Məhkəmə qərarları › İş №1(053)-46/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-46/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-46/2023 07.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1983-cü il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala şəhəri, Məhəllə 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)-30/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə ittiham edildiyi əməli cinayət sayılmadığından islah işləri cəzasından azad edilməklə məhkumluğu olmayan şəxs hesab edilmiş, 20 – 22 fevral 2023-cü il tarixləri üzrə tutulmuş, 22 fevral 2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,134 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib üzərində daşıyaraq saxlamış, 20 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 1,134 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala şəhəri, Məhəllə 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Təxminən 3 ildir ki, narkotik vasitələrdən arabir olanda istifadə edir. Qeyd edir ki, təminən 2021-ci ilin mart ayında evlərindən çıxıb mağazaya gedərkən, yaxınlıqda yerdə sellofan büküm diqqətini cəlb etmişdir. Həmin sellofan bükümü gizlincə götürüb baxdıqda, içərisində narkotik vasitə olan tiryəki görmüşdür. Daha sonra həmin sellofanda olan tiryəki şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin vaxtdan sonra bir neçə dəfə tiryəkdən müxtəlif vaxtlarda istifadə etmişdir. Sonra da gətirib evdə gizlətmişdir. 20 fevral 2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmuş və həmin sellofanda olan tiryək cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-ya aparacaqlarını bildirərək onu avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala RPŞda təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib, üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarın sağ yan cibində sellofanda olan narkotik vasitə tiryəki təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 20 fevral 2023-cü il tarixdə, saat təxminən 15 radələrində daxil olan əməliyyat məlumatı əsasında Zeynalov X1 şəhəri, H.Əliyev prospektində tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nın növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Həmin sellofan kəsiyi bükümü yenidən eyni qayda ilə bağlanaraq zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2023-cü il tarixli, 18/207 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 1,134 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə- tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). xx.xx.2023-cü il tarixli, 298 nömrəli məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,034 qram təşkil edən, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 – 22 fevral 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,034 qram təşkil edən, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar