Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-48/2023 20.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1972-ci ildə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 04 mart 2016-ci il tarixli 110K nömrəli əmri ilə Neftçala rayonu Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3»na və əmək müqaviləsinə əsasən müəssisənin fəaliyyətinə rəhbərlik etmək, müəssisəsinin ayrı-ayrı bölmələrinin işini səmərəli təşkil etmək, pul vəsaitinin düzgün xərclənməsinin və əmlakın qorunmasının təmin edilməsi, təsərrüfat müqavilələri və maliyyə sənədlərinin imzalanması, müəssisənin əmlakından və vəsaitindən istifadə edilməsi üçün əmr, sərəncamın verilməsi, etibarnamələrin imzalanması, müəyyən olunmuş qaydada işə qəbul və işdən azad edilməsi üçün tədbirlərin görülməsi, səlahiyyəti çərçivəsində olan məsələlər üzrə qərarın qəbul edilməsi, işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Neftçala Rayon İdarəsinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə vahid niyyətlə talamaq məqsədilə X6 X5 Sağlamlığı İdarəsinin rəisi kimi 03 iyul 2018-ci il tarixli 23 nömrəli əmri ilə Neftçala Rayon Baytarlıq İradəsinin sürücü vəzifəsinə təyin etdiyi Şahid1 faktiki olaraq işə gəlməməklə heç bir əmək fəaliyyəti ilə məşğul olmamasına baxmayaraq, onun işdən çıxarılması üçün qəsdən qanuni addımları atmayıb, qanunsuz olaraq göstəriş verərək Şahid1 hər ay əməkhaqqının hesablanaraq ödənilməsini bildirib, həmin idarədə mühasib vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid2 tərəfindən hər ay tərtib edilmiş «Aqrar Xidmətlər Agentliyinin Neftçala Rayon Baytarlıq İdarəsi»nin işçilərinin əməkhaqqını hesablama cədvəllərinə Şahid1 adının qeyd edilməsinə nail olaraq, şəxsən Aqrar Xidmətlər Agentliyinin Neftçala Rayon Baytarlıq İradəsinin Neftçala şəhəri, H.Əliyev prospekti 37A ünvanında yerləşən inzibati binasında rəsmi sənəd olan idarənin işçilərinin əməkhaqqını hesablama cədvəlinə tamah niyyətlə Şahid1 guya işə gəlməsi barədə biləbilə yalan məlumatlar daxil edərək şəxsən imzalayıb idarənin möhürü ilə təsdiq etməklə həmin sənədlərin 2018-ci ilin iyul ayından 2022-ci ilin mart ayınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Neftçala rayonu üzrə Xəzinədarlıq şöbəsinə göndərməsi ilə əlaqədar Şahid1 qeyd olunan dövr üzrə əməkhaqqı və məzuniyyət ödənişi üzrə adına açılmış "xxxx" ASC-də 416974******8508 nömrəli plastik əməkhaqqı kartını sonuncudan alıb özündə saxlamaqla həmin karta 15 avqust 2018-ci il tarixdən 02 mart 2022-ci il tarixədək aylar üzrə müxtəlif məbləğlər olmaqla ümumilikdə köçürülmüş cəmi 9.052 (doqquz min əlli iki) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaitini Neftçala rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən həmin banka məxsus bankomatlardan, eləcə də sonuncu dəfə 02 mart 2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən «Bizim Market» satış məntəqəsinin qarşısında quraşdırılmış "xxxx" ASC-yə aid bankomatdan çıxarılmasına və digər şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə məxsus olmaqla, ona etibar edilmiş cəmi 9.052,38 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Yuxarıda təsvir olunmuş əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ittiham elan edilmişdir. Qeyd olunur ki, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 20 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilmiş, onun həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 1994-cü ildə X7 Universitetinin Baytarlıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra yaşadığı Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində əkinçilik və maldarlıqla məşğul olmuş, daha sonra 2010-cu ildən Neftçala Baytarlıq İdarəsinin Laboratoriya şöbəsinin müdiri kimi işə başlamış və 04 mart 2016-cı il tarixdən isə Kənd Təsərrüfatı nazirinin əmri ilə Neftçala Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra edən təyin edilmişdir. Buna baxmayaraq 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək idarənin rəisi vəzifəsini icra edən İlham Abdullayev olmuş və yenidən o, 2019-cu ilin sentyabr ayından idarə rəisi təyin olunmuşdur. İdarə rəisi kimi işi rayon ərazisi üzrə heyvan xəstəliklərinin profilaktikası və ləğvi üzrə tədbirlərin yerinə yetirilməsi, dövlət tərəfindən verilmiş peyvəndlərlə təhlükəli yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə rayon ərazisində olan sakinlərin və fermerlərin heyvanlarına peyvəndləmə işləri aparmaq və s. olmuşdur. Qeyd edir ki, Şahid1 rəis işlədiyi dövrdə 2018-ci ilin iyul ayından idarənin sürücüsü kimi şəxsən tərəfindən əmr imzalanmaqla işçi kimi qeydiyyata alınmışdır. Lakin bir ay işlədikdən sonra Şahid1 öz ərizəsi ilə təyin olunduğu vəzifədən azad olunmuşdur. Buna baxmayaraq 2019-cu ilin oktyabr ayından idarənin rəisi olduğu zaman yenidən Şahid1 idarənin sürücüsü kimi tərəfindən əmr imzalanaraq işə bərpa etsə də, sonuncu heç əsasən işə gəlməmişdir. "xxxx" ASC-nin Şahid1 məxsus əməkhaqqı kartı onda olmuş və karta mədaxil olan əməkhaqqı, ezamiyyə və idarə tərəfindən digər vurulmuş pul vəsaitlərini bankomatdan özü məxaric etmişdir. Həmçinin digər işçilər kimi Şahid1 sürücü təyin olunduğu gündən azad olunduğu günədək aylıq əməkhaqqı cədvəli tərəfindən imzalanaraq rayon Xəzinədarlıq şöbəsinə göndərilmiş, lakin həmin cədvəllərdə imza çəkən mühasiblərin bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 9.600 (doqquz min altı yüz) manat məbləğində nağd pul vəsaitini işin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş X1 depozit hesabına ödəyib. Bundan başqa vurulmuş 9.052,38 manat məbləğində ziyanın 25 faizi miqdarında, yəni 2.264 manat məbləğində dövlət büdcəsinə ödəniş edib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləğinin 9.052,38 manat məbləğində olması işin ibtidai istintaqı zamanı müəyyən olunmuşdur. Vurulmuş ziyanın əvəzi olaraq 9.600 manat məbləğində nağd pul vəsaitinin Azərbaycan Respublikası Baş X1 depozit hesabına ödənilməsindən də məlumatlıdır. Təmsil etdiyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə vurulmuş ziyanın əvəzi tam şəkildə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbin olmadığını bildirir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, əmək stajının hesablanması və gələcəkdə təqaüd alması məqsədilə iş üçün 2019-cu ilin əvvəllərində qonşu kənddə yaşayan Neftçala Rayon Baytarlıq İdarəsinin rəisi Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onu Neftçala Rayon Baytarlıq İdarəsinə sürücü kimi işə qəbul etmiş və bunun müqabilində ona təyin olunmuş əməkhaqqının əksər hissəsini özünün götürəcəyini bildirmişdir. Sonuncu həmin vaxtdan etibarən onun əməkhaqqı kartını özündə saxlamış və hər ay maaşını çıxararaq özünə götürmüşdür. O, isə həmin dövr üzrə öz şəxsi işləri ilə məşğul olduğundan həftədə 1-2 dəfə işə çıxmış, lakin 2021-ci ilin əvvəllərindən isə öz şəxsi işi olan kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğundan ümumiyyətlə işə çıxmamış və əməkhaqqı da almamışdır. Əməkhaqqı kartı Təqsirləndirilən şəxs qalmışdır. 2022-ci ilin əvvəlində isə Təqsirləndirilən şəxs onu işdən çıxarmışdır. Qeyd edir ki, işə davamiyyətlə bağlı qeydiyyat aparılsa da, işə getmədiyindən həmin davamiyyətlə bağlı jurnallara imza atmamışdır. İşlədiyi dövrdə əməkhaqqı "xxxx" ASC-yə məxsus adına olan karta vurulmuş və əməkhaqqı kartı Təqsirləndirilən şəxs olmuşdur. Bildirir ki, bununla bağlı Təqsirləndirilən şəxsla aralarında əvvəlcədən razılaşma olduğundan kartına vurulan əməkhaqqını sonuncu özü çıxardaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 11 noyabr 2019-cu ildən etibarən Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində böyük mühasib vəzifəsində işləyir. İşə qəbul olunduqdan sonra yeni ailə həyatı qurduğu üçün övladının dünyaya gəlməsi ilə əlaqədar olaraq 31 dekabr 2021-ci il tarixdən analıq məzuniyyətinə çıxmış və hal-hazırda da analıq məzuniyyətdədir. Xidməti işi idarənin səlahiyyəti daxilində olan idarəyə ayrılmış peyvəndlərin sahə baytar həkimlərinin arasında bölgüsünü aparmaqdan ibarət olmuşdur. Qeyd edir ki, işlədiyi dövr ərzində Şahid1 idarədə adı sürücü getsə də, tanımadığı üçün onu görməmiş və iş fəaliyyətinin şahidi olmayıbdır. İstintaqa təqdim olunan 2018-ci ili iyul ayından 2021-ci il oktyabr ayınadək olan əməkhaqqı, mükafatlandırma cədvəlləri ilə tanış olduqdan sonra bilmişdir ki, o Şahid1 idarədə sürücü işləyibdir. Ramili indi də tanımır. Cədvəllərdə olan imza ona məxsus olsa da, Şahid1 adının cədvəldə olmasına fikir verməmiş və cədvəlləri imzalayarkən bundan xəbərsiz olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Şahid2 idarədə əvvəllər onun yerində mühasib işlədiyi üçün tanıyır və 1 ildən artıq olar ki, analıq məzuniyyətinə çıxmış və bundan sonra işdə olmamışdır. Şahid1 isə idarədə adı sürücü getsə də, 2022-ci ilin yanvar ayından işə başladığı üçün həmin müddətdə onun iş fəaliyyətinin şahidi olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2022ci ilin əvvəllərindən etibarən Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində Xıllı sahəsi üzrə baytar həkimin köməkçisi kimi işə başlamış və 15 mart 2022-ci ilədək həmin vəzifədə işləmişdir. Həmin tarixdən hal-hazıra kimi isə Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Özəl baytarlarla iş şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Xidməti vəzifəsi özəl baytarların işinə nəzarəti həyata keçirməkdən ibarətdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətlərindən məlumatı, o cümlədən Şahid1 idarədə adı sürücü getsə də, 2022-ci ilin yanvar ayından işə başladığı üçün həmin müddətdə onun iş fəaliyyətinin şahidi olmayıb. İşin məhkəmə baxışı zamanı öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, uzun müddət Neftçala Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin baytar kimi çalışmışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə prokurorluğa müraciət etmiş, bir müddət sonra Salyan rayonuna gəlmiş baş prokurorun qəbulunda olmuş, prokuror da bu işi müstəntiq Natiq müəllimə tapşırmışdır. Natiq müəllim gəlib Neftçala rayonunda onları dindirmişdir. Bu məsələdən sonra özünün də bilmədiyi səbəbdən işdən uzaqlaşdırılmışdır. İdarənin rəisi, hazırda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən verilmiş əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə heç bir günahı olmadan işindən azad edilmişdir. Qeyd edir ki, işə bərpa tələbi ilə məhkəməyə də müraciət etmiş və işinə hər üç instansiya üzrə baxılmışdır, lakin hesab edir ki, məhkəmələr tərəfindən işi ilə bağlı ədalətli qərarlar verilməyib. Hazırda işinə qayıdıb, əvvəlki işində işləmək istəyir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 2016-cı ildən Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində çalışır. Təqsirləndirilən şəxs idarəyə rəis təyin olunduqdan sonra, yəni onun rəhbərliyi dövründə idarədə bir sıra xoşagəlməz hallar baş vermişdir. Belə ki, o, idarəyə rəis təyin olunduqdan sonra bir neçə şəxsi işə götürmüş, lakin həmin şəxslər demək olar ki, heç vaxt işə gəlməmişlər. Buna baxmayaraq dövlət büdcəsindən əməkhaqqı almışlar. Buna konkret misal olaraq idarənin sürücüsünü göstərə bilər. Sürücü heç vaxt işə gəlməmiş, onu idarənin demək olar ki, heç bir əməkdaşı tanımamış, lakin adı işdə getməklə hər ay əməkhaqqı almışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs idarəyə rəhbərlik etməsi olduqca aşağı səviyyədə olmuşdur. Göstərilənlərlə yanaşı ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2021-ci ildən Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində Dezinfeksiya dəstəsinin rəhbəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs idarəyə rəhbərlik etdiyi müddətdə yarıtmaz fəaliyyəti ilə idarənin nüfuzuna kifayət qədər xələl gətirmişdir. Hətta sosial şəbəkələrdə idarə ilə bağlı xoşagəlməz məqalələr, məlumatlar yayılmış və bunun nəticəsində idarənin əməkdaşları mükafatlardan məhrum edilmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs hətta süni mayalanma işlərini aparan əməkdaşlardan qanunsuz olaraq 500 manat miqdarında pul da tələb etmişdir. Təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamla bağlı bildirir ki, idarədə sürücü vəzifəsində işləmiş Şahid1 heç vaxt işdə görməyib. Öz təşəbbüsü (vəsatəti) ilə dindirilmiş şahidlərin məhkəməyə bildirdikləri ilə əlaqədar qeyd olunur ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbini rəhbər tutaraq məhkəmə hazırkı işə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham çərçivəsində baxmış, öz təşəbbüsü (vəsatəti) ilə dindirilmiş şahidlər Şahid5, Şahid6 və Şahid7 təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham çərçivəsindən kənara çıxan ifadələrini, o cümlədən şikayət və narazılıqlarını təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən nəzərə almamışdır. Təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, habelə şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurduğu zərərin əvəzini tam olaraq ödədiyini və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən «Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir». Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə əsasən «Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir», «Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə cinayət qanunun yuxarıda qeyd olunan müddəalarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq belə qənaətə gəlir ki, islah işləri cəzası hazırkı halda cəzanın CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədini təmin edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə islah işləri cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASCdən daxil olmuş 01 (bir) ədəd kompakt disk, Şahid1 əmək haqqı kartından çıxarışlar, Neftçala rayon Baytarlıq İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən idarənin sürücüsü təyin edilmiş Şahid1 vəzifəyə təyin və azad olma ilə bağlı 03 iyul 2018-ci il tarixli, 23 nömrəli, 28 avqust 2018-ci il tarixli, 28/1 nömrəli və 01 oktyabr 2019-cu il tarixli, 56 nömrəli əmrlərinin surəti, habelə 2018-ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayınadək olan əməkhaqqı və mükafatlandırma cədvəllərinin əsilləri cinayət işinin materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, "xxxx" ASC-dən daxil olmuş 01 (bir) ədəd kompakt disk, Şahid1 əmək haqqı kartından çıxarışlar, Neftçala rayon Baytarlıq İdarəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən idarənin sürücüsü təyin edilmiş Şahid1 vəzifəyə təyin və azad olma ilə bağlı 03 iyul 2018-ci il tarixli, 23 nömrəli, 28 avqust 2018-ci il tarixli, 28/1 nömrəli və 01 oktyabr 2019-cu il tarixli, 56 nömrəli əmrlərinin surəti, habelə 2018-ci ilin iyul ayından 2021-ci ilin oktyabr ayınadək olan əməkhaqqı və mükafatlandırma cədvəllərinin əsilləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-48/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-48/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver