Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-4/2024 17.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1977-ci il tarixdə Neftçala rayonu, Mürsəqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Mürsəqulu kəndində qeydiyyatda olan və orada yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 20 – 21 avqust 2023cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2023-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə, yaşadığı Neftçala rayonunun Mürsǝqulu kəndi ərazisində, şirin su kanalının yaxınlığında, böyürtkən kollarının arasındakı Neftçala rayon Xolqaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan örüş kateqoriyalı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 10 ədəd, xeyli miqdarda əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib, yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 20 avqust 2023-cü il tarixdə, saat 08 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əraziyə baxış keçirilən zaman orada 10 ǝdǝd, xeyli miqdarda narkotik tərkibli aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Mürsǝqulu kəndində ailəsi ilə birlikdə yaşayır. O, cavan yaşlarından arabir olanda narkotik vasitələrdən istifadə edir. O, təxminən 2023-cü ilin yanvar ayının əvvələrində Bakı şəhərində işləyib fəhləlik edəndə, tanımadığı bir şəxsdən qurudulmuş marixuana alıb çəkmişdir. Həmin vaxt qurudulmuş marixuananın toxumlarını özündə yığıb saxlamışdır. Daha sonra o, kəndə evə gələrkən toxumları özüylə gətirmişdir. O, çətənə toxumlarını əkmək qərarına gəlmişdir. Daha sonra o, 2023-cü ilin aprel ayının sonlarında, kənddə şirin su kanalının yaxınlığında xırdabuynuzlu heyvanlarını otararkən, kolluq ərazini aşkar etmiş və ətrafı təmizləyərək çətənə toxumlarını orada əkmişdir. Onun məqsədi qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərini özü becərmək, yarpaqlarından toplayıb özündə saxlayaraq tədarükünü yığmaq olmuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. Həmin sahə sıx kollarla əhatə olunduğu üçün heç kim əkdiyi çətənə bitkilərini görə bilməzdi. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamışdır. Həmin bitkilərə su verərək onları becərməyə başlamış və çətənə bitkilərinə qulluq etmişdir. O, demək olar ki, hər gün qeyd etdiyi yerə gedərək özüylə gətirdiyi vedrəylə kanaldan su daşıyaraq çətənə bitkilərinə su vermiş, onlar inkişaf etdikcə diblərini boşaltmış, peyin vermişdir. 20 avqust 2023-cü il tarixdə, saat təxminən 08 radələrində çətənə bitkilərinə baxmağa gedərkən həmin bitkiləri əkdiyi yerə çatmışdır ki, əraziyə polis əməkdaşları və bir neçə nəfər də mülki şəxs gəlmişdir. Həmin vaxt onu barəsində şübhəli kimi tutma qərarı qəbul edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Onu müdafiəçi ilə təmin edib, Müdafiəçi, orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman orada əkdiyi 10 (on) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə orada protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, yəni kiməsə narkotik vasitə satmamış, verməmişdir. Yol verdiyi əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Neftçala rayonu, Mürsǝqulu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkib - becərməsi haqqında Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Eyni zamanda əməliyyat-istintaq qrupunun yaradılması haqqında şöbə rəhbərliyi əmr vermişdir. Qəbul edilmiş qərara əsasən yaradılmış qrupun üzvləri və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 20 avqust 2023-cü il tarixdə, səhər saatlarında Neftçala rayonu, Mürsəqulu kəndi ərazisində, şirin su kanalının yaxınlığında, böyürtkən kollarının arasındakı ərazinin yaxınlığına getmişlər. Məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə baxmağa gələcək. Qrupun üzvləri olaraq bir neçə nəfər əməkdaş kolluq əraziyə daxil olaraq orada gözləməklə Təqsirləndirilən şəxs hadisə yerində yaxalamaq məqsədilə mövqe tutmuşlar. Saat təxminən 08 radələrində görmüşlər ki, bir nəfər kolluq ərazidə irəliləyir. Onlar şərti işarə verərək ərazinin yaxınlığında gözləyən polis yoldaşlarına xəbər verib, həmin şəxsi saxlamış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Polis əməkdaşları mütəxəssisin iştirakı ilə gəlmişlər. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Mənǝfov Taryel Mehman oğlu tutulmuş, hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi təyin edilmişdir. Bundan başqa baxışda iştirak edən mütəxəssisin hüquq və vəzifələri orada izah olunmuşdur. Daha sonra onlar, Müdafiəçi və aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkdiyi əraziyə videoçəkilişlə baxış keçirilmişlər. Həmin əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, orada tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis-ali təhsilli aqronom Alim Abdullayev bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləri olmaqla onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı qeyd olunan ərazidə 10 (on) ədəd çǝtənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 – 21 avqust 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2023-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. 20 avqust 2023-cü il tarixli, 18/828 nömrəli Məhkəmə bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş, üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs Neftçala rayonu Mürsəqulu kəndi ərazisində...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 10 ədəd yaş vəziyyətdə ümumi çəkisi-18000,0 qram olan bitki nümunələri əkilib - becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir”. 16 oktyabr 2023-cü il tarixli, 955 nömrəli Ekspert rəyində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür». “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X3 24 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Neftçala rayonu, Mürsəqulu kəndində qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin poliklinika şöbəsində narkoloji, nevroloji və əsəb-ruhi qeydiyyatlarında yoxdur. Neftçala rayonu, X1 185 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs çətənə bitkilərinin əkdiyi Neftçala rayonu, Mürsəqulu kəndində yerləşən ərazi Neftçala rayonu, X1 mülkiyətində olmaqla örüş kateqoriyalı, kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1. 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib və o, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1. 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17999 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 – 21 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 17 yanvar 2024-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17999 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-4/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-4/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver