Məhkəmə qərarları › İş №1(053)-43/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-43/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-43/2023 07.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “SOCAR” Qaz anbarları idarəsində operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci ildə saat 19.30 radələrində Neftçala-Salyan avtomobil yolunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisindən keçən 6-cı km-də sürücülük hüququ qüvvədə olmaqla, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi «Vaz 21150» markalı 10OF302 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhərindən Salyan şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, qanunun həmin maddəsinin tələblərini pozaraq ehtiyatsızlıqdan idarə etdiyi «Vaz 21150» markalı 10OF302 dövlət qeydiyyat nişanlı avtomobili hərəkətin dairəvi təşkil olunmuş yolayrıcının əksinə doğru hərəkət etdirərək Neftçala rayonunun Bankə qəsəbəsi istiqamətindən hərəkətin dairəvi təşkil olunmuş yolayrıcına daxil olub Neftçala şəhəri, istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 2106» markalı 10HP937 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol qalça sümüyü qanadının yerini dəyişən qapalı sınığı xəsarəti ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs faktik sahibi olduğu «Vaz 2106» markalı 10HP937 dövlət qeydiyyat nişanlı avtomobilə 2.508 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Hacıqabul rayonu, Atbulaq qəsəbəsində yerləsən “SOCAR” Qaz anbarları idarəsində operator vəzifəsində işləyir. «Vaz 21150» markalı 10OF302 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi var. 09 noyabr 2022-ci il tarixdə axşam tərəfi şəxsi işi ilə əlaqədar olaraq Neftçala şəhərinə gəlmişdir. Neftçala şəhərində olanda onu Neftçala RPŞ-nin DYPB-nin inspektoru Natiq adlı şəxs saxlayaraq duman əleyhinə olan işıqları qoşduğuna görə əsassız olaraq 30 manat məbləğində cərimə yazmışdır. Ona görə avtomobilin duman əleyhinə olan işıqlarını söndürüb yoluna davam etmişdir. O, daha sonra saat 19.30 radələrində evə getmişdir. Neftçala-Salyan avtomobil yolunun 6-cı km-də Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən dairəyə çatmağına bir qədər qalmış qarşıda 2 avtomobil gedirdi. Yol dumanlı olduğu üçün o, avtomobillərin işığına getmişdir. Həmin avtomobillərin markası yadında qalmamışdır. Bu vaxt həmin avtomobillər dairəvi yola daxil olmayıb düz sürdüyünə görə o, da həmin avtomobillərin arxasınca getmişdir. Bu vaxt avtomobilinin hərəkət sürəti təxminən 50 km/saat olmuşdur. O, dairəyə əks girdiyini görüb əyləcdən istifadə etmişdir. Bu vaxt birdən qarşısına avtomobil çıxmış və nəticədə həmin avtomobillə toqquşmuşlar. Həmin avtomobilin sürücüsü yerə enib ona yaxınlaşaraq hadisə yerindən qaçmağı təklif etmişdir. O, isə bununla razılaşmamışdır. Həmin şəxsin avtomobilində başqa bir şəxs olmamışdır. Bir müddət sonra hadisə yerinə Natiq və Məhərrəm adlı polislər gəlmişlər. Natiq hadisə yerində avtomobilin sürücüsü olan Aydının oğlu olduğunu bildiyi şəxslə nə isə danışmışdır. Həmin vaxt Aydının oğlu ona demişdir ki, mən burda qalacam atam gedəcək. Bundan sonra Aydın oğlunun avtomobilini özü sürüb çıxıb getmişdir. O, Aydının hadisə yerindən getməsinə etiraz etmişdir. Onun qəsdinə olaraq Natiq Aydını evindən götürüb xəstəxanaya aparmışdır. Daha sonra da eşitmişdir ki, guya Aydının omba nahiyəsi sınmışdır. Əslində isə Aydın heç bir xəsarət almayıb. Çünki səhəri günü onlar Aydını kömək məqsədilə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə apardıqda orada onlara deyilmişdir ki, heç bir şey yoxdur. Bundan başqa Aydının bir neçə gün sonra taksi fəaliyyəti ilə məşğul olduğunu da dəfələrlə görmüşdür. Hadisədən əvvəl sərxoş olmamış, ümumiyyətlə içki içmir. O, qeyd etdiyi kimi dairəvi yola girməyib düz sürdüyü üçün hadisə baş vermişdir. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Qeyd edir ki, yol-nəqliyyat hadisəsi onun təqsiri üzündən baş versə də, zərərçəkmiş şəxsin xəsarət alması həmin hadisə ilə əlaqəli deyildir. Çünki, hadisə vaxtı Aydın təxminən 40 dəqiqə həmin yerdə olmuş və onun xəsarət alması qətiyyən hiss olunmamışdır. Bununla yanaşı bildirir ki, Aydın hadisə vaxtı tam sərxoş vəziyyətdə olmuşdur. Ola bilsin ki, o, hadisə baş verəndən sonra evinə gedərkən, yəni hadisədən kənar xəsarət almışdır. Bir daha qeyd edir ki, Aydının hadisədən bir neçə gün sonra avtomobil idarə etdiyini görmüşdür. Göstərilənlərə əsasən, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Hazırda heç bir yerdə işləmir. «Vaz 2106» markalı 10HP937 dövlət qeydiyyat nişanlı avtomobili təxminən 5 il əvvəl 900 manata almışdır. Həmin vaxt etibarnaməsi olsa da, hazırda etibarnamənin müddəti bitmişdir. Həmçinin sürücülük vəsiqəsinin də müddəti 2020-ci il tarixdə başa çatmışdır. Həmin avtomobillə o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 09 noyabr 2022-ci il tarixdə Neftçala şəhərindən Neftçala rayonu, Bankə qəsəbəsinə müştəri aparmışdır. Müştərini aparıb Neftçala şəhərinə qayıdarkən Bankə körpüsünün üzərindən bir nəfər tanımadığı kişini də götürmüşdür. Daha sonra bir qədər irəlidə tanıdığı Bəhruz adlı şəxsi götürmüşdür. Saat təxminən 19.30-da Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşdur. Bu vaxt Bankə dairəsi adlanan yerə çatıb Neftçala şəhəri istiqamətində dönmək istəmişdir. Həmin vaxt o, avtomobili saxlayıb baxmış və Salyan şəhəri istiqamətindən heç bir avtomobilin gəlmədiyini görüb yola çıxmışdır. Təxminən 20 km/saat sürətlə bir qədər yola çıxmışdır ki, işıqları sönülü olan bir avtomobil əks istiqamətdə gələrək onunla toqquşmuşdur. Əslində isə həmin avtomobil dairəni keçib gedə bilərdi, lakin məlum olduğu kimi o, bunu etməmişdir. Qəza nəticəsində təkcə özü xəsarət almışdır. Başqa heç kim xəsarət almayıb. Bu vaxt yoldan keçən tanışı Seymur onu öz avtomobilinə əyləşdirərək evə aparmaq istəmişdir. Bədənində ağrıları olduğu üçün bir qədər irəlidə Seymurdan onun üçün spirtli içki almasını xahiş etmişdir. Seymur avtomobili saxlayıb yolun üstündəki Qarabağ marketdən onun üçün araq almışdır və həmin arağın təxminən 100 qramını elə oradaca içmişdir. Daha sonra o, evə çatanda polis əməkdaşları ona zəng etmişdir. Polis əməkdaşları ona evə getməməyi bildirmişlər. O, da Seymurla xəstəxanaya getmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməyib, sərxoş olmayıb. O, içkini sonradan içmişdir. Avtomobili öz yolu ilə idarə etmişdir. Həmin avtomobil dairəyə daxil olmadan gəlib onu vurmuşdur. Həmin avtomobili təxminən 3 metrdən görmüş və hadisənin baş verməməsi üçün heç bir şey edə bilməmişdir. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Qeyd edir ki, ekspert rəyində göstərilən xəsarətləri baş vermiş məhz həmin qəza nəticəsində almışdır. Həmçinin idarə etdiyi avtomobil tamamilə sıradan çıxmışdır. Avtomobilinin təmiri üçün ümumilikdə 2.508 manat xərc tələb olunur. Onun təmir olunması öz əvvəlki dəyərindən artıq xərc tələb edir. Aldığı xəsarətlər səbəbindən xeyli müddət müalicə almış, işləməmiş və nəticədə ona xeyli maddi zərər vurulmuşdur. Buna baxmayaraq o, təqsirləndirilən şəxsdən yalnız ona öz avtomobilinin dəyərində işlək vəziyyətdə olan avtomobil almasını istəyir. Çünki həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Hal-hazırda isə qeyd etdiyi səbəbdən işsiz qalmış, maddi çətinliklərə düçar olmuşdur. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis X6 Polisi Bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir. 09 noyabr 2022-ci il tarixdə saat təxminən 19.30-da xidmətdə olduqları vaxt onlara məlumat daxil olmuşdur ki, Salyan-Neftçala avtomobil yolunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisindən keçən 38-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. O, dərhal hadisə yerinə getmişdir. Orada ona məlum olmuşdur ki, Aydın adlı şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Daha sonra hadisə yerinə digər iş yoldaşı X3 gəlmişdir. Rauf hadisə yerində qalıb əməliyyat istintaq qrupunun gəlməsini gözləmişdir. O, isə xəsarət almış şəxsin vəziyyətini maraqlanmaq üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına getmişdir. O, Təqsirləndirilən şəxs hadisə baş verən gün tanımışdır. Onun Bəhruzla hər hansı bir ədavəti və ya qərəzli münasibəti yoxdur. Hadisədən bir neçə dəqiqə əvvəl hava şəraiti normal vəziyyətdə olduğu halda duman faralarından istifadə etdiyi üçün o, Neftçala şəhəri, S.Vurğun küçəsində Bəhruz barəsində Azərbaycan Respublikası İXMnin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hadisədən sonra o, ora getdikdə isə Bəhruzla nə isə barədə danışmamışdır. O, Aydının oğlu Aləddini də tanımır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun atasıdır. «Vaz 2106» markalı 10HP937 dövlət qeydiyyat nişanlı avtomobil təxminən 5 il əvvəl atası Aydın tərəfindən 900 manata alınmışdır. Həmin avtomobil qeyd edilən vaxtdan etibarnamə əsasında atasının istifadəsində olmuşdur. Bir müddət əvvəl avtomobilin etibarnaməsinin vaxtı qurtarmışdır. 09 noyabr 2022-ci il tarixdə axşam tərəfi atası ona mobil telefonla zəng edərək Neftçala şəhəri, M.Ə.Sabir küçəsində Bankə dairəsi adlanan yerdə avtomobili ilə qəza keçirdiyini bildirmişdir. O, dərhal həmin yerə getmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, polis əməkdaşları da oradadır və atası Seymur adlı taksi sürücüsünün avtomobilinə qoyularaq aparılır. Atası çıxıb getmişdir. O, avtomobilə görə durub hadisə yerində gözləmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra o, avtomobili idarə edərək Neftçala RPŞ-nin DYPB-nin duracağına aparmışdır. O, hadisə yerində bir neçə polis əməkdaşlarını görmüşdür. Lakin həmin şəxsləri adları ilə tanımır. Polis əməkdaşı olan Natiqlə isə şəxsi tanışlığı olmayıb, lakin onu üzlə polis əməkdaşı kimi tanıyır. O, hadisə yerinə çatanda Natiq orada olmamışdır. Xatırlayır ki, Rauf adlı polis əməkdaşı orada olmuşdur. Həmin avtomobili atası öz pulu ilə almışdır. Avtomobil hazırda etibarnamə əsasında onun adına olsa da, faktiki olaraq atasının sahibliyindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xidməti işi ilə əlaqədar, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşadığını, X5 Sahəsində çilingər işlədiyini, 09 noyabr 2022-ci il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən çörək zavodunun yanında durub işə gəlmək üçün taksi gözlədiyini, bu vaxt «Vaz 2106» markalı, dövlət qeydiyyat nişanını bilmədiyi bir taksinin yanında dayandığını, həmin taksinin sürücüsünün Neftçala şəhər sakini kimi tanıdığı Aydın olduğunu, avtomobildə ön oturacaqda 1 nəfər tanımadığı başqa şəxsin də əyləşdiyini, avtomobilə əyləşib bir qədər irəli getdikdən sonra Bankə dairəsi adlanan yerə daxil olub Neftçala şəhəri istiqamətində dönmək istəyərkən qarşıdan gələn bir avtomobilin əks istiqamətdə gedərək onlarla toqquşduğunu, özünün və öndə oturan şəxsin heç bir xəsarət almadığını, lakin avtomobilin sürücüsü Aydının xəsarət aldığını, həmin vaxt ətrafa bir neçə tanımadığı şəxslərin yığışdığını, o, isə işə tələsdiyi üçün həmin yerin yaxınlığında olan başqa bir taksiyə əyləşib yoluna davam etdiyini, avtomobilin sürücüsü Aydın adlı şəxsin sərxoş vəziyyətdə olduğu hiss etmədiyni və həmin gün havanın dumanlı olmadığını bildirmişdir. İşin ibtidai istintaqı zamanı şahid Hüseynov X1 rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşadığını, «Vaz 2107» markalı 10TV379 dövlət qeydiyyat nişanlı avotomibilinin olduğunu, 09 noyabr 2022-ci il tarixdə axşam tərəfi Neftçala rayonu, Şirvanlı kəndində yerləşən təsərrüfatından evə getdiyini, saat 19.30 radələrində Bankə dairəsi adlanan yerə çatanda yol-nəqliyyat hadisəsinin baş verdiyini, avtomobilinin yanında yerdə bir nəfər şəxsin oturduğunu, həmin şəxsin tanışı Aydın olduğunu gördüyünü, dərhal avtomobildən düşüb Aydına yaxınlaşdığını, Aydının xəsarət aldığını gördüyünü, ətrafda olan digər şəxslərin köməkliyi ilə Aydını öz avtomobilinə qoyduğunu, Aydının onu evə aparmağını ondan xahiş etdiyini, Aydının ağrılarının olduğunu gördüyünü, buna görə də o, Neftçala şəhərində yerləşən «Qarabağ» marketin yanında saxlayıb oradan 1 ədəd araq aldığını, avtomobilə gəlib Aydına özünü yaxşı hiss etməsi üçün arağı içməsini təklif etdiyini, Aydın arağı bir dəfəyə içdiyini, daha sonra yollarına davam etdiklərini, evə çatanda Aydına zəng gəldiyini, bundan sonra Aydının ondan xəstəxanaya sürməyi xahiş etdiyini və o da, avtomobili xəstəxanaya sürdüyünü, xəstəxanaya çatdıqda isə Aydın avtomobilini götürüb Neftçala RPŞ-nin DYPB-nin duracağına yerləşdirilməsinə kömək etmək üçün hadisə yerinə getməyini xahiş etdiyini, saat təxminən 20.00-da həmin hadisə yerinə gəldiyini, həmin vaxt polis əməkdaşlarının da orada olduğunu, hadisə yerinə baxışda özünün də iştirak etdiyini və daha sonra isə polis əməkdaşlarının Aydının və digər şəxsin avtomobilini götürüb apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin öz cinayətini etiraf etmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlar, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə tam təsdiq olunur. 19 yanvar 2023-cü il tarixli 8/28 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21150 markalı, 10OF302 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2106 markalı, 10HP937 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Nağıyev avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Nağıyev avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 30 noyabr 2022-ci il tarixli 246 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Yuxarıda qeyd olunanlara əsasən və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər – Sol qalça sümüyü qanadının yerini dəyişən qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri reallıqda baş verənləri təhrif etməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinin böyük bir qismi, məsələn, hadisə vaxtı havanın dumanlı olması, zərərçəkmiş şəxsin hadisədən sonra xeyli müddət ərzində hadisə yerində gəzişməsi, hətta təqsirləndirilən şəxsə çıxıb getmələrini təklif etməsi iş üzrə toplanmış sübutlarla tam təkzib olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Vaz-21150» markalı 10OF302 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verildiyindən onun sahibliyinə qaytarılmış hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21150” markalı 10OF302 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verildiyindən onun sahibliyinə qaytarılmış hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar