Məhkəmə qərarları › İş №1(053)-45/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-45/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-45/2025 30.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və X1 iştirakı ilə 17 avqust 2003-cü ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 04 iyul 2025-ci ildə ittiham aktı ilə birlikdə Neftçala Rayon Prokurorluğundan Neftçala Rayon Məhkəməsinə daxil olub. İş üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: “... Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü ilin iyun ayının ortalarından həmin ilin sentyabr ayının sonuna kimi olan müddət ərzində saat 17:00-dan saat 02:00-dək gecə növbəsində işlədiyi vaxtlarda Neftçala rayonunun Həsənabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin 7 saylı filialından hər biri 3,10 manat olan 45 ədəd “X7 compakt blue”, hər biri 3,10 manat olan 50 ədəd “X7 nano aroma”, hər biri 4,20 manat olan 45 ədəd “winston XSTYLE dual”, hər biri 4,40 manat olan 45 ədəd “kent 4”, hər biri 4,40 manat olan 47 ədəd “kent 8”, hər biri 4,40 manat olan 40 ədəd “kent nano”, hər biri 3,10 manat olan 45 ədəd “Winchester compakt”, hər biri 3,10 manat olan 48 ədəd “Rothmans blue”, hər biri 4,70 manat olan 41 ədəd “sobranie kiss blue”, hər biri 2,90 manat olan 60 ədəd “west silver”, hər biri 2,60 manat olan 29 ədəd “Magna” markalı siqaretləri, hər biri 0,50 manat olan 50 ədəd “chupa cups”, hər biri 3,70 manat olan 30 ədəd “Chipsim”, hər biri 3,99 manat olan 28 ədəd “Lays paprika” cipsilərini, hər biri 4,57 manat dəyərində 4 ədəd “Doyaruşka” kərə yağını, hər biri 2,75 manat olan 33 ədəd “Xırdalan non fıltred”, hər biri 2,39 manat olan 37 ədəd “Xırdalan alkoqulsuz”, hər biri 2,59 manat olan 16 ədəd “kulice” pivələrini, hər biri 3,50 manat olan 16 ədəd redbull, hər biri 1 manat olan 50 ədəd hell enerji içkilərini, hər biri 16 manat olan 4 ədəd 1 litrlik “Miçman”, hər biri 12 manat olan 4 ədəd 0,7 litrlik zalatoy kalço, hər biri 5,40 manat olan 23 ədəd 0,5 litrlik tarqovi, hər biri 5,40 manat olan 5 ədəd 0,5 litrlik xan markalı araqlarını, 154 manat dəyərində süd məhsullarını, kiloqramı 15 manat olan 10 kiloqram “best beff”, kiloqramı 12 manat olan 5 kiloqram “ocaq”, kiloqramı 20 manat olan 1 kiloqram “oxotnik”, kiloqramı 6 manat olan 6 kiloqram “klassik” markalı kolbasaları, hər biri 5,59 manat olan 18 ədəd tom balığı konservasını, hər biri 3,89 manat olan 10 ədəd “scumberya” markalı konservanı, ümumilikdə 3.210,04 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayaraq oğurluq etmişdir». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət aşağıdakı kimi əsaslandırılır: «Məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdirilməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 21 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, irəli sürülmüş ittihamın məzmununda cinayətin obyektiv cəhəti mövcud deyil, təqsirləndirilən şəxs tərəfindən cinayətin hansı üsulla törədilməsi müəyyən edilməmişdir. İttiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Qeyd edilən uyğunsuzluq CPM-nin 298.3.1 və 289.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlara dair normalarda özünü göstərir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-ci maddəsinin tələblərinə əsasən məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair ittiham aktının müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin əməlin konkret olaraq hansı üsulla törədilməsi əks olunmamışdır. Ona görə də şəxs nədə təqsirləndirildiyini bilmir. Həmçinin, hazırkı cinayət hadisəsi üzrə müstəntiq tərəfindən CMnin 179-cu maddəsinə hüquqi qiymət verilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs marketdə kassir-satıcı işləmiş, ona həvalə edilmiş əmlakı talamışdır. Odur ki, əməlin hüquqi tövsifinə bir daha diqqət edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsində bildirilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda qeyd edilən hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Həmçinin, cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin hüquqları və sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur”». Dövlət ittihamçısı əməlin törədilməsi üsulu ilə bağlı məhkəmənin hazırlıq iclasında həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs mağazadan alınmış məhsulların dəyərini (pul məbləğini) müştərilərdən almış, lakin həmin məbləğləri lazımi üsulla kassaya mədaxil etməyərək mənimsəmişdir (bu hallar iş materiallarına əlavə edilmiş videogörüntülərlə təsdiqlənir). Videogörüntülərdə müşayiət olunan malları nəzərdən keçirdikdə isə görünür ki, onların dəyəri hər bir halda ittiham aktının nəticəvi hissəsində qeyd olunan ümumi məbləğdən xeyli azdır. Təqsirləndirilən şəxsin digər malları talaması və ya mənimsəməsi isə mağaza rəhbərinin ifadəsindən başqa heç bir sübutla təsdiqlənmir. Və təəccüblüdür ki, müəyyən malların talanması və ya mənimsənilməsi videogörüntülərlə müşahidə olunduğu halda, təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda bu mallar ümumiyyətlə qeyd edilməyib. Bununla yanaşı, ittiham aktının nəticəvi hissəsini nəzərdən keçirdikdə belə təsəvvür yaranır ki, sanki təqsirləndirilən şəxs ittiham aktının nəticəvi hissəsində sadalanmış malların bilavasitə özünü talayıb. Çünki, ittiham aktının nəticəvi hissəsində belə də qeyd olunub: “... ümumilikdə 3.210,04 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayaraq oğurluq etmişdir”. İşin mahiyyəti isə bundan fərqlidir. Belə ki, iş materiallarından təqsirləndirilən şəxsin bilavasitə malları deyil, onların satış dəyərini təşkil edən pul məbləğlərini oğurladığı və ya mənimsədiyi görünür. Belə olan halda ittiham aktı qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib dövlət ittihamçısının dəlilləri ilə əsasən razılaşaraq, eyni zamanda aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında hər bir halda “aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə” məsələyə baxılır. Həmin Məcəllənin 223.1 və 223.2-ci maddələrinə əsasən “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur”, “Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır”. Eyni Məcəllənin 223.3.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti” göstərilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti tələbləri müvafiq məlumatların şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara daxil edilməsini təmin etmək yolu ilə onun verilmiş ittiham barədə tam məlumatlandırılmasını təmin edir. Təqsirləndirilən şəxs (müdafiə tərəfi) müvafiq məlumatı aldıqda irəli sürülmüş ittihama qarşı müdafiəsini təşkil etmək imkanı əldə edir ki, bu da son nəticədə cinayət prosesinin digər prinsipləri ilə yanaşı çəkişmə, qanunçuluq, obyektivlik, ədalətlilik və s. aidiyyəti prinsiplərini təmin etmiş olur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və ona həmin maddə ilə ittiham elan olunmasına dair müstəntiqin 21 iyun 2025-ci il tarixli qərarının təsviriəsaslandırıcı hissəsi iş üzrə ittiham aktının nəticəvi hissəsi ilə faktik olaraq eyni məzmundadır. Yəni, müstəntiqin 21 iyun 2025-ci il tarixli qərarında da təqsirləndirilən şəxsin “... ümumilikdə 3.210,04 manat dəyərində əmlakı vahid niyyətlə gizli olaraq talayaraq oğurluq” etdiyi göstərilir. Azərbaycan Respublikası CPM-nin 7.0.21-ci maddəsinə əsasən “ittiham tərəfi – birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır”. Həmin Məcəllənin 7.0.23-cü maddəsinə əsasən “prokuror – öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir”. Göründüyü kimi, cinayət prosesində müstəntiq, ittiham aktını təsdiq etmiş prokuror və dövlət ittihamçısı eyni bir tərəfi, yəni ittiham tərəfini təmsil edirlər. Cinayət prosesinin hazırkı mərhələsində ittiham tərəfini məhkəmədə təmsil edən dövlət ittihamçısı isə bildirir ki, əsl reallıqda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus olan malları deyil, onların satış dəyərini təşkil edən pul məbləğlərini oğurlayıb və ya mənimsəyib. İttiham tərəfinin bu mövqeyini, eyni zamanda işin digər faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, müstəntiq yuxarıda qeyd olunan 21 iyun 2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə üsulunu, tövsifedici əlamətlərini və işə aid digər əhəmiyyətli halları düzgün göstərməməklə müdafiə tərəfini ittihamın mahiyyəti barədə düzgün məlumatlandırmamış, bununla da müdafiə tərəfinin verilmiş ittihama qarşı müdafiəsini təşkil etmək imkanını məhdudlaşdırmışdır. Belə olan halda təqsirləndirilən şəxsin müdafiə hüququ iş üzrə ibtidai araşdırma dövründə pozulmuş sayılmalıdır. Göstərilənlər eynilə ittiham aktına da aiddir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən “İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir”. İş üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş ifadələrin məzmunundan görünür ki, təqsirləndirilən şəxs müştərilərin aldığı bəzi malları kassada olan skanerin qarşısına aparıb oxudulmuş kimi göstərsə də, oxutmamış, bəzilərini kassaya daxil etməmiş, bəzilərinin əvəzinə daha ucuz malları kassaya daxil etmiş, bununla da müştəridən aldığı pul məbləğlərini zərərçəkmiş hüquqi şəxsin kassasına mədaxil etməmək yolu ilə mənimsəmişdir. İttiham aktının nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin bilavasitə müvafiq malları gizli olaraq taladığı (oğurladığı) göstərilir. Beləliklə, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham düzgün təsvir olunmuş sayıla bilməz. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır». Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən CPM-nin 303.3.1 – 303.3.9-cu maddələrində sadalananlar prosessual qanunvericiliyin kobud pozuntusu sayılırlar. Eyni Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən «təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)»; «cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması» cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma dövründə yol verilmiş prosessual pozuntuların mövcud vəziyyətdə məhkəmə tərəfindən aradan qaldırılması mümkün deyil. Cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin olunmaqla cinayət işinin materiallarına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokuroruna qaytarılmalıdır. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən həmçinin nəzərə alır ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılmasına dair vəsatəti cinayət işi üzrə məhkəmə icraatının başlanmasının təşəbbüskarı olmuş ittiham tərəfinin özü verib. Məhkəmə ibtidai araşdırma dövründə yol verilmiş prosessual pozuntularla yanaşı bu halı da nəzərə alır və hesab edir ki, vəsatətin mövcud vəziyyətdə təmin olunmaması ittiham tərəfinin məhkəmə araşdırması dövründə mövqeyini tənasübsüz zəiflətməklə cinayət prosesinin çəkişmə, qanunçuluq, obyektivlik, ədalətlilik və s. aidiyyəti prinsiplərini pozmuş olar. Beləliklə, ibtidai araşdırma dövründə yol verilmiş prosessual pozuntular tək müdafiə tərəfinin deyil, eyni zamanda ittiham tərəfinin də müvafiq imkanlarını məhdudlaşdırıb. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları da qeyd etməyi də zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində «cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə» qərar qəbul edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən «306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi”. Məhkəmə cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət isinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar