Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-47/2025 30.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2009-cu il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, 23 iyun 2025-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə axşam saatlarında Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan heyvanların saxlanıldığı fermanın həyətindəki tövlədən qanunsuz olaraq hər birinin dəyəri 357 manat olan 2 baş dişi qoyunu, ümumilikdə 714 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar 2023-cü ilin may ayının sonunda günü istintaqa məlum olmayan tarixdə axşam saatlarında Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fermanın ərazisndən açıq sahədən qanunsuz olaraq hər birinin dəyəri 357 manat olan 2 baş dişi qoyunu, ümumilikdə 714 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrar 2023-cü ilin iyun ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə axşam saatlarında Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fermanın ərazisindən açıq sahədən qanunsuz olaraq hər birinin dəyəri 357 manat olan 3 baş dişi qoyunu, ümumilikdə 1071 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Neftçala şəhər sakini olan fermer Zərərçəkmiş şəxs tanıyır. Onunla yaxşı və səmimi münasibəti olub. Belə ki, onun atası Omrah Əbilov uzun müddət Fuadin fermasında çoban işləmiş və xırdabuynuzlu heyvanlara baxmışdır. Atası Fuadin fermasında 2015-ci ildən etibarən işləməyə başlamışdır. Onun pula ehtiyacı olduğu üçün 2023-cü ilin may ayının əvvəlində Zərərçəkmiş şəxs məxsus olan Neftçala şəhərindəki “X7”sinin yaxınlığında yerləşən fermadan axşam saat təxminən 17-18 radələrində birinci dəfə 2 baş, may ayının sonlarında ikinci dəfə 2 baş və sonuncu dəfə 2023-cü ilin iyun ayının əvvəlində 3 baş olmaqla ümumilikdə 7 baş qoyunu tək oğurlayaraq tanışı olan Neftçala rayonu, Xıllı qəsəbə sakini Seymur adlı şəxsə hər birini 100 manat satmışdır. Belə ki, Seymurun özünə məxsus olan, idarə etdiyi “VAZ- 2107” markalı avtomobili olmuş və hər dəfə ona zəng edərək onu çağıranda Seymur, Neftçala şəhərindəki “X5”nin yaxınlığında yerləşən fermanın ətrafına gəlmişdir. Orada Seymurla görüşüb oğurladığı qoyunları ona hər biri 100 manata olmaqla satmışdır. Onun oğurladığı qoyunların hamsı dişi, qoca və ana qoyunlar olmuşlar. Qoyunların hamısının sahibi Zərərçəkmiş şəxs olmuşdur. O, qoyunların oğurluq olması barədə Seymura heç bir söz deməmişdir. Seymur da bunu ondan soruşmamışdır. O, qoyunları Seymurun avtomobilinə yükləməkdə də ona köməklik etmiş və qoyunları Seymura satarkən özlərinə məxsus olduğunu demişdir. Seymur onun atasının Zərərçəkmiş şəxs məxsus olan fermada çoban işlədiyini əvvəldən bilmişdir. Atası Şahid2 da onun törətdiyi oğurluq cinayəti hadisəsi barədə heç bir məlumatı və xəbəri olmamışdır. O, oğurluqları tək özü ehtiyac ucbatından törətmişdir. Atası Əmrahın bundan xəbəri olmamış, hərdən atasının şəxsi işi olanda fermaya nəzarət etməyi ona tapşırmış, Fuad da ona icazə vermişdir ki, istənilən vaxt fermaya atasının yanına sərbəst girib-çıxsın, o da həmin vaxt fürsətdən istifadə edib qoyunları gizlincə oğurlamışdır. Qoyunların hamısını eyni vaxtada oğurlamamışdır ki, atası Əmrah və qoyunların sahibi Fuad ondan şübhələnər, ona görə də fürsət düşən kimi qoyunları oğurlayıb satmışdır. Onlar da elə bilmişlər ki, qoyunları vəhşi heyvanlar yeyib ya da itib. Pula ehtiyacı olanda oğurluq etmişdir. Birinci dəfə 2 baş qoyunu oğurlayanda özünə söz vermişdir ki, daha oğurluq etməyəcək, sonra yenə də pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. O, qoyunları birinci dəfə Fuadın fermasının ərazisindəki tövlə binasından, sonralar isə açıq sahədən oğurlamış, həmin vaxt heç kim görməmişdir. İfadəsində göstərdiyi 7 qoyun oğurluğu cinayəti hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmiş, özündən başqa bu barədə heç kim heç nə bilməmiş, bu barədə heç kimin heç bir məlumatı da olmamışdır. O, axşam saat təxminən 17-18 radələrində tək fermaya gəlmiş, ətrafda sakitliyin olduğunu görüb fermanın həyətində olan qoyun-quzu saxlanılan tövlənin qapısını açaraq içəri daxil olmaqla, ya da fermada açıq sahədən qoyunları qabağına salıb yavaşyavaş fermadan kənara çıxartmaqla oğurlamışdır. Əvvəl elə bilmişdir ki, oğurladığı qoyunların ikisi atasının olub, sonradan bilib ki, həmin qoyunlar atası Əmrah Poladova deyil, fermer Zərərçəkmiş şəxs məxsus olan qoyunlar olmuşdur. O, ilkin izahatında qoyunları oğurlayarkən tanışı Amin adlı şəxsin kömək etdiyini, ona 100 manat pul verdiyini göstərməsini fikrini düzgün izah edə bilməməsi ilə əlaqədar olduğunu qeyd etmiş, özü tək qoyunları oğurlamış və Aminin bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, cinayət işi üzrə özünü bütün epizodlar üzrə təqsirli bilir, törətdiyi əməllərdən peşmandır.Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs şikayətçi deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını, ona dəymiş zərərin tam olaraq ödənildiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o heç bir yerdə işləmədiyini və yaşadığı Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində heyvandarlıq təsərrüfatı ilə məşğul olmaqla dolandığını bildirmişdir. Qeyd etmişdir ki, 2023-cü ilin may-iyun ayında saxladığı qoyunlardan 7 baş heyvanının, may ayının əvvəlində 2 baş, may ayının sonunda 2 baş, 2023-cü ilin iyun ayının əvvəlində 3 başının yerində olmadığını aşkar etmişdir. O, həmin vax qoyunlarının həmişə otarılan çöl, örüş otlaq sahəsindən naməlum istiqamətdə gedərək itdiyini və ya vəhşi heyvanlar yediyini fikirləşdiyi üçün bu barədə heç bir hüquq mühafizə orqanına yazılı və ya şifahi qaydada heç bir məlumat verməmiş və müraciət də etməmişdir. 2024-cü ilin dekabr ayının əvvəlində qoyunlarının fermada çoban işləyən Əmrahın oğlu Poladın oğurladığını bildiyindən 09 dekabr 2024-cü il tarixdə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məlum olmuşdur ki, onun qoyunlarını təsərrüffatında çoban işləyən Neftçala şəhər sakini Təqsirləndirilən şəxs oğurlayaraq satmışdır. Baş vermiş oğurluq cinayəti hadisəsi nəticəsində ona ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində, daha dəqiq 2499 manat maddi ziyan dəymişdir. Onun hər bir qoyununun qiyməti təxminən 357 manat olmaqla həmin qoyunların hamısı dişi-doğar qoyunlar olmuşdur. Qoyunların hamısı ağ rəngdə olmuşdur. Təqsirləndirilən şəxs tez-tez atası Əmrahın yanına gəlib getmiş, o da buna icazə vermişdir. Atasının işi olanda qoyunlara hərdən Polad baxmış, ona elə gəlir ki, Polad qoyunları tövlə binasından ya da, fermanın ərazisindəki açıq sahədən oğurlayıb satmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır. Qeyd edir ki, Neftçala şəhər sakini olan Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxşı və səmimi münasibəti də var. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs Neftçala Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə vermiş olduğu izahat və ifadə ilə tanış olub. Bu barədə onu deyə bilər ki, Təqsirləndirilən şəxs dedikləri doğru və həqiqətdir. O, 2023-cü ilin may ayında Neftçala şəhərindəki “X7”sinin yaxınlığında yerləşən fermadan daimi olaraq çoban işləyən Əmrahın azyaşlı oğlu Poladdan 3 dəfə yəni, birinci dəfə 2 baş ikinci dəfə 2 baş və sonuncu dəfə də 3 baş olmaqla ümumilikdə 7 baş qoyunu tək hər birini 100 manatdan almışdır. Belə ki, onun, özünə məxsus olan, idarə etdiyi “VAZ- 2107” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili var və hər dəfə Polad ona zəng edərək onu çağırıb. O, Neftçala şəhərindəki “X5”nin yaxınlığında yerləşən fermanın ətrafına gəlmişdir. Orada Poladla görüşüb gətirdiyi qoyunların hər birini 100 manatdan olmaqla Poladdan alıb. Poladın ona satdığı qoyunların hamısı dişi, qoca və ana qoyunlar olmuşdur. O, qoyunların oğurluq olması barədə heç nə bilməyib və Polad da ona heç bir söz deməmişdir. O da bunu Poladdan soruşmamışdır. Polad qoyunları onun avtomobilinə yükləməkdə də ona köməklik edib və qoyunları ona satarkən özlərinə məxsus olduğunu demişdir. O, Poladın atası Əmrahın Zərərçəkmiş şəxs məxsus olan fermada çoban işlədiyini əvvəldən bilmişdir. O, Poladdan aldığı qoyunları aparıb Salyan rayonunun heyvan bazarında aldığı qiymətin üstünə 20-30 manat da qoymaqla tanımadığı adamlara satmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Azərbyacan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək oğluna qarşı ifadə verməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan: 14 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, HK-1/1222/2024 saylı ilkin araşdırma materialı üzrə fakta görə Azərbyacan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqın aparılması davam etdirilmişdir. 14 mart 2025-ci il tarixli materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, X6 və X1 Neftçala rayonu, 2-ci Mayak kənd sakini X3 məxsus olan ərzaq malları mağazasında törətmiş olduqları oğurluq cinayəti ilə bağlı toplanmış HK- 1/1218 saylı material qüvvədə olan qanunvericiliyə görə bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilməli olduğundan bir icraatda birləşdirilərək “250680024” saylı statistik nömrə ilə ibtidai istintaqı davam etdirilmişdir. 14 mart 2025-ci il tarixli materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, X1 Neftçala şəhər sakini X4 məxsus olan ərzaq malları mağazasında törətmiş olduğu oğurluq cinayəti ilə bağlı toplanmış HK-1/1220 saylı material qüvvədə olan qanunvericiliyə görə bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilməli olduğundan bir icraatda birləşdirilərək “250680024” saylı statistik nömrə ilə ibtidai istintaqı davam etdirilmişdir. 10 aprel 2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan “250680024” saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 20 aprel 2025-ci il tarixli şahidin qanuni nümayəndəsi kimi tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan “250680024” saylı cinayət işi üzrə şahid Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün anası Qanuni nümayəndə kimi tanınmışdır. - "xxxx" Müəssisəsinin xx.xx.2025-ci il tarixli arayından görünür ki, 2023-cü ilin mayiyun aylarında Neftçala rayonu ərazisində alıcılar və satıcılar arasında 1 baş qoyunun orta bazar qiyməti təxminən 350 (üç yüz ǝlli) manat təşkil etmişdir. 01 iyun 2025-ci il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan “250680024” saylı cinayət işi üzrə icraat hadisəni törədən şəxsi (şəxsləri) müəyyən edərək cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadığı üçün təqsirləndirilən şəxs müəyyən olunana kimi dayandırılmışdır. xx.xx.2025-ci il tarixli, 1052 nömrəli xasiyyətnamədə qeyd edilir ki, 2009-cu ildə Neftçala şəhərində anadan olmuş, azərbaycanlı, subay, hal-hazırda təhsil almayan, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Neftçala şəhər İƏDÜN-nə yazılı və ya şifahi şikayət daxil olmamışdır. 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan “250680024” saylı cinayət işi üzrə dayandırılmış icraata təzələnmiş və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılmasının davam etdirilməsi haqqında qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. 23 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Neftçala RPŞ-in CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Neftçala şəhər sakini Zərərçəkmiş şəxs məxsus 7 baş qoyunu ayrı-ayrı vaxtlarda Neftçala şəhəri, M.Ə.Sabir küçəsində olan fermadan oğurlayaraq Neftçala rayonunun Xıllı qəsəbə sakini Şahid1 hər biri 100 manat pula satdığı qoyunları tapmaq mümkün olmamışdır. Qərardan həmçinin görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən CM-nin 177.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəln olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. 23 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən elan edilmiş zərərçəkmiş şəxs və məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçməsi aşkar olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğurluq əməlini törətməsi sübuta yetirilsə də, lakin əməlin təkrar törədilmə faktı kimi qiymətləndirilməsinə hüquqi əsas qalmamışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus (may ayının əvvəlində 2 baş, may ayının sonunda 2 baş, 2023-cü ilin iyun ayının əvvəlində 3 baş olmaqla, cəmi 7 baş qoyunu -2500 manat məbləğində) gizli olaraq talama nəticəsində təkrar oğurluq yolu ilə ələ keçirərək, təqsirləndirildiyi 3 epizod üzrə cinayət əməlləri 2023-cü ilin may-iyun aylarında baş verdiyindən və hadisənin törədildiyi vaxtdan bir ildən (təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir) artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti hər bir epizoda aid hissədə keçmişdirş Belə olan halda hazırki iş üzrə zərər çəkmiş şəxsə qarşı oğurluq nəticəsində vurulmuş zərərin məbləği 5000 min manatdan artıq olmadığından (cinayətlərin təsnifatına görə hər bir əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir) və qünunvericiliyin də müəyyən etdiyi normaya uyğun olaraq törədilən hər bir əməl üzrə məsuliyyətə cəlbetmə müddəti müstəqil formada hesablanmalı olduğundan sonuncunun törətdiyi cinayət əməlinin təkrar törədilmə halı kimi qiymətləndirilməsinə əsas qalmamış, irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edilmişdir. Qeyd edilən müddətlərin keçməsi onun tərəfindən həmin əməllərin törədilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinyət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki,“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Eyni Məcəllənin 91-ci maddəsinə əsasən «Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır». Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. İstinad olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərinə düzgün qiymət verilərək onun əməllərində cinayətlərin təkrar törədilməsi müəyyən edilsə də, hazırda yaranmış mövcud vəziyyətlə əlaqədar sonuncunun ittiham olunduğu bütün epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam veriləcəyindən artıq onun əməlində cinayətlərin təkrar törədilməsi halı mövcud olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş 3 (üç) epizod üzrə hər bir cinayətə görə əmlakın mülkiyyətçisinə dəymiş ziyanın məbləği 5000 (beş) min manatdan artıq olmadığından ayrı-ayrılıqda hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti müstəqil hesablanmaqla həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən üç (üç) epizod üzrə törədilmiş hər bir cinayətə əməllərinə görə 01 (bir) ildən artıq müddət keçdiyindən və müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 66(altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 66 (altmış altı) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Salyan rayon filialı, kod 805885, VÖEN **********, m/h AZ03NABZ********************, S.W.İ.F.T. İBAZAZ2X, hesab AZ74İBAZ********************, VÖEN: **********) ödənilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №1(053)-47/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-47/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver