Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-42/2024 28.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Neftçala rayonu, Sübh kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədilə 12 mart 2024-cü il tarixdə saat 04 radələrində Neftçala rayonu, 1 №-li Mayak kəndi istiqamətində Kür çayına gələrək orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,25 mm, dəliklərin daxili ölçüsü 45x45 mm olmaqla, neylon sintetik liflərindən istehsal olunan, 3 qatlı sapdan toxunmuş, açıq çəhrayı rəngli tordan istifadə edərək həmin tarixdə saat 08 radələrinədək olan müddətdə 31 ədəd hər biri 33 manat olmaqla 1.023 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1.023 (min iyirmi üç) manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə saat 08 radələrində Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,25 mm, dəliklərin daxili ölçüsü 45x45 mm olmaqla, neylon sintetik liflərindən istehsal olunan, 3 qatlı sapdan toxunmuş, açıq çəhrayı rəngli tor və 31 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 mart 2024-cü il tarixdə saat 04 radələrində balıq tutmaq məqsədi ilə Neftçala rayonu, 1 №-li Mayak kəndi istiqamətində Kür çayının sahilinə gəlib, özünə məxsus olan 01 ədəd taxta qayıq və 02 ədəd taxta avardan istifadə edərək Kür çayına girmiş, çayda 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan toru suda qurub gözləmişdir. Həmin gün saat 08.15-dək toruna çoxlu sayda balıq düşdüyünü görmüşdür. Saat 08.30-da tutduğu balıqlarla birlikdə sahilə çıxarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Kür çayında balıq ovlamaq üçün rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Polis əməkdaşları ona məxsus olan balıqovlama vasitələrinə və tutduğu balıqlara videoçəkilişlə baxış keçirən zaman məlum olmuşdur ki, tutduğu balıqların növü şamayı, sayı isə 31 ədəddir. Baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona məxsus olan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor və 31 ədəd şamayı balıqlarını götürülmüşdür. Qeyd edir ki, qanunsuz balıq ovu nəticəsində dövlət balıq ehtiyatlarına dəymiş zərəri maddi imkanı olmadığı üçün ödəyə bilməyib, lakin yaxın vaxtlarda yeni bir işə başlayacaq və həmin zərəri ödəyəcək. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəmə baxışı zamanı bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə saat 08 radələrində Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbirlər həyata keçirilmişdir. Həmin tədbir nəticəsində Neftçala rayonu, Sübh kəndində yaşayan Zeynalov X2 rayonu, 1 №-li Mayak kəndindən keçən Kür çayında qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor və 31 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Neftçala rayonu, Sübh kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1.023 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs bu günədək maddi ziyandan heç bir ödəniş etməyib. Ona görə də mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin polis nəfəridir. 12 mart 2024-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirmişlər. Həmin tarixdə saat 08 radələrində Neftçala rayonu, 1 №-li Mayak kəndindən keçən Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlamışlar. Bununla bağlı videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor və 31 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 ədəd şamayı balıqlarını 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr olan tor ilə Neftçala rayonu, 1 №-li Mayak kəndindən keçən Kür çayından ovlamışdır. O, həmçinin bildirmişdir ki, Kür çayında balıq ovu ilə məşğul olması üçün rəsmi icazəsi yoxdur. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su nəqliyyatında polis idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,25 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olmaqla, neylon sintetik liflərindən istehsal olunan, 3 qatlı sapdan toxunmuş, açıq çəhrayı rəngli tor dövlət nəfinə keçirilməli, qanunsuz olaraq tutulmuş 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxsə qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1,179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir» və «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına 1.023 manat miqdarında ziyan vurulub. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi 18 mart 2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 33 manat, 31 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1.023 manat təşkil edir (33 manat x 31 ədəd = 1.023 manat). Beləliklə cinayət nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın ümumi məbləği 1.023 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu zərərin əvəzi kimi 1.023 manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd uzunluğu 20 metr, eni 2 metr, sapının diametri 0,25 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan 3 qatlı neylon sintetik liflərindən istehsal olunmuş açıq çəhrayı rəngli tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1.023 (min iyirmi üç) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə ödənilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-42/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-42/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver