Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-40/2025 30.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 08 – 10 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 10 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının sonlarında ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsində olan yarımtikilidə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 01 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 10 ədədini yetişdirərək kultivasiya etmiş, 08 iyun 2025-ci il tarixdə saat 23.00 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilən zaman evin həyətyanı sahəsində olan yarımtikilidən 01 ədəd dibçəkdə xeyli miqdarda, yəni 10 ədəd yaş vəziyyətə ümumi çəkisi 4,02 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir ay əvvəl şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərində olduğu vaxt bir nəfər tanımadığı şəxsdən narkotik vasitə qurudulmuş marixuana alıb siqaretə dolduraraq istifadə etmişdir. Həmin vaxt istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan qalan toxumları kağıza bükərək saxlamışdır. O, bir müddət sonra çətənə toxumlarını əkmək qərarına gəlmişdir. 2025-ci ilin may ayının sonlarında çətənə toxumlarını içərisinə torpaq doldurub evlərinin həyətində yerləşən yarımtikiliyə qoyduğu dibçəkdə əkmişdir. Onun məqsədi qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərini özü becərmək, yarpaqlarından toplayıb özündə saxlayaraq yığmaq olmuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. Həyətin həmin hissəsinə gəlib gedən olmadığı üçün heç kimin əkdiyi çətənə bitkilərini görmə ehtimalı olmamışdır. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamışdır. Həmin bitkilərə su verərək onları becərmiş və çətənə bitkilərinə qulluq etmişdir. 08 iyun 2025-ci il tarixdə saat 23 radələrində evdə olduğu vaxt həyət qapısından onu çağırmışlar. O, küçə qapısına getdikdə mülki geyimli şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik tərkibli bitki əkməsi barədə məlumatları olduqlarını bildirmişlər. O, heç bir etiraz etməyib polis əməkdaşlarını həyətə dəvət etmişdir. Daha sonra çətənə bitkiləri əkdiyini bildirmiş və bitkiləri təqdim etmişdir. Orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman, həyətdəki yarımtikilidə dibçəkdə əkdiyi 10 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, bütün iştirakçılar kimi o, da protokola imza etmişdir. Daha sonra sənədləşmə işləri üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində barəsində tutma qərarı qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçi Seymur Abdullayevin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və digər cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində narkotik vasitə olmadığını bildirmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin aşkar edilmiş çətənə bitkilərinə baxış keçirilib elektron tərəzi ilə ölçüldükdən sonra həmin narkotik vasitələr qablaşdırılıb möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş, iştirakçılar kimi o da protokola imza etmişdir. Çətənə bitkilərini əkməsindən ailəsinin, eləcə də başqa şəxslərin məlumatları olmamış, həmin narkotik vasitəni hamıdan xəlvət əkmişdir. Aşkar olunmuş çətənə bitkilərini gələcəkdə özü istifadə etmək məqsədilə əkib becərmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq raportla polis şöbəsinin rəisinə məruzə edilmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Daha sonra tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. 08 iyun 2025-ci il tarixdə saat 23.00 radələrində videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlib özlərini təqdim etdikdən sonra ona yaşadığı evdə narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğunu izah etmiş və yaşadığı evdə, eləcə də həyətində narkotik tərkibli bitkilərin olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə 01 ədəd dibçəkdə narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmin bitkiləri təqdim edə biləcəyini demiş və yaşadığı evə, eləcə də evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən yarımtikilini göstərib orada 01 ədəd dibçəkdə 10 ədəd çətənə bitkilərinə bənzər bitkiləri təqdim etmiş və həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkib becərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 10 ədəd bitkilər 01 ədəd zərfdə qablaşdırılıb DİN-in “203” saylı möhürü ilə möhürlənib götürülmüşdür. Tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və polis əməkdaşları protokola imza etmişlər. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bitkilərlə birlikdə rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi təyin edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, eləcə də həyətindəki yarımtikilidən aşkar edilmiş bitkilərə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, əşya aşkar edilməmişdir. Daha sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar edilmiş bitkilərə baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri istifadə etmək üçün yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə, 01 ədəd dibçəkdə əkdiyini bir daha qeyd etmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş bitkilər təkrar qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün o da digər iştirakçılar kimi protokola imza etmişdir. Şahid qismində dindirilmiş X1 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 09 iyun 2025-ci il tarixli 18/441 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs əkib-becərdiyi…» sözləri və imzalar olan kağız paketdə ümumi sayı 10 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 4,02 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş olan narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 10 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 12 iyun 2025-ci il tarixli 332 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,82 qram təşkil edən, 10 (on) ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 10 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,82 qram təşkil edən, 10 (on) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-40/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-40/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver