Məhkəmə qərarları › İş №1(053)-44/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-44/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-44/2023 24.05.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 24 – 26 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, Neftçala Rayon Məhkəməsinin 4(053)-14/2023 nömrəli iş üzrə 26 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində əvvəli 26 fevral 2023-cü il tarixindən hesablanmaqla 03 ay həddində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş (Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 10 may 2023-cü il tarixli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,900 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 24 fevral 2023-cü il tarixdə saat 19.45 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ yan cibindən kağıza bükülmüş 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,900 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Gənc yaşlarında narkotik vasitələrdən arabir istifadə etmişdir. 24 fevral 2023-cü il tarixdə günorta saatlarında Neftçala şəhərinin Hüseyn Cavid adına parkında gəzərkən yerdə siqaret kağızı bükümü diqqətini cəlb etmişdir. Həmin siqaret kağızı bükümünü gizlincə götürüb baxdıqda içərisində sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroin olduğunu görmüşdür. Daha sonra həmin siqaret kağızına bükülmüş sellofanda olan heroini şəxsi istifadəsi üçün əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Lakin ondan istifadə etməmişdir. Həmin gün saat 19.45 radələrində Neftçala şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olarkən həmin kağıza bükülmüş sellofanda olan heroin də əynindəki gödəkcəsinin sağ yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu, həmçinin bu səbəbdən onu Neftçala RPŞ-nə aparacaqlarını bildirib, onu avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. O, da üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra o, əynində olan gödəkcəsinin sağ yan cibində kağıza bükülmüş sellofanda olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. Bütün iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, heç kəsə narkotik vasitə satmamış, verməmişdir. Tapdığı narkotik vasitəni də özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumat yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 24 fevral 2023-cü il tarixdə saat 19.45 radələrində Həsənov X1 şəhəri, 20 Yanvar küçəsində saxlanılmışdır. Bu zaman ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yerin olmaması səbəbindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Həsənov X2 Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş, sonra Təqsirləndirilən şəxs tutularaq ona hüquq və vəzifələri izah edilmiş, habelə müdafiəçi ilə təmin olunmuşdur. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu vaxt o, üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən kağıza bükülmüş bir ədəd sellofan kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyi bükümü açılıb baxılarkən içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin sellofan kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, da digər iştirakçılar kimi həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/231 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri və imzalar olan kağız paketdəki kağıza bükülmüş 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 0,900 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 301 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, ailəyə yeganə qazanc gətirən şəxs olmaqla yaşlı anasının və bacısının onun himayəsində olduqlarını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,850 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixindən etibarən tutulduğu və “ev dustaqlığında” saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,850 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar