Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-50/2024 07.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 15 – 17 aprel 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 17 aprel 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, 15 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri ərazisində, M.Ə.Sabir küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən sellofan bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxladığı təmiz çəkisi 1,306 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. Əvvəllər heç vaxt məhkumluq həyatı yaşamamışdır. 15 aprel 2024-cü il tarixdə, səhər saat 10 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsindəki avtobus dayanacağında olduğu vaxt orada yerdən sellofan büküm tapmışdır. Həmin sellofan bükümünü açanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və dərhal da onu tanımışdır. O, narkotik vasitə istifadəçidir və qəbul edənidir. Həmin narkotik vasitəni əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. 15 aprel 2024-cü il tarixdə, günorta saat təxminən 12:30 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində piyada gedərkən polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi özləri ilə birlikdə Neftçala RPŞ-nə getməyi dəvət etmişlər. O da onlarla birlikdə Neftçala RPŞ-nə gəlib. Orada polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rangli idman şalvarının sol yan cibindən sellofan bükümdəki narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin sellofan büküm ağ zərfə qoyularaq “203” saylı möhürlə möhürlənmişdir. Həmin ağ zərfi o və müdafiəçi vəkil imzlarla təsdiq etmişlər. Polis əməkdaşlarının ona olan sorğusuna cavab olaraq onlara bildirmişdir ki, ondan aşkar olunaraq götürlümüş narkotik vasitə olan heroini 15 aprel 2024-cü il tarixdə, səhər saat təxminən 10 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsində olarkən avtobus dayanacağında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt ətrafda o, heç kimi görməmiş və orada həmin vaxt tək olmuşdur. O, həmin tapdığı narkotik vasitə olan heroindən heç kimə satmamış, verməmiş və bağışlamamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmur.Özünü təqsirli bilir, əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-in Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili olmaqla polis leytenantıdır. Neftçala RPŞ-in əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 15 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs Neftçala şəhəri, M.Ə.Sabir küçəsində narkotik vasitələrin qəbulunda və istifadəsində şübhəli bilinərək saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində onunla Neftçala RPŞ-in əməkdaşları Şahid1 və Şahid3 iştirak ediblər. Təhqiqatçı, polis mayoru Rauf Səmədovun rəhbərliyi altında Neftçala RPŞ-in növbətçi hissəsində olan şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının və müdafiəçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə olan heroin 1 (bir) ədəd ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-ə aid Neftçala RPŞ-in "203" saylı möhürü ilə möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmin ağ zərfi orada olan müdafiəçi vəkil və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, onu Neftçala rayonu, Həsənabad qəsəbəsindəki avtobus dayanacağında 15 aprel 2024-cü il tarixdə, səhər saat 10 radələrində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Şahid qismində dindirilmiş Şahid3 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 15 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/401 nömrəli materialların məhkəmə ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir”. 30 may 2024-cü il tarixli, 486 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Neftçala RMX” X7 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 421/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində əsəb-ruhi, nevroloji və narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli, 555 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri - arvadı X1, uşaqları xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2006-cı ilə təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,206 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 07 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş « Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,206 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-50/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-50/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver