Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-43/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala şəhəri, məhəllə 6 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 351/2017 nömrəli iş üzrə 14 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 02 may 2017-ci il tarixindən hesablanmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Neftçala Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində əvvəli 31 mart 2024cü ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 73,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 31 mart 2024-cü il tarixdə saat 09.05 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, məhəllə 6-da, yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd polietilen torba bükülüdə təmiz çəkisi – 73,90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhəri, məhəllə 6 ünvanında yaşayır. İ Qarabağ müharibəsi iştirakçısıdır. Müxtəlif işlərdə fəhləlik etməklə dolanır. Narkotik vasitələrdən arabir istifadə edir. 2024-cü ilin mart ayının əvvələrində günorta saatlarında balıq ovlamağa gedərkən balıq ovunda istifadə etmək üçün lazım olan su bidonları yığmaq məqsədilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının arxa tərəfində yerləşən zibilliyə getmiş və orada yerdə olan polietilen torba bükülü diqqətini cəlb etmişdir. Həmin polietilen torba bükülünü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra həmin polietilen torba bükülüdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoyaraq gətirib evində gizlətmişdir. Bir neçə dəfə həmin qurudulmuş marixuanadan siqaretə doldurmaqla istifadə edib. 31 mart 2024-cü il tarixdə saat 09.05 radələrində evinin yaxınlığında küçədə olarkən həmin polietilen torba bükülüdə olan qurudulmuş marixuana da əynindəki gödəkcəsinin sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nə aparacaqlarını bildirmişlər. Daha sonra onu avtomobilə əyləşdirib Neftçala RPŞ-nə gətirmişlər. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, həmçinin müdafiəçi təqdim edilmişdir. Bundan sonra Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra o, əynində olan gödəkcəsinin sağ yan cibində polietilen torba bükülüdə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Neftçala RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 31 mart 2024-cü il tarixdə saat 09.05 radələrində daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Neftçala şəhəri, məhəllə 6 ünvanındakı evinin yaxınlığında, küçədə saxlamışlar. Həmin vaxt ətrafda kənar şəxslərin çox olduğuna və sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra isə Təqsirləndirilən şəxs tutulmuş, həmçinin ona hüquq və vəzifələri izah edilməklə müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd polietilen torba bükülünü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükülü açılıb-baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin bükülü yenidən eyni qayda ilə bağlanaraq zərfə qoyulub ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və daha sonra protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/354 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «… Təqsirləndirilən şəxs …» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torba bükülüdə təmiz çəkisi – 73,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2024-cü il tarixli 3488 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Muradov X1 Ağır Cinayətlər Məhkəməsinin 1(089)-351/2017 nömrəli iş üzrə 14 sentyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli 02 may 2017-ci il tarixindən hesablanmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 03 ay 24 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 73,85 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 31 mart 2024-cü il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 73,85 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-43/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-43/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver