Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-44/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Astanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2024-cü ildə saat 16.30 radələrində Neftçala rayonunun Astanlı kəndində yerləşən və birlidə yaşadıqları fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub ona sol saidin yuxarı 1/3nin, sol gözün üst qapağının, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bel nahiyəsinin qançırları, sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə evlənib. Ümumi ailə münasibətlərindən 2 uşağı var. Münasibətlərinin kəskinləşməsi nəticəsində faktik ayrılıblar və ümumi təsərrüfat aparmırlar. Uşaqlar anasının yanında qalırlar. Zərərçəkmiş şəxslə nikahının pozulması üçün iddia ilə məhkəməyə müraciət edib, lakin müvafiq mülki iş üzrə hələ ki, yekun məhkəmə aktı çıxarılmayıb. Hazırda aliment ödəmir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, əvvəllər zərərçəkmiş şəxslə ailə münasibətləri normal olub. Lakin hadisədən təxminən 1 ay əvvəl qızı Dünya ona demişdir ki, anası hansısa oğlanla telefonda görüntülü danışır. O, Ülkərdən bu barədə soruşduqda Ülkər ona and içərək heç kimlə danışmadığını bildirmişdir. Ülkərə inanaraq 15 – 20 gün gözləmişdir. 16 fevral 2024-cü il tarixdə saat 16.30 radələrində Ülkərin mobil telefonla hansısa oğlanla yazışdığını görüb telefonu ondan alaraq məsələ barədə məlumat vermək üçün qardaşı Şahid4 yanına getmək istəmiş, bu vaxt görmüşdür ki, Şamil özü həyətdəki səs-küyü eşidib onlara tərəf gəlir. Bu zaman Ülkər hər cür cəhdlə telefonu ondan almağa çalışırdı. Zərərçəkmiş şəxs məqsədinə çatmaq üçün bir neçə dəfə özünü yerə yıxıb sürtmüş və bununla da özüözünə xəsarətlər yetirmişdir. Şamil əxlaqsız səs yazılarına qulaq asan zaman Ülkər təxminən 20 sm enində olan mişar daşı parçasını qapının ağzından götürüb 2,5 metr məsafədən onun sağ ayağına tərəf tullamış, aldığı zərbədən onun ayağı sınmışdır. Onun ayağını sındırandan sonra Ülkər evdən 20 manat pul götürüb çıxıb getmiş, bu zaman uşaqları da özü ilə birlikdə aparmışdır. O, isə Şamillə birlikdə əvvəl Neftçala daha sonra isə Salyan xəstəxanasına getmişdir. Orada ayağına gips qoyulub. Məsələni araşdırıb müəyyən etmişdir ki, Ülkər 8 ildir Rahib Quluzadə adlı şəxslə tanışdır və onunla davamlı şəkildə danışır. Telefonda olan mesajları və səs yazılarını Şamilə göstərmişdir. Həmin mesajlar və səs yazıları əxlaqsız yazılardan və danışıqlardan ibarətdir. O, həmçinin müəyyən etmişdir ki, Ülkər Rahibə 8 il ərzində 10.000 manat pul göndərib. Göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2015-ci ildə Neftçala rayonunun Astanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmiş və kənddə öz evlərində birlikdə yaşamışlar. 7 yaşlı Dünya və 6 yaşlı Nigar adlı qızları var. Əri Vurğun təbiətcə kobud və söyüşkən adamdır. Vurğun dəfələrlə evdə onunla heç bir səbəb olmadan mənasız mübahisələr edərək, onu nalayiq sözlərlə söymüşdür. Vurğun onu əvvəllər bir neçə dəfə döysə də ailəsi dağılmasın deyə bu barədə şikayət etməmişdir. Lakin bir neçə dəfə boşanmaq istədiyini Vurğuna deyib. 16 fevral 2024-cü il tarixdə saat 16.30 radələrində əri Vurğun evə gəlib ona demişdir ki, «sənin telefonuna baxmışam, sən «WhatsApp»la kiminləsə yazışırsan, sənin yazışmalarını telefonuma yönləndirmişəm». Doğrudur həmin ərəfələrdə «TikTok» sosial şəbəkəsində tanış olduğu Rahib adlı şəxslə dost kimi danışmışdır. Baldızı Arzu həmin danışıqları Vurğuna göstərib. Lakin onun Rahiblə danışmaqda heç bir başqa məqsədi olmayıb. Həmin vaxt Vurğun həyətlərində onunla mübahisə edərək sifətinin hər iki tərəfindən bir neçə dəfə sillə ilə vurmuş, həmçinin yumruqla başına bir neçə dəfə vurmuş, daha sonra yerə yıxmışdır. Yerə yıxıldıqdan sonra isə Vurğun təpiklə onun qarın, bel, kürək nahiyələrinə, o cümlədən bədəninin müxtəlif yerlərinə bir neçə dəfə vurmuş və saçlarından tutub yerdə sürümüşdür. Qeyd edir ki, yerə yıxılan vaxt Vurğun yenidən ona təpik atmaq istəyərkən ayağı boşa çıxmış və bu zaman Vurğun qışqıraraq ayağını tutmuşdur. Həmin vaxt Şamil yanlarına gələrək onları ayırıb. O, da uşaqlarını götürüb oradan qaçmış, Neftçala şəhərində anasıgilə gəlmişdir. Qeyd edir ki, Vurğunu vurmamış, ona hər hansı bir vasitə ilə xəsarət yetirməmiş, həmçinin evdən hər hansı məbləğdə pul götürməmişdir. Hadisə vaxtı qaynı Şamil gəlib onu əri Vurğunun əlindən almış, orada başqa heç kim olmamışdır. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Ülkər 2015-ci ildə Neftçala rayonu, Astanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmiş və kənddə öz evlərində yaşamışlar. Onların 7 yaşlı Dünya və 6 yaşlı Nigar adlı qızları var. Ülkərin evinə nadir hallarda gedib-gəlmişdir. Sonuncu dəfə təxminən 2020-ci ildə Ülkərin evində olub. Heç vaxt Ülkərin ailə işlərinə qarışmayıb. Lakin Ülkərin uşaqları üçün geyim əşyaları almış, onların təhsilinə kömək etmiş, hətta Vurğun üçün də paltar alıb göndərmişdir. Həmçinin Vurğunun işlətdiyi mobil telefonu da o, alıb və telefon onun özünün adına qeydiyyatdadır. 16 fevral 2024-cü il tarixdə axşam vaxtı Ülkər ona zəng edib əri Vurğun tərəfindən döyülməsini demişdir. Bundan təxminən 5 dəqiqə sonra isə Vurğun ona zəng edərək demişdir ki, Ülkərin başqa oğlanla səs yazısı var. Ona görə də Ülkəri döymüşdür. Həmçinin Vurğun bir il əvvəl evində 10.000 manat pul olduğunu, bacısı Ülkərin həmin pulu xərclədiyini, evdən çıxanda qızıllarını götürdüyünü bildirib, pulunu və qızıllarını geri qaytarmalarını, əks təqdirdə «başlarına oyun açacağını» demişdir. Telefon danışığı zamanı Vurğun onu nalayiq sözlərlə söyüb hədələmişdir. O, özü isə Vurğunu söyməmiş, təhqir etməmiş və hədələməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, qızı Ülkər 2015-ci ildə Neftçala rayonu, Astanlı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə evlənmiş, kənddə öz evlərində yaşamışlar. Onların iki uşağı var. O, qızının və kürəkəninin yaşadıqları evə nadir hallarda gedirdi. Qızı Ülkərlə kürəkəni Vurğunun ailə münasibətləri heç vaxt normal olmayıb. Onların arasında həmişə söz-söhbətlər və davalar olubdur. Sadəcə olaraq ailənin dağılmasını istəməmişlər. Vurğun Ülkəri dəfələrlə döymüşdür. 16 fevral 2024-cü il tarixdə saat 17 radələrində evdə olarkən qızı Səidə ona zəng edib demişdir ki, Ülkər Vurğun onu döydüyü üçün onlara gəlir. Bu xəbərdən özü və arvadı çox narahat olmuşlar. Bir müddət sonra Ülkər evə çatmışdır. Evə çatanda Ülkər əsirdi. Uşaqları və qızı onu görən kimi ağlamağa başlamışlar. Qapıdan içəri girən kimi görmüşdür ki, qızının üzü, gözləri və sol qolu göyərib. Həmin vaxt Ülkərin beli, başı, demək olar ki, hər yeri xəsarət içində olmuşdur. Bundan başqa gözlə görünməyən xəsarətləri də var idi ki, hazırda da bu xəsarətlər nəticəsində başında və dalağında ağrılar olur. Başındakı ani ağrılara görə hal-hazırda da müalicə alır. Gec olduğundan həmin günün səhəri həkimə getmişlər. Onurğasına baxandan sonra həkim demişdir ki, sümüyündə əzilmə var. Ülkərin müalicəsi hələ də davam edir. Ağrıları çox olduğu üçün Ülkər demişdir ki, polisə şikayət edəcək. Birlikdə 17 fevral 2024-cü il tarixdə polisə getmişlər və sonra da Ülkər həkim müayinəsindən keçmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, qardaşı Vurğun 2015-ci ildə Neftçala şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Onların ailə münasibətlərindən doğulmuş Dünya və Nigar adlı iki övladları var. Vurğungil onlarla eyni kənddə və qonşuluqda öz evlərində yaşayıblar. 16 fevral 2024-cü il tarixdə saat 16.30 radələrində qardaşı Vurğunun həyətindən səs eşidib onlara gedərkən görmüşdür ki, Vurğun öz həyətindən küçəyə çıxıb. Yaxınlaşarkən Vurğun əlindəki telefonu ona göstərmiş və Ülkərin oğlanla danışmasını ifşa etdiyini demişdir. Bu zaman Ülkər özünü yerə çırpmışdır ki, Vurğun telefonu ona versin. Vurğun telefonu vermədiyi üçün həyət qapılarının qarşısında Ülkər yerdən mişar daşı parçasını götürüb Vurğunun ayağından vurmuşdur. Daha sonra Ülkər qışqıra-qışqıra küçəyə qaçmışdır. O, Vurğuna Ülkərin onları biabır edəcəyini, telefonu qaytarmaq lazım olduğunu demiş və telefonu Vurğundan alıb Ülkərə qaytarmışdır. Ülkər də uşaqları, paltarlarını və evdə olan 1.000 manat pulu da götürərək çıxıb getmişdir. Hadisə baş verən günün axşamı o, əmisi və əmisi oğlu ilə birlikdə Ülkərgilə getmiş, Ülkər onlara oğlanla 7-8 ildir ki danışdığını, dəfələrlə onunla rayonda görüşdüyünü, artıq qardaşını istəmədiyini söyləmiş, onlar da qayıdıb evə gəlmişlər. X3 vurmasını görmədiyini, Ülkərin əlləri ilə özü-özünü vurduğunu, özünü yerə çırpdığını, öz bədənini əzib sıxdığını, öz-özünə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin, şahidlər Şahid3 və Şahid2 ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 24 fevral 2024-cü il tarixli 36 «A» nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol saidin yuxarı 1/3-nin, sol gözün üst qapağının, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ bel nahiyəsinin qançırları, sol gözün ağlı qişasının qansızması küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni 16 fevral 2024-cü il tarixdə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». 09 mart 2024-cü il tarixli 37 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ incik sümüyünün aşağı 1/3-nin vintvari çəp istiqamətli az yerdəyişən sınığı aşkar edildi. Qeyd olunan sınığın xarakterini, vintvari olmasını, lokalizasiyasını, pəncə-dayaq funksiyasında bilavasitə əzələ-bağ sisteminin iştirakının aktivliyini, topoqrafik və fizioloji olaraq baldır əzələlərinin supinasiya və pronasiya etmə xüsusatlarını nəzərə alaraq demək olar ki, qeyd edilən sağ baldırın aşağı 1/3-nin sınığı sağ ayaq pəncəsinin fiksasiya olması vəziyyətində sağ aşağı ətrafın boylama oxu çevrəsində gövdə kütləsi ilə kəskin fırlanması nəticəsində müvazinətini və tarazlığını itirməsi ilə əlaqədar yıxılması zəminində yarana bilərdi: lokal küt təsir nəticəsində, həmçinin digər şəraitlərdə yetirilməsi inandırıcı hesab edilmir, qərarda göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Dərəcələrinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». 06 mart 2024-cü il tarixli 49 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 2018-ci il təvəllüdlü X1 «məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilmədi». 06 mart 2024-cü il tarixli 50 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 2017-ci il təvəllüdlü X2 «məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilmədi». Beləliklə, məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, habelə şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutların cəminə, o cümlədən ekspert rəylərinə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin və müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş Şahid4 bildirdikləri hadisənin real hallarını təhrif etməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-44/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-44/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver