Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-41/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Neftçala şəhəri, Heydər Əliyev prospekti ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 – 14 mart 2024-cü il tarixləri üzrə tutulmuş, 14 mart 2024-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 23,11 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 12 mart 2024-cü il tarixdə saat 15.25 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli dəri gödəkcənin sol yan iç cibindən şəffaf sellofan bükülüdə təmiz çəkisi 23,11 qram, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadından boşandığı üçün Neftçala şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən, özünə məxsus fərdi yaşayış evində tək yaşayır. Bir uşağı var və həmin uşağa görə keçmiş arvadına aliment ödəyir. 2023-cü ilin dekabr ayının ortalarında Neftçala rayonu, 2-ci Mayak kəndində balıqçılıqla məşğul olarkən dəniz kənarından sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Həmin narkotik vasitədən arabir istifadə etmişdir. 12 mart 2024-cü il tarixdə saat 15.20 radələrində gödəkcəsini əyninə geyinərək yaşadığı fərdi yaşayış evindən küçəyə çıxmışdır. Tapdığı marixuananın qalıq hissəsi də axşamdan gödəkcəsinin iç sol cibində qalmışdır. Yaşadığı evin yaxınlığında küçədə olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək avtomobilə mindirib Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən ona üzərində qanunsuz narkotik vasitə saxlaması barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacağı bildirilmiş, həmçinin aparılan videoçəkiliş zamanı müdafiəçi barədə hüquqları izah olunaraq, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Bundan sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuş, daha sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoyduğu bükülünü təqdim etmişdir. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir, O, həmin protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə cinayət axtarış bölməsinin digər əməliyyat müvəkkili Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə rəsmi qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 15.25 radələrində Neftçala şəhəri H.Əliyev prospektində yaşadığı evin yaxınlığındakı küçədə saxlamışlar. Orada sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, həmçinin ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində ona polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman təhqiqatçı Müşfiq Abdullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsini təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkcəsinin sol yan iç cibində şəffaf sellofan bükülüdə olan kütlənin narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş həmin kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş X1 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/272 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükülüdə təmiz çəkisi – 23,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2024-cü il tarixli 437 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,09 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 – 14 mart 2024-cü il tarixlər üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,09 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-41/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-41/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver