarixdə atası Şahin Əhmədov DİN- in “102” xidmətinə zəng edərək şifahi qaydada məlumat vermiş və daha sonra da o Neftçala RPŞ-nə gələrək rəsmi ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı orada o, Mirtalıb və onun oğlu Tərlan olmuş, hadisə yerində başqa heç kim olmamışdır. Hadisə təxminən 10 dəqiqə ərzində baş vermiş və bitmişdir. Hadisə zamanı tam ayıq vəziyyətdə olmuş və heç bir sərxoşluğu olmamışdır. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq olmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını, təqsirləndirilən şəxsə cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Əhmədov Şahin onun atası Təqsirləndirilən şəxs doğma əmisi oğludur və Zərərçəkmiş şəxs da onun oğludur. Onlarla yaxşı və səmimi münasibəti var. Heç vaxt aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 08 dekabr 2024-cü il tarixdə axşam saat təxminən 19:30-da kənddəki mağazanın yaxınlığında Əlizaminlə təsadüfən rastlaşmış və orada aralarında xırda mübahisə, yəni, ağızlaşma olmuşdur. Daha sonra evə gəlmiş və baş verən hadisə barədə atası Təqsirləndirilən şəxs bildirmişdir. Əvvəl evdə atası onu tənbeh edib və niyə belə iş gördüyünü ondan soruşub. Kənd caamatı arasında biabır-rüsvay olacaqlarını ona deyib. Daha sonra isə həmin gün axşam saat təxminən 20 radələrində onu da götürüb birlikdə Əlizaminin yaşadığı evə gediblər. Atasının məqsədi hər ikisini yəni, həm onu və həmdə ki, Əlizamini eyni vaxtda tənbeh edib, başa salmaqla izah etmək olub. Əlizamini evlərindən bayıra yəni, küçəyə çağırıblar. Atası onunla sakit qaydada söhbət edərək onu başa salmağa çalışsada görüb ki, Əlizamin heç ona qulaq asmır, ağız-burnunu o tərəf, bu tərəfə əyərək bir böyük kimi onu saymır. Atası da onun bu cür rəftarından heç xoşlanmayıb və bu hadisəyə çox əsəbləşib. Atası Əlizaminin atası Şahindən də yaşda böyük olduğunu xatırladıb. Sağ əli ilə Əlizaminə bir neçə dəfə dalbadal sillə vurub. Zərbələrin təsirindən Əlizamin əvvəl yerə yıxılıb və daha sonra isə tez ayağa qalxaraq yaşadığı evin həyətinə qaçıb girərək oradan bayıra çıxmayıb. Bundan sonra o və atası Mirtalıb birlikdə piyada yaşadıqları evə qayıdıblar. Baş vermiş hadisədən bir neçə gün sonra eşidib ki, Əlizamin Neftçala RPŞ-nə gedərək atası Mirtalıbın barəsində rəsmi qaydada müraciət edərək ərizə verib. Hadisə zamanı orada o, atası Mirtalıb və qohumları Əlizamin olublar. Onlardan başqa hadisə yerində heç kim olmamışdır. Hadisə təxminən 10 dəqiqə ərzində baş verib və bitib. Hadisə zamanı tam ayıq vəziyyətdə olub və heç bir sərxoşluğu da olmamışdır. Hadisə zamanı heç kim onu vurub döymədiyi üçün o heç bir bədən xəsarəti də almamışdır. O, özü də heç kimi, vurmamış, döyməmiş və heç kimə də heç bir bədən xəsarəti yetirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsi və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2024-cü il tarixli, 253 saylı rəydən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Sol qaşüstü nahiyənin yarası, sol göz orbitasının qançırı, ağız boşluğunun selikli qişasında qansızma küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir.(iş.vər.:10) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(053)-42/2015 saylı hökmündən müəyyən edilir ki, Azərbaycan Respublikası CMnin 83-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. (iş vər.: 63-68; 49-58) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmuş, bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən hallar, həmçinin cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işi materiallarından müəyyən edilir ki,təqsirləndirilən şəxs Əhmədov X1 RPŞnın İB-nın baş müstəntiqi İsmayıl Zeynalovun 05 iyun 2025-ci il tarixli qərarı ilə 05 iyun 2025-ci il tarixdə saat 17.00-da şübhəli şəxs qismində tutulmuş, Neftçala RPŞ-nın İB-nın baş müstəntiqi İsmayıl Zeynalovun 06 iyun 2025-ciil tarixli qərarı 06 iyun 2025-ci il tarixdə saat 15.00-da müvəqqəti saxlama yerindən həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2025-ci tarixdən 06 iyun 2025-ci tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 4 (dörd) saata görə 44(qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 4 saata görə 44 (qırx dörd) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar