Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-49/2023 21.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Abasalılı kəndində qeydiyyatda olan və orada yaşayan, 24- 26 mart 2023-cü il tarixləri üzrə tutulmuş, 26 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə yaşadığı Neftçala rayonunun Abasalılı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qoyduğu, içərisinə torpaq doldurulmuş 2 ədəd dəmir vedrələrdə 12 ədəd, xeyli miqdarda əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 24 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada olan 2 ədəd dəmir vedrələrdə ümumilikdə 12 ədəd, xeyli miqdarda narkotik tərkibli əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Abasalılı kəndində ailəsi ilə birlikdə yaşayır. O, təxminən 1 ildir ki, arabir olanda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Qeyd edir ki, təxminən 2023-cü ilin fevral ayının əvvələrində Salyan şəhərindəki bazardan həyətində əkmək üçün göyərti toxumları almışdır. O, evə gətirdikdən sonra həmin toxumları əkmək istəyəndə görmüşdür ki, içində çətənə toxumları var. Təqsirləndirilən şəxs həmin çətənə toxumlarını tanımış və çətənə toxumlarını əkmək qərarına gəlmişdir. O, həmin ayın sonlarında çətənə toxumlarını içərisinə torpaq doldurub evinin həyətyanı sahəsinə qoyduğu 2 ədəd dəmir vedrələrdə əkmişdir. Onun məqsədi qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərini özü becərmək, yarpaqlarından toplayıb özündə saxlayaraq tədarükünü yığmaq olmuşdur. Bu barədə heç kimə bir söz deməmişdir. O, dəmir vedrələri evinin arxa tərəfinə qoyduğu üçün heç kim əkdiyi çətənə bitkilərini görə bilməzdi. Daha sonra həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamışdır. Həmin bitkilərə su verərək onları becərməyə başlamış və çətənə bitkilərinə qulluq etmişdir. O, çətənə bitkilərinə su vermiş, onlar inkişaf etdikcə diblərini boşaltmış və peyin vermişdir. 24 mart 2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində onu həyət qapısından çağırmışlar. Təqsirləndirilən şəxs küçə qapısına getdikdə mülki geyimli şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduqlarını bildirmişlər. O, heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Həmin vaxt onun barəsində şübhəli şəxs kimi tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Onu müdafiəçi ilə təmin edib, Müdafiəçi, orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə evinə video çəkilişlə baxış keçirilən zaman orada dəmir vedrələrdə əkdiyi 12 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da protokola imza etmişdir. Kiməsə narkotik vasitə satmamış, verməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu, Abasalılı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Eyni zamanda əməliyyat-istintaq qrupunun yaradılması haqqında şöbə rəhbərliyi əmr vermişdir. Qəbul edilmiş qərara əsasən yaradılmış qrupun üzvləri və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 24 mart 2023-cü il tarixdə, saat təxminən 12:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Abasalılı kəndinə getmişlər. Məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda evdədir. Təqsirləndirilən şəxs həyət qapısından çağırmışlar. Küçəyə çıxdıqda özlərini təqdim edib Təqsirləndirilən şəxs izah etmişlər ki, qanunsuz olaraq narkotik xassəli bitkilər əkibbecərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə təxirəsalınmadan baxış keçirilməsi üçün qərar qəbul edilmişdir, qeyd olunan yerə baxış keçiriləcəkdir. Həmin zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. Həmçinin baxışda iştirak edən mütəxəssisin hüquq və vəzifələri də orada izah olunmuşdur. Daha sonra onlar, Müdafiəçi və aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, evin həyətyanı sahəsinə qoyulmuş dəmir vedrələrdə tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Vidadi Bağırov dəmir vedrələrdəki bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, evin həyətyanı sahəsinə qoyulmuş dəmir vedrələrdə tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 12 ədəd bitki vardır. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. xx.xx.2023-cü il tarixli, 18/343 nömrəli məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «Neftçala r.Abbaslı kəndində yaşayan X1 götürülmüş 12 (on iki) ədəd marixuanaya oxşar bitki..» sözləri yazılmış və imzalar olan kağız zərfdəki 12 (on iki) ədəd, ümumi çəkisi-1,05 qram olan bitki şitilləri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitki şitillərinə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqiata təqdim olumuş, çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin şitillərin tərkiblərinə görə müqayisəli (eynilik) tədqiqiatını aparmaq mümkün olmadı. Tədqiqiata təqdim olumuş, çətənə (kannabis) bitkisinin şitilləri inkişaflarının erkən fazasında olduqlarına görə “Həmin bitkilərdən hansı növ və hansı miqdarda narkotik maddə əldə etmək olar?” sualını cavablandırmaq mümkün olmadı. xx.xx.2023-cü il tarixli, 503 nömrəli məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalan 12 (on iki) ədəd, ümumi çəkisi 1,05 qram olan narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 – 26 mart 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalan 12 (on iki) ədəd, ümumi çəkisi 1,05 qram olan narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-49/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-49/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver