Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-50/2025 08.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə xəstə baxıcısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdə saat 17.30 radələrində Neftçala- Bankə marşrutu ilə Bankə qəsəbəsi istiqamətində hərəkətdə olan «Mercedes-Benz 601» markalı 10CE781 dövlət qeydiyyat nişanlı mikroavtobusda heç bir əsaslı səbəb olmadan ətrafda vətəndaşların olmasına məhəl qoymayaraq insanların rahat, sərbəst və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş ictimai nəqliyyatda cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymazlıq edərək, cəmiyyətə açıqca hörmətsizlik edib səs-küy salıb nalayiq söyüşlər söyərək həmin mikroavtobusda sərnişin olan Neftçala rayonu, Bankə qəsəbə sakini Zərərçəkmiş şəxs saçından tutaraq yumruqla sifətindən vurub ona başın ənsə nahiyəsinin orbitasının qançırı, sol saidin aşağı 1/3-nin sıyrıqları ilə nəticələnən yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, təxminən 11 il olar ki, «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə xəstə baxıcısı işləyir. X3 onun qardaşıdır və o, 2003-cü ildə həmyerliləri olan X2 ilə ailə qurmuşdur. Daha sonra onlar 2025-ci ilin mart ayında rəsmi qaydada məhkəmə yolu ilə boşanmışlar. Onların birgə nikahından 3 uşaqları var. Samirə qardaşı İmranla bir ailə kimi yaşayıb dolana bilmədiyi üçün boşanmışdır. 27 aprel 2025-ci il tarixdə saat 17.30 radələrində işlədiyi «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdən iş növbəsindən çıxaraq Neftçala şəhərindən yaşadığı Bankə qəsəbəsinə getmək üçün xəstəxananın yaxınlığındakı dayanacaqda avtobus marşrutuna minmişdir. Avtobusda çoxlu sayda, yəni təxminən 15-20 nəfər sərnişin olmuşdur. Neftçala şəhəri, Samid İmanov küçəsi ərazisində olan avtobus dayanacağında keçmiş gəlini Samirə Məmmədova da onun içərisində olduğu avtobusa minmişdir. Samirə avtobusda onun yanından keçərkən ona «narkoman, baştutan» kimi nalayiq sözlər deyərək rəhmətə gedən anasının qəbrinə söymüşdür. O, Samirənin bu cür tərbiyəsiz və əxlaqsız sözlərinə dözməyib elə avtobusun içərisində sərnişinlərin gözü qarşısında onun saçından tutmuş və başına, sifətinə bir neçə dəfə əl ilə zərbə vurmaqla onu yerə yıxmışdır. Avtobusun içərisində olan tanımadığı sərnişinlər Samirəni onun əlindən alaraq kənara çəkmişlər. Amma Samirə yenə də öz əxlaqsız sözlərini deməyə davam etmişdir. Bankə qəsəbəsi ərazisinə çatandan sonra bazarın yaxınlığında hər ikisi avtobusdan düşüb getmişlər. Hadisə təxminən 30 dəqiqə davam etmiş və həmin vaxt avtobusda təxminən 15-20 nəfər adam olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs bildirmişdir ki, fərdi əməklə məşğul olmaqla dolanır. X3 onun keçmiş əri olub. Onlar 2003-cü ildə ailə qurmuş və 2025-ci ilin mart ayında məhkəmə qaydasında boşanmışlar. Onların birgə nikahından 3 uşaqları doğulmuşdur. O, İmranla bir ailə kimi yaşayıb dolana bilmədikləri üçün boşanmışdır. 27 aprel 2025-ci il tarixdə saat 17.30 radələrində Neftçala şəhərindən yaşadığı Bankə qəsəbəsinə getmək üçün avtobus marşrutuna minib. Avtobusda çoxlu sayda adam olub. O, avtobusda tanış adamlarla söhbət etməyə başlamışdır. Neftçala şəhəri, Samid İmanov küçəsi ərazisində olan avtobus dayanacağında keçmiş baldızı Təqsirləndirilən şəxs onun içərisində olduğu avtobusa minmişdir. Pərvanə avtobusda onun yanından keçərkən ona pozğun deyərək dirsəyi ilə onun kürəyinə vurmuşdur. Daha sonra avtobusun içərisində oturmuş vəziyyətdə olan Pərvanə onun qardaşı İmrandan aliment istədiyini bildirərək alimenti onun burnundan gətirəcəyini bildirmişdir. O, bu barədə Pərvanəyə öz iradını bildirdikdə isə yumruqla onun sifətindən vuraraq saçından tutub başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Avtobusda olan tanımadığı şəxslər güclə onu Pərvanənin əlindən aralaşdırıb almışlar. Bankə qəsəbəsinə çatanadək Pərvanə bir neçə dəfə onu döyməyə, vurmağa çalışsa da, avtobusda olan tanımadığı şəxslər buna imkan verməyiblər. Lakin Pərvanə avtobusda sakit dayanmayaraq və uzaqdan da olsa onu pis və əxlaqsız sözlərlə söymüşdür. O, avtobusun içərisində olan müddətdə çox qorxduğu üçün mobil telefonla DİN-in “102” xidmətinə zəng edərək məlumat verib. Hadisə təxminən 30 dəqiqə zaman kəsiyi ərzində baş verib. Avtobusda təxminən hadisə zamanı 15-20 nəfər adam olub. Hadisə zamanı o, Pərvanəni vurmayıb, ona heç bir bədən xəsarəti də yetirməyib. Əksinə Pərvanə əli ilə onun başına, sifətinə və sol gözünə çoxsaylı zərbələr vurmaqla ona bədən xəsarəti yetirmişdir. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs 23 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək 24 sentyabr 2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında ailəsində yaranmış zəruri və çıxılmaz vəziyyətlə əlaqədar olaraq hazırda 3 azyaşlı uşağı ilə birlikdə müvəqqəti olaraq Bakı şəhərində yaşadığından üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını bildirib, Təqsirləndirilən şəxs ona qarşı ona qarşı törətdiyi cinayət əməlinə görə qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən iki il olar ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü işləyir və idarəyə məxsus «Mercedes-Benz 601» markalı 10CE781 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli mikroavtobusu idarə edir. 27 aprel 2025-ci il tarixdə sürücüsü olaraq idarə etdiyi marşrut avtobusu ilə Neftçala şəhərindən Bankə qəsəbəsinə gedirdi. İdarə etdiyi marşrutda təxminən 15-20 nəfər adam olub. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin qarşısındakı dayanacaqdan avtobusa üzdən tanıdığı xəstəxanada işləyən Bankə qəsəbə sakini Pərvanə adlı qadın əyləşib. O, marşrutda arxada oturmuşdur. Neftçala şəhəri, Samid İmanov küçəsi ərazisində isə marşruta başqa bir Bankə qəsəbə sakini Samirə adlı qadın əyləşib. O, idarə etdiyi marşrut avtobusu ilə Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ilə Bankə qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusda arxada səs-küy başlayıb. O, arxaya çevrilib baxanda Pərvanə ilə Samirənin biri-birini nalayiq sözlərlə söydüyünü və aralarında dava-dalaş başladığını görmüşdür. Avtobusda olan şəxslər Samirə ilə Pərvanəni sakitləşdirib aralaşdırmaq istəsələr də, bu alınmayıb. Dava-dalaş zamanı Pərvanə Samirədən bədən və xarici görünüş cəhətdən iri olduğu üçün onu sifətindən və başından vuraraq xəsarət yetirib. Lakin onların heç biri sakitləşib səslərini kəsməyiblər. Bankə qəsəbəsinə kimi olan yol məsafəsində onların arasında qarşılıqlı söz mübahisəsi və söyüşlər davam edib. Bankə qəsəbəsi ərazisinə çatandan sonra bazarın yaxınlığında hər ikisi avtobusdan düşüb getmişlər. O, sonradan bilmişdir ki, dalaşan şəxslər qohumdurlar. Belə ki, Samirə Pərvanənin qardaşı arvadı olmuş və sonradan Pərvanənin qardaşından boşanmışdır. Hadisə təxminən 30 dəqiqə zaman kəsiyi ərzində baş verib. Şahid2 məhkəmə baxışı iclasına gəlməmiş, lakin 23 sentyabr 2025-ci ildə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar 24 sentyabr 2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 30 aprel 2025-ci il tarixli 69 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1986-cı il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin dərialtı hematoması, qançırı, sol qaşüstü nahiyəsinin qançır və hematoması, sol göz orbitasının qançırı, sol saidin aşağı 1/3-nin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddətdə xx.xx.2025-ci il tarixdə yumruqla vurma, saçından tutub sürümə nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini qismən etiraf etdiyini və peşman olduğunu, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, həmçinin qadın olmaqla bir nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-50/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-50/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver