Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-48/2025 03.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədilə 14 mart 2025ci il tarixdə saat 12 radələrində Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində sahilə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezon və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 15 mart 2025-ci il tarixdə saat 12.00-dək olan müddətdə 31 ədəd hər biri 33 manat olmaqla 1.023 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1.023 (min iyirmi üç) manat məbləğində maddi ziyan vurmuş, həmin tarixdə saat 12.20-də X3 İdarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 31 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, maddi vəziyyəti ağır olduğu üçün balıq tutmaqla ailəsini dolandırır. Balıq tutmaq üçün 01 ədəd rezin kombinezon və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə edir. 14 mart 2025-ci il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 12 radələrində Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində çayın sahilinə gəlib, özünə məxsus olan 01 ədəd rezin kombinezondan istifadə edərək Kür çayına girmişdir. Daha sonra əvvəlcədən özü ilə götürdüyü «Venter» adlandırılan balıqovlama vasitəsini Kür çayında qurub yaşadığı evə qayıtmışdır. Qurduğu balıqovlama vasitəsinə balıq düşməsi üçün 1 gün gözləmiş, 15 mart 2025-ci il tarixdə saat 12.00-da yenidən Kür çayının sahilinə gəlmişdir. Rezin kombinezondan istifadə edərək Kür çayına girmiş və əvvəlcədən qurduğu «Venter» adlandırılan balıqovlama vasitəsinə baxdıqda çoxlu sayda balıqları tutduğunu görmüşdür. Həmin gün saat 12.20-də balıqları və «Venter» adlandırılan balıqovlama vasitəsini sudan çıxardıb sahilə çıxarkən X3 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 01 ədəd rezin kombinezon və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz olaraq tutduğu 31 ədəd şamayı balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Kür çayından balıq ovlamağa rəsmi icazəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz olaraq tutduğu 31 ədəd şamayı balıqlarına baxış keçirib videogörüntü ilə çəkiliş apararaq müvafiq protokol tərtib etmişlər. Qeyd edir ki, qanunsuz balıq ovu nəticəsində dövlət balıq ehtiyatlarına dəymiş zərərdən 200 manat ödəniş edib. Qalan zərəri də ödəyəcək. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, 15 mart 2025-ci il tarixdə saat 12 radələrində X3 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı mübarizə xarakterli tədbirlər həyata keçirilmişdir. Həmin tədbir nəticəsində Neftçala şəhər sakini Təqsirləndirilən şəxs Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 31 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Neftçala şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1.023 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs bu günədək maddi ziyandan 200 manat ödəmiş, qalan məbləği isə ödəməmişdir. Ona görə də mülki iddianın ödənilməmiş 823 manatlıq hissəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, X3 idarəsinin Neftçala xətt polis məntəqəsinin rəisidir. 15 mart 2025-ci il tarixdə X3 idarəsinin Neftçala xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirmişlər. Həmin tarixdə saat 12.20-də Neftçala rayonu, Bankə qəsəbəsi istiqamətində Kür çayında qanunsuz balıq ovlamaqla məşğul olan Təqsirləndirilən şəxs saxlamışlar. Bununla bağlı videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 31 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 31 ədəd şamayı balıqlarını 01 ədəd rezin kombinezon və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi ilə Kür çayından ovlamışdır. O, həmçinin bildirmişdir ki, Kür çayında balıq ovu ilə məşğul olması üçün rəsmi icazəsi yoxdur. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, iki nəfər azyaşlı uşağının olmasını, həmçinin mülki tələbin bir qismini ödədiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, X3 idarəsinin Neftçala xətt polis məntəqəsində saxlanılan 01 ədəd rezin kombinezon və 01 ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi dövlət nəfinə keçirilməli, qanunsuz olaraq tutulmuş 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxsə qarşı mülki iddiasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1,179.2 və 179.3-cü maddələrinə əsasən «Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur», «Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir» və «Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir». Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir», «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına 1.023 manat miqdarında ziyan vurulub. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ibtidai istintaq dövründə təqdim etdiyi 08 aprel 2025-ci il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 33 manat, 31 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1.023 manat təşkil edir (33 manat x 31 ədəd = 1.023 manat). Beləliklə cinayət nəticəsində balıq ehtiyatlarına vurulan ziyanın ümumi məbləği 1.023 manat təşkil edir. Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurulmuş ziyandan 200 manat məbləğində ödəniş etmiş, qalan 823 manat ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu zərərin əvəzi kimi 823 (səkkiz yüz iyirmi üç) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Venter» adlandırılan balıqovlama vasitəsi və 01 (bir) ədəd rezin kombinezon dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 31 (otuz bir) ədəd şamayı balıqlarının ibtidai araşdırma dövründə fiziki şəxs X1 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlansın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 823 (səkkiz yüz iyirmi üç) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-48/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-48/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver