Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-5/2023 01.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2002-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin yerdə yaşayan, Neftçala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 10 sentyabr 2022-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Neftçala rayonu, Xəzər kəndində yerləşən, X1 məxsus çay evinin qarşısında, ictimai yerdə, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, qohumu Zərərçəkmiş şəxs ona ucadan nalayiq söyüş söyməsi ilə bağlı irad bildirdiyinə görə əsəbiləşərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək nalayiq söyüşlər söyüb səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək cibində özü ilə gəzdirdiyi istintaqla əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bel nahiyəsinə vuraraq ona bel nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Əvvəllər aralarında hər hansı ədavət və ya qərəzli münasibət olmamışdır. Onların bir qohum kimi həmişə normal münasibətləri olmuşdur. 09 sentyabr 2022-ci il tarixdə evlərində əvvəl araq, üstündən də bir qədər pivə içmişdir. Həmin gün saat 22 radələrində həmkəndliləri Malikin çay evinə özü üçün pivə almağa getmişdir. O, yolda gedəndə bir qədər sərxoş olduğu üçün öz özünə danışırdı. Bu vaxt çay evinin qarşısında Mirzakir durmuşdur. Mirzakir bu vaxt ona tərəf baxaraq təhqiramiz formada bu yenə açarını itirib demişdir. Həmin vaxt onun üstündə özü ilə gəzdirdiyi qara rəngli düyməli cib bıçağı olmuşdur. O, Mirzakirin bu sözünə əsəbiləşərək üzərindəki bıçaqla Mirzakirin sol bel nahiyəsindən bir dəfə vurmuşdur. Mirzakir əlini xəsarət aldığı hissəyə tutaraq gedib çay evinin içərisində oturmuşdur. Mirzakiri vurarkən bıçağı tutduğu sağ əlinin barmaqları da kəsilmişdir. Çay evində yalnız Malikin oğlu Samir və Mirzakir özü olmuşdur. O, bu vaxt qışqırmağa və Mirzakiri söyməyə başlamışdır. Onların və əmisigilin evləri həmin çay evinə yaxındır. Mirzakir qorxusundan çay evindən çölə çıxmamışdır. O, təxminən 15 dəqiqə Mirzakiri söydükdən sonra atası Habil və əmisi Qabil onun səsini eşidib hadisə yerinə gəlmişlər. Atası Mirzakiri vurduğunu görüb onu danlamış və üstünə qışqıraraq üzünə bir sillə vurmuşdur. O, bu vaxt yerə yıxılmışdır. Lakin heç bir xəsarət almamışdır. Heç alsaydı da atasından şikayəti yoxdur. Bu vaxt əlindəki bıçaq əlindən yerə düşmüşdür. O, sərxoş olduğu, həm də hava qaranlıq olduğu üçün bıçağın hara düşdüyünü görməmişdir. Daha sonra həmin yerdən qaçmışdır. Təxminən 1 saat kəndin içərisində gəzib gizlənmişdir. Daha sonra evə getmişdir. Evdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan hadisə barədə soruşduqda baş verənləri onlara danışmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Həmçinin qeyd edir ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır, döyüşlərdə iştirak etmişdir. Buna görə bir neçə medallarla təltif olunub. Cəza təyini zamanı göstərilənlərin nəzərə alnmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Əvvəllər Elmanla aralarında ədavət və ya qərəzli münasibətlər olmamışdır. Bir qohum kimi həmişə münasibətləri yaxşı olmuşdur. Elman son dövrlər mütəmadi olaraq spirtli içki içib öz evlərində münaqişə yaratmışdır. O, 09 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində X1 məxsus çay evində oturub Malikin oğlu Samirlə söhbət edirmişlər. Bu vaxt küçədən Elmanın söyüş səslərini eşitmişdir. O, Elmanı səsindən tanıdığı üçün küçəyə çıxıb onu sakitləşdirmək istəmişdir. Bu məqsədlə çay evinin qarşısına çıxıb Elmana «camaat var söyüş söymə» demişdir. Elmana qarşı nalayiq ifadələr işlətməmiş və başqa bir söz deməmiş, ona sadəcə öz iradını bildirmişdir. Bu vaxt Elman ona demişdir ki, yaxınlaşma. O, bir qədər Elmana yaxınlaşdıqda sağ əli ilə onun bel nahiyəsindən vurmuşdur. O, əvvəl elə bilmişdir ki, Elman ona yumruq atır. Elman onu vuranda ağrı hiss etmiş və bədəninə istilik gəlmişdir. O, əli ilə bel nahiyəsini yoxladıqda görmüşdür ki, qan gəlir. Bu zaman bilmişdir ki, Elman onu bıçaqlamışdır. Elmanın əlindəki bıçağın formasını və rəngini görməmişdir. Elə güman edir ki, Elman bıçağı əlinin içində gizlətmişdir. Daha sonra o, kənara çəkilib gözləmişdir. Elman yenə də söyüşlərinə davam etmişdir. Bu vaxt ətrafa adamlar yığışmışdır. O, halsız olduğundan ətrafa konkret olaraq kimlərin yığışdığını görməmişdir. Təxmini bilir ki, atası Qabil və əmisi Habil ora gəlmişlər. Daha sonra əmisi DİN-in 102 xidmətinə məlumat vermişdir. O, da Neftçala RPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra yarasını göstərmək üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Özünə gələndən sonra eşitmişdir ki, Elman ətrafa adamlar gələndən sonra qaçıb çıxıb getmişdir. Təqsirləndirilən şəxsi bağışladığını, onunla barışdığını və heç bir şikayəti və tələbi olmadığını bildirib ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Elman son dövrlər mütəmadi olaraq spirtli içki içib evdə bir neçə dəfə münaqişə yaratmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində evdə olarkən oğlu Elman da evdə oturmuş və içkili olmuşdur. Bu vaxt Elman söyüş söyərək öz otağına keçmişdir. Daha sonra otaqdan çıxdıqda görmüşdür ki, dəstəyi qara rəngli olan düyməli cib bıçağını cibinə qoymuşdur. Həmin cib bıçağını Elman öz otağında saxlamışdır. Elman gedəndən bir qədər sonra evlərinin yaxınlığında yerləşən Malik adlı şəxsə məxsus çay evi tərəfdən səs-küy gəldiyini eşitmişdir. Fikirləşmişdir ki, Elman yəqin nə isə edib və dərhal həmin yerə gəlmişdir. Bu zaman görmüşdür ki, qardaşı oğlu Mirzakir əlini bel nahiyəsindən tutaraq kənarda oturub. Elman isə əlində həmin cib bıçağını tutub söyüş söyür. O, Elmana yaxınlaşıb əli ilə onun ağzını tutmaq istəmişdir. Bu vaxt Elman yerə yıxılmışdır. Həmçinin qardaşı Qabil də hadisə yerinə gəlmişdir. Bundan başqa hadisə yerinə qaranlıq olduğu üçün üzlərini tam görə bilmədiyi digər adamlar da yığışmışdır. Onlar Elmanı sakitləşdirməyə çalışırmışlar. Buna baxmayaraq Elman yenə söyüş söyməyə davam etmişdir. Onlar köməkləşib Elmanı tutub sakitləşdirmək istədikdə əllərindən qaçıb getmişdir. Elmanın əlindəki bıçağı hara atdığını görməmişdir. Daha sonra o, DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. O, hadisə vaxtı Elmanın sifət nahiyəsindən şillə vurmamış, sadəcə olaraq əli ilə onun ağzını tutmaq istədikdə Elman yerə yıxılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Neftçala rayonu, Xəzər kəndində yaşayır. Zərərçəkmiş şəxs onun tanışıdır. Elman isə Mirzakirin əmisinin oğludur. Onların heç biri ilə hər hansı ədavəti və ya qərəzli münasibəti yoxdur. Həmişə həmkəndli kimi normal münasibətləri olmuşdur. 09 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində kəndlərində yerləşən atası X1 məxsus çay evində Mirzakirlə birlikdə oturub söhbət edirmişlər. Bu vaxt küçədən kiminsə söyüş söyərək gəldiyini görmüşlər. Mirzakir bu vaxt əmisi oğlu Elmanı səsindən tanıdığı üçün küçəyə çıxıb sakitləşdirmək istəmişdir. Mirzakir çay evinin qarşısına çıxıb Elmana demişdir ki, camaat var söyüş söymə. Elman da bu vaxt Mirzakirə demişdir ki, yaxınlaşma. Mirzakir bir qədər Elmana yaxınlaşdıqda Elman onu sağ əli ilə bel nahiyəsindən vurmuşdur. Bu vaxt Elmanın əlində bıçaq olduğunu, həmçinin Mirzakirin bel nahiyəsindən qan gəlməyə başladığını görmüşdür. Gecənin Qaranlıq olduğu üçün Elmanın əlindəki bıçağın formasını və rəngini görməmişdir. Elə güman edir ki, Elman bıçağı əlinin içində gizlətmişdir. Daha sonra o, və Mirzakir kənara çəkilib gözləmişlər. Elman yenə də Mirzakiri söyməyə davam etmişdir. Bu vaxt ətrafa üzdən tanıdığı, lakin adlarını bilmədiyi bir neçə nəfər yığışmışdır. Daha sonra səsə Elmanın atası Habil və əmisi Qabil gəlmişlər. Habil və Qabil Elmanı sakitləşdirməyə çalışan zaman Elman Habilin əlindən çıxıb qaçmışdır. Mirzakir də Qabilin köməkliyi ilə öz evlərinə getmişdir. Hadisə təxminən 15 dəqiqə müddətində davam etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. 10 sentyabr 2022-ci il tarixli 199 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - bel nahiyəsinin yarası kəsici-deşici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». 10 sentyabr 2022-ci il tarixli 200 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ əlin İ, İİ, İV, V barmaqlarının yaraları kəsici-deşici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, özünün 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla Talış-Suqovuşan istiqamətində aparılmış döyüşlərdə iştirak etdiyini, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini, atasının X2 iştirakçısı olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu, xəstəlikdən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan real məhrum edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hazırkı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-5/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-5/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver