Məhkəmə qərarları › İş №1(053)-45/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-45/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-45/2024 21.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, Xətai Rayon Məhkəməsinin 1(011)-460/2022 nömrəli iş üzrə 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla və əvvəli 03 noyabr 2022-ci il tarixindən hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 – 06 aprel 2024-cü il tarixləri üzrə tutulmuş, 06 aprel 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə növündə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, 04 aprel 2024-cü il tarixdə saat 16.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində yaşadığı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkcənin sağ üst yan cibindən sellofan bükülüdə təmiz çəkisi 0,635 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə saat 16 radələrində Salyan şəhəri ərazisindəki Salyan avtomobil dairəsində olduğu vaxt orada yerdən sellofan büküm tapmışdır. Narkotik vasitələrdən istifadə etdiyi və onları tanıdığı üçün həmin sellofan bükümünü açdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Həmin narkotik vasitəni əynindəki boz rəngli gödəkcənin sağ üst yan cibinə qoymuşdur. 04 aprel 2024-cü il tarixdə saat 16.50 radələrində Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisində yaşadığı küçə ilə piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları əvvəlcə ona özlərini təqdim etmişlər və daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmiş və orada polis əməkdaşları ilə yanaşı vəkilin də iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan boz rəngli gödəkcənin sağ üst yan cibindən sellofan bükümdəki narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin sellofan büküm ağ zərfə qoyularaq «203» saylı möhürlə möhürlənmiş, özü və vəkili tərəfindən imza edilməklə təsdiqlənmişdir. Polis əməkdaşlarının müvafiq suallarına cavab olaraq bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroindir və onu 04 aprel 2024-cü il tarixdə saat 16 radələrində Salyan şəhərində olarkən Salyan avtomobil dairəsinin ətrafında, yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt ətrafda heç kimi görməmiş və orada tək olmuşdur. Həmçinin tapdığı həmin narkotik vasitədən heç kimə satmamış, verməmiş və ya bağışlamamışdır. Qeyd edir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olmayıb. Hal-hazırda da heç bir narkotik vasitədən istifadə etmir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəridir. Neftçala rayonu, Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs şöbənin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında saxlanılması məqsədilə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Əməliyyat tədbiri 04 aprel 2024-cü il tarixdə baş tutmuşdur və həmin tədbirdə polis əməkdaşlarından Şahid1 və Şahid3 da iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və istifadəsində şübhəli şəxs kimi həmin gün saat 16.50 radələrində Neftçala rayonu, Xıllı qəsəbəsində yaşadığı evin yaxınlığında, küçədə saxlanılmış, daha sonra rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin növbətçi hissəsində müvafiq sənədləşmə işləri təhqiqatçı Abdulalı Bağırovun rəhbərliyi altında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əvvəlcə qanunla nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, daha sonra isə polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sağ üst yan cibindən sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid «203» saylı möhürlə möhürlənmiş və maddi sübut olaraq götürülmüşdür. Həmin ağ zərfi orada olan vəkil və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu 04 aprel 2024-cü il tarixdə 16 radələrində Salyan şəhərindəki avtomobil dairəsinin yaxınlığında yerdən tapdığını, həmçinin şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 05 aprel 2024-cü il tarixli 3-16-16/2-18/379 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,635 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. 07 may 2024-cü il tarixli 420 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür». Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını, həmçinin bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 1(011)-460/2022 nömrəli iş üzrə 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 03 noyabr 2022-ci il tarixindən hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin təqsirləndirilən şəxsin yuxarıda göstərilən hökm üzrə məhkumluğu götürülmədiyinə və ya ödənilmədiyinə baxmayaraq Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin qüvvəsinə görə əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı digər hal da müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,585 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 21 avqust 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,585 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar