Məhkəmə qərarları › İş №1(053)-41/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-41/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-41/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 – 12 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, 12 fevral 2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 14,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 10 fevral 2023-cü il tarixdə saat 17 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Aşağı Surra kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi -14,02 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Aşağı Surra kəndində ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. O, narkotik vasitələrdən arabir olanda istifadə edir. Təxminən 2022-ci ilin fevral ayınının əvvəlində kəndlərinin yaxınlığında, Kür çayı sahilində iribuynuzlu heyvanlarını otaranda yulğun kollarının arasında olan polietilen sellofan diqqətini cəlb etmişdir. Həmin polietilen sellofanı götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuananı görmüşdür. Daha sonra həmin polietilen sellofanda olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoyub gətirib evində gizlətmişdir. Bir dəfə həmin polietilen sellofanda olan qurudulmuş marixuanadan bir qədər götürüb istifadə etmişdir. 10 fevral 2023-cü il tarixdə, saat təxminən 17 radələrində Neftçala rayonu, Aşağı Surra kəndində küçədə dayanmış və həmin polietilen sellofanda olan qurudulmuş marixuana əynindəki gödəkçəsinin sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nǝ aparacaqlarını bildirərərək onu avtomobilə əyləşdirmişlər. Neftçala rayon polis şöbəsində təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüququ və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan gödəkçəsinin sağ yan cibində polietilen sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış və verməmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Aşağı Surra kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 10 fevral 2023-cü il tarixdə, saat təxminən 17 radələrində daxil olan əməliyyat məlumatı əsasında Abbasov X1 rayonu, Aşağı Surra kəndi ərazisində tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü təqdim edib içərilərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb-baxıldıqda içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin büküm yenidən eyni qayda ilə bağlanaraq zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli, 18/161 nömrəli məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…/imza var/Təqsirləndirilən şəxs oğ…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 14,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). xx.xx.2023-cü il tarixli, 300 nömrəli məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,02 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,02 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar