Məhkəmə qərarları › İş №1(053)-4/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-4/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-4/2023 22.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Neftçala rayonu, Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-71/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 7(053)-36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarına əsasən göstərilən hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş (azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanır), hazırkı işlə əlaqədar 15 – 17 avqust 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşıyarkən 15 avqust 2022-ci il tarixdə saat 11.35 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Kürkənd kəndi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,812 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən bir müddət istifadə etmişdir. 14 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Salyan şəhərində tək piyada Neftçala rayonuna gedən avtomobillərin dayandığı yerə getmək üçün Salyan dairəsindəki dayanacağa gəlmişdir. Dayanacaqda gözləyərkən yerdə bir sellofan bükülü diqqətini cəlb etmişdir. Ona maraqlı gəldiyindən həmin bükülünü yerdən götürüb açmış və bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün metamfetamini dərhal tanıyıb cibinə qoymuşdur ki, sonra istifadə etsin. İçərisində metamfetamin olan sellofan bükümü üzərində saxlamışdır. 15 avqust 2022-ci il tarixdə saat 11.35 radələrində Neftçala rayonu, Kürkənd kəndində tək dayandığı zaman içərisində metamfetamin olan sellofan büküm əynindəki qara rəngli şalvarın sağ yan cibində olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üstündə qanunsuz psixotrop maddə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala RPŞ-nə aparacaqlarını demişlər. Bundan sonra onu avtomobilə əyləşdirib Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞ-də üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacağı bildirilmişdir. Bu zaman ona müdafiəçi barədə hüquqları izah olunmuş, o cümlədən müdafiəçi siyahısı təqdim edilmişdir. Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Sonra barəsində şübhəli şəxs kimi tutma qərarı tərtib olunmuşdur. Bütün bunlar videokamera ilə qeydə alınmışdır. Üstündə şəxsi axtarış keçiriləcəyi bildirilərək, ona üstündə psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, da artıq ifşa olunduğunu dərk edib üzərində psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı sellofan bükülüdə olan bir büküm metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşları üstündə şəxsi axtarış aparmışlar. Bu zaman üzərindən başqa heç bir xarakterli predmet aşkar olunmayıb. Əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı şəxsi axtarış zamanı aşkar edilmiş, sellofan bükümdə olan metamfetamin aşkar olunduğu sellofan bükülü ilə birlikdə kağız zərfə qoyulub möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola və psixotrop maddə qoyulan zərfə o, da imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçala RPŞ-nin X1 əməliyyat müvəkkili olmaqla polis baş leytenantıdır. Neftçala əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 15 avqust 2022-ci il tarixdə saat 11.35 radələrində Neftçala rayonu, Kürkənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Kürkənd kəndi ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində iştirak etmişdir. Həmin vaxt onunla birlikdə Neftçala RPŞ-nin Şahid2 və Şahid3 adlı əməkdaşları da iştirak etmişdir. X2 rəhbərliyi altında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd polietilen sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin psixotrop maddə metamfetaminə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nin “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin bir ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etdilər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddənin metamfetamin olduğunu, onu 14 avqust 2022-ci il tarixdə günorta saat 16 radələrində Salyan şəhərində Neftçala rayonuna gedən avtomobillərin dayanacağında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 15 avqust 2022-ci il tarixli 18/878 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0,812 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. 12 oktyabr 2022-ci il tarixli 5990 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını, həmçinin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hal müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunur ki, Bəşirov X3 Rayon Məhkəməsinin 1(053)- 71/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 7(053)- 36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarına əsasən göstərilən hökm üzrə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 7(053)-36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən "qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi" müzakirə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs hazırda Neftçala Rayon Məhkəməsinin 7(053)-36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkir. Təqsirləndirilən şəxsin əvvəlki cinayətlə bağlı hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilməli və başqa qətimkan tədbiri seçilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,762 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Neftçala Rayon Məhkəməsinin 7(053)-36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 – 17 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 dekabr 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Neftçala Rayon Məhkəməsinin 7(053)-36/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin və başqa qətimkan tədbiri seçilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,762 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar