Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-40/2023 11.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Ağsu rayonu, Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Çaparlı Ərazi Dairəsi, Ağabəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ondan ötrü ki, o, 26 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən 26-cı km-də sürücülük hüququ qüvvədə olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus "Kamaz 5410" markalı, 10-KR- 326 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri istiqamətindən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4cü hissəsinin tələblərinə riayət edərək sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda qanunun həmin maddəsinin tələblərini pozmuş, ehtiyyatsızlıqdan idarə etdiyi "Kamaz 5410" markalı, **- KR-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağında Zərərçəkmiş şəxs1 idarə etdiyi "Vaz 21102" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ bazu oynağının qançırı ilə müşayiət olunan sağlamlığa zǝrǝrvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 alın, burun və alt çənə nahiyəsinin sıyrıq və yaraları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sağ gicgah nahiyəsinin subdiral hematoması, alt çənənin yerdəyişmiş sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sol bud sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınıqları, sağ baldır sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sol incik sümüyünün başının yerdəyişməyən sınığı, sağ kürək sümüyünün qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almalarına və Zərərçəkmiş şəxs1 məxsus "Vaz 21102" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4809 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, ona elan edilmiş ittihamın mahiyyət və mənası ona aydındır, ailəsi ilə birlikdə Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla orada yaşayır. Özünə məxsus "Kamaz 5410" markalı,**-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. O, həmin avtomobillə müxtəlif şəxslərə və ya idarələrə məxsus yükləri daşımaqla dolanır. O, təxminən 2022-ci ilin noyabr ayının əvvəlindən Ağsu şəhərindən Neftçala rayonu, Bankə qəsəbəsinin yaxınlığında yerləşən sahəyə Kür çayı sahilinə bənd vurulması ilə əlaqədar çaydaşı daşıyır. 26 noyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində o, Salyan-Neftçala avtomobil yolunda Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşdur. Bu vaxt Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində keçəndə qarşısında qara rəngli, "BMW" markalı avtomobil getmişdir. Həmin avtomobil yolayrıcına çatanda birdən qarşıdan gələn "Vaz 21102" markalı avtomobili gözləmədən və hər hansı xəbəredici işığı yandırmadan sola, yəni qəsəbənin içərisinə gedən yola tərəfə dönmüşdür. Neftçala şəhəri tərəfdən gələn "Vaz 21102" markalı avtomobil əvvəl "BMW" markalı avtomobilə vurmamaq üçün onun yoluna keçmişdir. O da bu vaxt həmin avtomobili vurmamaq üçün "BMW" markalı avtomobilin arxasınca sükanı sola çəkib qarşı hərəkət hissəsinə çıxmışdır. O, təxminən 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt qarşıdan gələn "Vaz 21102" markalı avtomobil yenidən öz yoluna tərəf keçmiş və o, qarşı hissədə 3,5 metr məsafə qət etdikdən sonra sağ tərəfdən avtomobilinin orta təkərindən dəymişdir. O, bu vaxt bir qədər irəlidə saxlayıb dərhal avtomobildən düşmüşdür. Həmin avtomobildə bir neçə nəfər şəxs xəsarət almışdır. O və ətrafda olan qəsəbə camaatı köməkləşib həmin şəxsləri avtomobildən çıxarmış və yoldan keçən başqa bir avtomobillə xəstəxanaya yola salmışlar. O da gözləyib hadisə yerinə baxışda iştirak etmişdir. O, hadisədən sonra zərərçəkmiş şəxslərə kart hesabına göndərməklə 1000 manat məbləğində pul göndərmiş, həmçinin bundan başqa avtomobildə xəsarət almış Vüsalə xanımın qardaşı Vüsala müxtəlif vaxtlarda olmaqla 2800 manat pul vermişdir. Bundan sonra da onun qohumları yardımları davam etdirmək istəsə də, avtomobilin sürücüsü İxtiyar onlara qarşı qeyri səmimilik nümayiş etdirərək evlərindən qovmuşdur. Hadisədən əvvəl sərxoş deyilmiş, o, umumiyyətlə içki içmir. O, qeyd etdiyi kimi həmin avtomobil əvvəl onun yoluna çıxmışdır. O da həmin avtomobilin üstündən keçməmək üçün qarşı sol hərəkət hissəsinə çıxmışdır. Bu vaxt isə o, qarşı sol hərəkət hissəsinə çıxanda avomobil yenidən öz yoluna keçmiş və toqquşma baş vermişdir. O, həmin avtomobili vurmamaq üçün qarşı sol hərəkət hissəsinə çıxmışdır. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyətdə olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş zərəri tam ödədiyini, həmin şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. "Vaz 21102" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi var. 26 noyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində o, həmin avtomobillə həyat yoldaşı Vüsalə, övladları Tunar və Turalla “X4”na qohumlarının toyuna getmişlər. Bu vaxt Tunar öndə, digərləri arxada əyləşmişdir. Həmin vaxt Salyan-Neftçala avtomobil yolunda Salyan şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu vaxt döngəyə çatdıqda qarşı hərəkət hissəsində qara rəngli, "BMW" markalı avtomobil onun gəlib keçməyini gözləməli olduğu halda dönüb qəsəbənin içərisinə girmişdir. Bu vaxt həmin avtomobilin arxasınca "Kamaz" markalı bir avtomobil də gəlmişdir. Həmin avtomobil ona çatmağına təxminən 5 metr məsafə qalmış heç bir xəbərdaredici işığı yandırmadan birdən qarşısında həmin yola, yəni öz hərəkət istiqamətində sola dönmüşdür. O, bu vaxt sükanı qaçırmaq istəsə də öz yolunda həmin avtomobilin orta təkərindən dəymişdir. Bunun nəticəsində Turaldan başqa hamı xəsarət almışdır. Bu vaxt qəsəbə camaatı gəlib onlara kömək edərək avtomobildən çıxarmışdır. Bundan sonra hazırda xatırlamadığı bir avtomobillə onları xəstəxanaya yola salmışlar. "Vaz 21102" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq həyat yoldaşı Vüsalənin adına olsa da həmin avtomobili öz puluyla almış, faktiki olaraq ona məxsusdur. Avtomobilin yararsız hala düşməsi nəticəsində ziyan ona dəymişdir. Hadisədən əvvəl sərxoş deyilmiş, o, umumiyyətlə içki içmir. O, qeyd etdiyi kimi öz yoluyla gedəndə həmin avtomobil birdən qarşısında dönmüşdür. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyətdə olmuşdur. Avtoqəza nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 14 iyun 2023-cü il tarixə təyin olunmuş iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilərkən Zərərçəkmiş şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı Neftçala RİH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Neftçala şəhər Humanitar təmayüllü Muğan Liseyinin 7-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs1 onun atasıdır. Onlar 26 noyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində atasının idarə etdiyi "Vaz 21102" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası Vüsalə və qardaşı Tunarla “X4”na qohumlarının toyuna getmişlər. Bu vaxt Tunar öndə, o və anası isə arxada əyləşmişlər. Həmin vaxt yolda hərəkətdə olanda qarşılarına birdən "Kamaz" markalı bir avtomobil çıxmışdır. Bu vaxt onlar öz yollarında həmin avtomobilin təkərindən dəymişlər. Bunun nəticəsində ondan başqa avtomobildə olan hamı xəsarət almışdır. Bu vaxt qəsəbə camaatı gəlib onlara kömək edərək avtomobildən çıxarmışlar. Bundan sonra hazırda xatırlamadığı bir avtomobillə onları xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin və şahid ifadəsi, həmçinin özü, zərərçəkmiş şəxslər və şahidlər tərəfindən iş üzrə ibtidai araşdırma dövründə verilmiş izahat və ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 21 dekabr 2022-ci il tarixli, 256 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər - Alın, burun və alt çənə nahiyəsinin sıyrıq və yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir”. 21 dekabr 2022-ci il tarixli, 257 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarət - Sağ bazu oynağının qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. 21 dekabr 2022-ci il tarixli, 258 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər - Qapalı kəllə beyin travması. Baş beyin əzilməsi. Sağ gicgah nahiyəsində subdiral hematoması, alt çənənin yerdəyiş-miş sınığı, sağ bud sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sol bud sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığları, sağ baldır sümüyünün aşağı 1/3-nin çoxqəlpəli yerdəyişmiş sınığı, sol incik sümüyünün başının yerdəyişməyən sınığı, sağ kürək sümüyünün qəlpəli yerdəyişmiş sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir”. 21 dekabr 2022-ci il tarixli, 259 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “Azyaşlı Şahid məhkəmə tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 8/29 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur:
1. “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz 5410 markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77- maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəni tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”.
2. “İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-21102 markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur”. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 haqqında verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokollarında göstərilmişdir ki, onlar spirtli içki qəbul etməmişlər və ayıqdırlar. Neftçala şəhərində fəaliyyət göstərən X2 məxsus avtotəmir sexi tərəfindən təqdim olunmuş qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "Vaz 21102" markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə 4809 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ağsu rayonu, İHB-nin Çaparlı kənd İƏDÜN-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5- 34-16/2-3-105/2023 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olmaqla orada yaşayır. Yaşayış yerindən verilən xasiyyətnamədə müsbət xarakterizə olunur. Cinayət işinin 64-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 8/29 saylı məktubuna əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları, şahid ifadəsi, ekspert rəyi və təqsirləndirilən şəxsin etirafı ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəməyə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş 06 və 11 oktyabr 2023-cü il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmiş, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4 və 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmədə izahat verərək zərərçəkmiş şəxslərlə barışdığından, sonuncuların ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və sonunculara dəymiş ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5410” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanması üçün qanuni sahibi Təqsirləndirilən şəxs məsul saxlanışa verildiyindən onun sərəncamına qaytarılmış hesab olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384 və 385-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kamaz 5410” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanması üçün qanuni sahibi Təqsirləndirilən şəxs məsul saxlanışa verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim Samir Quliyev