Məhkəmə qərarları › İş №1(053)-49/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-49/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-49/2024 28.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1966-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Neftçala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 mart 2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda yaşayan, 06 - 08 aprel 2024-cü il tarixləri üzrə tutulmuş, 08 aprel 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, nömrəsi silinmiş, 5,6 mm kalibrli, “TOZ-8-01” modelli, sürüşkən çaxmaqlı, tək-tək atılan, saz, atəş açmaq üçün yararlı yivli odlu idman-ov silahını, 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ- 17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə-atəşə yararlı, döyüş sürsatı-patronları əldə edib Neftçala rayonunun Bankə qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən fərdi yaşayış evində yataq otağındakı yatdığı çarpayının altında saxlamış, 06 aprel 2024-cü il tarixdə, saat 18:50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Neftçala rayonunun Bankə qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən fərdi yaşayış evində yataq otağındakı yatdığı çarpayının altından 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, nömrəsi silinmiş, 5,6 mm kalibrli, “TOZ-8-01” modelli, sürüşkən çaxmaqlı, tək-tək atılan, saz, atəş açmaq üçün yararlı yivli odlu idman-ov silahı və 03 ədəd zavod üsulü ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ- 18 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR- 7 və s.) karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə-atəşə yararlı, döyüş sürsatı-patronlar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu Bankə qəsəbəsi, C.Mikayılov küçəsində yaşayır. Yaşadığı evdən aşkar olunaraq götürülən “TOZ” markalı silahla əlaqədar onu deyə bilər ki, təxminən 1 həftə əvvəl Bankə qəsəbəsi, Hərbi şəhərcik adlanan ərazidə köhnə dəmir qırıntıları axtararkən kol-kosda qara polietilen bükülü görüb açıb baxıb ki, içərisində silah və 3 ədəd patronlar var. Həmin silahı evinə gətirmişdir. Evdə də silah saxlamağından heç kimin, o cümlədən arvadının və uşaqlarının heç bir xəbəri olmayıb. O, evdə silah olmasını onlardan gizlədib ki, onlar evdə silah olmasını bilərlər və ondan bilmədən istifadə edərlər. 06 aprel 2024-cü il tarixdə, saat 18:40 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən evində olmuş, həmin zaman onu həyətdən çağırmışlar. O, həyətə düşərək qapıya gedib tanıdığı polis əməkdaşlarını görmüşdür. O, onları həyətə dəvət etmiş, onlar həyətə daxil olaraq ona izah ediblər ki, yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlamağı barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evə baxış keçiriləcəkdir. O, heç bir etiraz bildirməmiş, çəkilişlə baxış zamanı evində yataq otağında yatdığı çarpayının altında saxladığı silah və 3 ədəd patronlar aşkar olunmuşdur. Aşkar olunmuş silaha baxış keçirilən zaman müəyyən edilmişdirki, silah təklüləlidir. Bundan sonra keçirilən baxış zamanı mənzilindən hər hansısa bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı götürülmüş silah torbaya qoyularaq qablaşdırılmış və torbanın ağzı möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokola imza etmişdir. Təxminən 1 həftə əvvəl Bankǝ qəsəbəsi, Hərbi şəhərcik adlanan ərazidə köhnə dəmir qırıntıları axtararkən kol-kosda qara polietilen bükülü görüb açıb içərisində silah və 3 ədəd patronları görməyi və götürüb yaşadığı evə gətirib saxlamağı barədə heç kimə və ya harasa məlumat verməmişdir. Qorxub ki, silahdır, onu tutarlar, ona görə heç kimə və ya harasa məlumat verməmişdir. O, həmin silahdan bircə dəfə də olsun istifadə etməmişdir. Həmin odlu silahla hər hansısa bir cinayət əməli və ya inzibati hüquq pozuntusu törətməmişdir. Məqsədi həmin silah və 3 ədəd patronların dəmir hissəsini çıxarıb metal kimi satmaq olmuş, başqa məqsədi və ya niyyəti olmamışdır. Əməlindən peşmandır. Göstərilənlərə əsasən ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala RPŞ-nın X1 baş əməliyyat müvəkkili işləyir. 06 aprel 2024-cü il tarixdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur ki, Neftçala rayonu, Bankǝ qəsəbəsi, C.Mikayılov küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz yivli odlu silah saxlayır. Həmin əməliyyat məlumatı tərəfindən yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə icazə verilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsində yerləşən evinə təxirəsalınmadan baxış keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat tədbirinin keçirilməsi üçün rəhbərlikdən icazə alınmış, həmin qərar təsdiqlənmiş, bundan sonra polis əməkdaşlarının iştirakı ilə 06 aprel 2024-cü il tarixdə, saat 18:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsinə getmiş, Təqsirləndirilən şəxs həyətə çağırmış, Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla tanış etdikdən sonra həmçinin Təqsirləndirilən şəxs orada izah olunmuşdur ki, yaşadığı evdə qanunsuz olaraq əldə etdiyi odlu silah saxlaması barədə Neftçala RPŞ-nın əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz etməmiş, videoçəkilişlə baxış zamanı Təqsirləndirilən şəxs yaşdığı evində yataq otağında yatdığı çarpayının altından bir ədəd silah və 3 ədəd patronlar aşkarlanmış, həmin silaha baxış keçirilən zaman müəyyən edilmişdir ki, silah təklüləlidir, silahın üzərində markası TOZ-8-10 yazılmışdır, nömrəsinin oxunması mümkün olmamışdır. Bundan sonra keçirilən baxış zamanı mənzildən hər hansısa bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd TOZ-8-10 markalı silah bir ədəd sintetik torbaya, 3 ədəd patronlar isə kağız zərfə qoyulub qablaşdırılaraq DİN-in 203 saylı möhürü ilə möhürlənib götürülmüş, orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o, da həmin protokola imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. 07 aprel 2024-cü il tarixli, 24/745 nömrəli Azərbaycan Respublikası DİN Krimnalistik Təhqiqatlar İdarəsinin ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1. Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş, sürgüdə 1969 rəqəmləri olan silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, TOZ-8-01 modelli ov tüfəngidir, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Həmin silah quş və xırda heyvanlar ovlamaq üçün nəzərdə tutulmuşdur. 2. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin Konstruksiyalı tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sürsatı sayılır, istifadə və atəş üçün yararlıdır.- Eksperimental atəş zamanı əldə olunmuş giliz DİN-nin KTİ-ndə yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim edilmiş 03 ədəd patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu”. 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/685 nömrəli məhkəmə ballistik ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, nömrəsi silinmiş, 5,6 mm kalibrli, “TOZ-8-01” modelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov silahıdır, sazdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sürsatıdır- patrondur, təyinatı üzrə istifadəyə-atəşə yararlıdır”. Tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1(053)-106/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 01 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. “Neftçala RMX” PHŞ-nin 24 iyun 2024-cü il tarixli, 18-1-63/2-537/2024 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Ağayev X3 RMX” PHŞ-nin Poliklinika şöbəsində 2012-ci ildən narkoloji dispanser qeydiyyatındadır. Əsəb-ruhi və alkoqoloji dispanser qeydiyyatlarında yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin qeyd olunur ki, Ağayev X3 Rayon Məhkəməsinin 1(053)-106/2021 nömrəli iş üzrə 24 noyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay 01 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd “TOZ-8-01” modelli yivli odlu idman-ov silahı və 02 (iki) ədəd döyüş sürsatı hesab olunan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 – 08 aprel 2024-cü il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 28 avqust 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “Həbs” növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd “TOZ-8-01” modelli yivli odlu idman-ov silahı və 02 (iki) ədəd döyüş sürsatı hesab olunan patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar