Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-51/2023 18.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxx 1984-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2nvanında yaşayan, Saatlı Rayon Məhkəməsinin 05 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177,2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 07 (yeddi) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, 23-25 may 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində 25 may 2023-cü il tarixdə “Ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və xx xxxxxxx 1982-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Neftçala Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, 12-14 aprel və 23-25 may 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində 25 may 2023-cü il tarixdə “Ev dustaqlığı” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Neftçala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, audio-video çəkilişlə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Babayev Soltanǝziz Həmid oğlu, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 13 may 2023-cü tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə Təqsirləndirilən şəxs1 həyətin hasarından aşmaqla qanunsuz daxil olaraq, həyətin giriş qapısının kilidini açmasından sonra həmin qapıdan keçməklə həyətə qanunsuz daxil olmuş, daha sonra birgə həyətdə yerləşən hinin qapısını açmaqla hinǝ qanunsuz daxil olaraq oradan hər biri 13 manat dəyərində olan 16 ədəd toyuğu, ümumilikdə 208 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 16 may 2023-cü tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən fərdi yaşayış evinin həyətinin yaxınlığına gələrək Təqsirləndirilən şəxs1 əməlinin aşkar edilməsinin qarşısını almaq məqsədilə həyətin yaxınlığında, küçədə durub gözətçilik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 hasardan aşmaqla həyətə qanunsuz daxil olmuş, daha sonra həyətdə yerləşən hinin qapısını açmaqla hinə qanunsuz daxil olaraq oradan hər biri 40 manat dəyərində olan 2 ədəd hindquşunu və hər biri 14 manat dəyərində olan 4 ədəd toyuğu, ümumilikdə 136 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 23 may 2023-cü tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin yaxınlığına gələrək Təqsirləndirilən şəxs1 əməlinin aşkar edilməsinin qarşısını almaq məqsədilə həyətin yaxınlığında, küçədə durub gözətçilik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 hasardan aşmaqla həyətə qanunsuz daxil olmuş, daha sonra həyətdə yerləşən hinin qapısını açmaqla hinə qanunsuz daxil olaraq oradan hər biri 9 manat dəyərində olan 30 ədəd toyuğu, ümumilikdə 270 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 160 manat dəyərində 1 baş quzunu gizli olaraq talamaqla oğurlamaq istəyərkən həmin vaxt həyətə gələn Zərərçəkmiş şəxs1 qızı Şahid1 onu gördüyündən iradəsindən asılı olmayan səbəblǝrǝ görə cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrar tanışı Babayev Soltanǝziz Həmid oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 13 may 2023-cü tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, həmçinin həyətin giriş qapısının kilidini açaraq Soltanǝziz Babayevin həyətə qanunsuz daxil olmasına şərait yaratmış, daha sonra birgə həyətdə yerləşən hinin qapısını açmaqla hinə qanunsuz daxil olaraq hindən hər biri 13 manat dəyərində olan 16 ədəd toyuğu, ümumilikdə 208 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Babayev Soltanǝziz Həmid oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 16 may 2023-cü tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən fərdi yaşayış evinin həyətinə Soltanǝziz Babayevin həyətin yaxınlığında, küçədə dayanıb gözətçilik etməsi şəraitində hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra həyətdə yerləşən hinin qapısını açmaqla hinə qanunsuz daxil olaraq hindən hər biri 40 manat dəyərində olan 2 ədəd hindquşunu və hər biri 14 manat dəyərində olan 4 ədəd toyuğu, ümumilikdə 136 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tanışı Babayev Soltanǝziz Həmid oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 23 may 2023-cü tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Neftçala rayonu, Xillı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə Soltanǝziz Babayevin həyətin yaxınlığımda, küçədə dayanıb gözətçilik etməsi şəraitində hasardan aşmaqla qanunsuz daxil olmuş, daha sonra həyətdə yerləşən hinin qapısını açmaqla hinə qanunsuz daxil olaraq hindən hər biri 9 manat dəyərində olan 30 ədəd toyuğu, ümumilikdə 270 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Salyan şəhəri, B.Talıblı küçəsində yaşayır. O, hazırda heç bir yerdə işləmir. O, əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuşdur. Neftçala rayonu, Xıllı qəsəbə sakini Təqsirləndirilən şəxs1 onun tanışıdır. Təqsirləndirilən şəxs1lə həmişə münasibətləri yaxşı olmuşdur. O, bir dəfə Cəfərlə söhbət edəndə pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, Neftçala rayonu, Xıllı qəsəbəsində və yaxın yerləşən kəndlərdə bəzi həyətlərə girib ev quşlarını oğurlayıb satsınlar. Onlar bu məqsədlə 12 may 2023-cü il tarixdə, axşam tərəfi Salyan şəhərində görüşmüşlər. Onlar tanımadıqları bir taksi ilə Neftçala rayonu, Xıllı qəsəbəsinə gəlmişlər. Əvvəl Cəfərin evinə gedib bir qədər vaxt keçməsini gözləmişlər. Daha sonra 13 may 2023-cü il tarixdə, saat 01 radələrində qəsəbəni gəzməyə çıxmışlar. Qəsəbədə gəzəndə bir evin işıqlarının sönmüş olduğunu görmüşlər. Ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs1 hasardan aşaraq həyətə daxil olmuşdur. Daha sonra Cəfər həyətin giriş qapısının kilidini açmış və o da həyətə girmişdir. Həyətdə yerləşən hinin qapısını çəkib açmış və hər ikisi içəri daxil olmuşlar. Onlar özləri ilə gətirdikləri kisələrə hindəki toyuqları yığmağa başlamışlar. Hindən 16 ədəd toyuq götürmüşlər. Bundan sonra həyət qapısından küçəyə çıxmışlar. Onlar avtomobil yolunun kənarına gedərək tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmiş, orada avtovağzal adlanan yerin yaxınlığında o, həmin toyuqları 110 manat pula tanışı olan Dilbər adlı qadına satmışdır. Onlar daha sonra pulu aralarında bölmüşlər. Bundan sonra onlar 16 may 2023cü il tarixdə, saat təxminən 23 radələrində Salyan şəhərindən gəlib Neftçala rayonu, Kürqarabucaq kəndində düşmüşlər. Onlar bir qədər kəndin içərisinə tərəf getmişlər. Cəfərin tandığı bir şəxsin evinin yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxs1 hasardan aşıb həyətə girmişdir. O da gələn olsa xəbər versin deyə küçədə, hasarın yanında durmuşdur. Cəfər bir qədər sonra hasarın yanına gələrək 2 ədəd hind quşunu və 4 ədəd toyuq götürdüyünü bildirmişdir. Cəfər hind quşları və toyuqları yığdığı kisəni ona vermişdir. Onlar yenə avtomobil yolunun kənarına gedib, tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmişlər. Avtovağzal adlanan yerin yaxınlığında o, bu dəfə hind quşlarını və toyuqları 70 manat pula Dilbərə satmışdır. Onlar pulu aralarında bölmüşlər. Bundan bir neçə gün sonra, yəni 23 may 2023-cü il tarixdə o, Cəfərin evinə getmişdir. Onlar saat təxminən 03 radələrində qəsəbəni gəzməyə çıxmışlar. Onlar Cəfərin tanıdığını bildirdiyi Abtalıb adlı şəxsin evinin yaxınlığına gəlmişlər. Ətrafda heç kim olmamışdır. Cəfər hasardan həyətə keçmişdir. O, bu dəfə də gələn olsa xəbər versin deyə küçədə, hasarın yanında durmuşdur. Cəfər bir qədər sonra hasarın yanına gələrək həyətdəki hindən 30 ədəd toyuq götürdüyünü deyib 3 ədəd kisəni ona vermişdir. Onlar yenə də avtomobil yolunun kənarına gedib, tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmişlər. O, bu dəfə avtovağzalda toyuqları 85 manata Dilbərə satmış və pulu öz aralarında bölmüşlər. O, ümumiyyətlə əldə etdiyi bütün pulları özü üçün müxtəlif şeylər almaq üçün xərcləmişdir. Onlar Dilbərə oğurladıqları quşların özlərinə məxsus olduğunu demişlər. 23 may 2023-cü il tarixdə onlar Salyan şəhərində Cəfərlə bir yerdə gəzmişlər. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona baş vermiş oğurluqlarda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına olanları danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-ya gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Cəfər olmuşdur. Dəymiş ziyanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tam ödəmiş, Zərərçəkmiş şəxs2 Əliabbas qızına dəymiş ziyanın əvəzi olaraq 100 manat pul ödənilməsi tərəflərindən təklif edilmiş, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 razı olmamış, dəymiş ziyanın tam olaraq ödənilməsini tələb etmiş və bu səbəbdən təklif edilən məbləği qəbul etməkdən imtina etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Hazırda heç bir yerdə işləmir. O, əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs1 onun qonşusudur. Lumuyla aralarında hər hansı ədavətləri və ya qərəzli münasibətləri yoxdur. Bir qonşu kimi həmişə münasibətləri yaxşı olmuşdur. O, Lumunun həyətində xırdabuynuzlu heyvanlar saxladığını bilir. Bir dəfə Novruz bayramından əvvəl, təxminən 2023-cü ilin mart ayının ortalarında o, pulu ehtiyacı olduğu üçün Lumunun həyətinə girib, həmin xırdabuynuzlu heyvanlardan birini oğurlayıb satmaq qərarına gəlmişdir. Saat təxminən 15 radələri olmuşdur. O, küçədə gəzərək ətrafda heç kimin olmadığını görüb hasardan həyətə tullanmışdır. Həmin vaxt xırdabuynuzlu heyvanlar həyətdə gəzmişdir. O, həmin heyvanlardan çəkisi təxminən 20 kiloqram kimi olan 1 baş quzunu tutub, ayaqlarını cibində olan iplə bağlamaq istəyərkən birdən həyətin giriş darvazası açılmış və həyətə Lumunun qızı Məsmə gəlmişdir. Qız onu gördüyü üçün tez ayağa qalxıb qaçmağa başlamışdır. O, həyətin bağ olan hissəsinə keçib oradan küçǝyǝ tullanıb keçmişdir. Əlindəki ipi də qorxusundan heç bilməmişdir ki, hara atmışdır. Salyan şəhər sakini Babayev Soltanǝziz Həmid oğlu onun tanışıdır. Onlar bir dəfə söhbət edəndə Soltanǝzizlə pula ehtiyacları olduğu üçün qərara gəlmişlər ki, Neftçala rayonu, Xilli qəsəbəsində və yaxın yerləşən kəndlərdə bəzi həyətlərə girib ev quşlarını oğurlayıb satsınlar. Onlar bu məqsədlə 12 may 2023-cü il tarixdə, axşam tərəfi Salyan şəhərində görüşmüşlər. Onlar tanımadıqları bir taksi ilə Neftçala rayonu, Xilli qəsəbəsinə gəlmişlər. Əvvəl onların evə gedib bir qədər vaxt keçməsini gözləmişlər. Daha sonra 13 may 2023- cü il tarixdə, saat təxminən 01 radələrində qəsəbəni gəzməyə çıxmışlar. Qəsəbədə gəzəndə Elmira adlı qadının evinin işıqlarının sönülü olduğunu görmüşlər. Ətrafda heç kim olmamışdır. O, hasardan aşaraq həyətə daxil olmuşdur. Daha sonra həyətin giriş qapısının kilidini açmış və Soltanǝziz də həyətə girmişdir. Həyətdə yerləşən hinin qapısını çəkib açmış və içəri girmişlər. Onlar özləri ilə gətirdikləri kisələrə hindəki toyuqları yığmağa başlamışlar. Hindən 16 ədəd toyuq götürmüşlər. Bundan sonra həyat qapısından küçəyə çıxmışlar. Onlar avtomobil yolunun kənarına gedərək tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmişlər. Orada avtovağzal adlanan yerin yaxınlığında Soltanǝziz həmin toyuqları 110 manat pula tanışı olan Dilbər adlı qadına satmışdır. Onlar daha sonra pulu aralarında bölmüşlər. Bundan sonra onlar 16 may 2023-cü il tarixdə, saat təxminən 23 radələrində Salyan şəhərindən gəlib Neftçala rayonu, Kürqarabucaq kəndində düşmüşlər. Onlar bir qədər kəndin içərisinə tərəf getmişlər. O, bir dəfə həmin kənddə olanda adının Həbulla olduğunu öyrəndiyi şəxsin evinin yaxınlığına gəlmişlər. Ətrafda heç kim olmamışdır. O, hasardan tullanıb həyətə girmişdir. Soltanǝziz də gələn olsa xəbər versin deyə küçədə, hasarın yanında durmuşdur. O, həyətdəki hinin qapısını açıb içəri girmişdir. O, özüylə gətirdiyi kisəyə 2 ədəd hind quşunu və 4 ədəd toyuğu tutub yığmışdır. Daha sonra hasara yaxınlaşıb, kisəni Soltanǝzizə ötürüb, özü də küçǝyǝ tullanmışdır. Onlar yenə avtomobil yolunun kənarına gedib tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmişlər. Avtovağzal adlanan yerin yaxınlığında Soltanəziz bu dəfə hind quşlarını və toyuqları 70 manat pula Dilbərə satmışdır. Onlar pulu aralarında bölmüşlər. Bundan bir neçə gün sonra, yəni 23 may 2023-cü il tarixdə Soltanəziz onlara gəlmişdir. Onlar saat təxminən 03 radələrində kəndi gəzməyə çıxmışlar. Onlar qəsəbə sakini Abtalıbın evinin yaxınlığına gəlmişlər. Ətrafda heç kim olmamışdır. O, hasardan həyətə tullanmışdır. Soltanəziz bu dəfə də gələn olsa xəbər versin deyə küçədə, hasarın yanında durmuşdur. O, həyətdəki hinin qapısını açaraq içəri girmişdir. O, hindən təxminən 30 ədəd toyuğu tutub özləriylə gətirdikləri 3 ədəd kisəyə yığmışdır. O, daha sonra həmin 3 ədəd kisəni Soltanǝzizə verib, küçəyə tullanmışdır. Onlar yenə də avtomobil yolunun kənarına gedib tanımadıqları bir taksi ilə Salyan şəhərinə getmişlər. Soltanǝziz bu dəfə avtovağzalda toyuqları 85 manata Dilbərə satmış və pulu öz aralarında bölmüşlər. O, ümumiyyətlə əldə etdiyi bütün pulları özü üçün müxtəlif şeylər almaq üçün xərcləmişdir. Onlar oğurladıqları quşları satdıqları Dilbərə özlərinə məxsus olduğunu demişlər. 23 may 2023-cü il tarixdə onlar Salyan şəhərində Soltanəzizlə bir yerdə gəzmişlər. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona qəsəbədə baş vermiş oğurluqlarda şübhəli olduğunu demişlər. O, bu vaxt tutduğu əməli etiraf edib polis əməkdaşlarına danışmışdır. Daha sonra polis əməkdaşları onu Neftçala RPŞ-nǝ gətirmişlər. Bu cinayətlərdən başqa oğurluq etməmişdir. Törətdiyi cinayətdə başqa şəxslər iştirak etməmiş, özü və Soltanǝziz olmuşlar. Dəymiş ziyanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tam ödəmiş, Zərərçəkmiş şəxs2 Əliabbas qızına dəymiş ziyanın əvəzi olaraq 100 manat pul ödənilməsi tərəflərindən təklif edilmiş, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 razı olmamış, dəymiş ziyanın tam olaraq ödənilməsini tələb etmiş və bu səbəbdən təklif edilən məbləği qəbul etməkdən imtina etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. O, həyətində yerləşən hində müxtəlif ev quşlarını saxlayır. Həmin ev quşlarını 12 may 2023-cü il tarixdə, gecə saatlarında hindǝ görmüşdür. Səhəri gün, yəni 13 may 2023-cü il tarixdə, saat 07 radələrində həyətə getdikdə görmüşdür ki, ev quşlarının bir hissəsi yoxdur. O, bilmişdir ki, kimsə həyətə girərək hinin qapısını açmaqla oradan ev quşlarını oğurlamışdır. O, saydıqda bilmişdir ki, hindən hər birinin dəyəri təxminən 13 manat olan 16 ǝdǝd toyuq oğurlanmışdır. O, əvvəl bir neçə gün bu barədə heç bir yerə müraciət etməmişdir. Fikirləşmişdir ki, bəlkə qonşulardan kimdirsə peşman olub gətirib toyuqları özünə verər. Onun oğurlanmış toyuqlarının hər birinin diri çəkisi təxminən 1 kiloqram 400 qram olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona təxminən 208 manat məbləğində maddi ziyan dəymişdir. O, 23 may 2023-cü il tarixdə qəsəbədə eşitmişdir ki, Abtalıb adlı şəxsin də həyətindən toyuqlar oğurlanmışdır. O, buna görə də gələrək Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Babayev Soltanǝziz Həmid oğlunun törətdikləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı hələ də tam ödəməyiblər. Ona görə də onlardan şikayətçidir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. O, həyətində yerləşən hində müxtəlif ev quşlarını saxlayır. O, həmin ev quşlarını 22 may 2023-cü il tarixdə, gecə saatlarında hindǝ görmüşdür. Səhəri gün, yəni 23 may 2023-cü il tarixdə, saat təxminən 07 radələrində həyətə getdikdə görmüşdür ki, ev quşlarının bir hissəsi yoxdur. O, bilmişdir ki, kimsə həyətə girərək hinin qapısını açmaqla oradan ev quşlarını oğurlamışdır. O, saydıqda görmüşdür ki, hindən hər birinin dəyəri təxminən 10 manat olan 30 ədəd toyuq oğurlanmışdır. Onun oğurlanmış toyuqlarının hər birinin diri çəkisi təxminən 700 qram olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona təxminən 300 manat məbləğində maddi ziyan dəymişdir. O, daha sonra gələrək Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün onları bağışlamışdır. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayır. Onun həyətində özünə məxsus bir neçə baş xırdabuynuzlu heyvanı olmuşdur. O, qəsəbələrində yerləşən “İstusu istirahət mərkəzi” ndə işlədiyi üçün səhər çıxır və saat 19 radələrində evə gəlir. Oğlu və qızı məktəbdə oxuduqları üçün demək olar ki, günorta saatlarına qədər evdə heç kim olmur. Təqsirləndirilən şəxs1 onların qonşusudur. Təxminən 2023-cü ilin mart ayının ortalarında, saat 15 radələrində övladı Şahid1 ona mobil telefonla zəng edərək Cəfərin onların həyətinə oğurluğa girdiyini demişdir. O, dərhal evə getmişdir. Məsmə evdə ona hər şeyə ətraflı danışmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Cəfər onların həyətinə girib saxladığı 1 baş, diri çəkisi 19 kiloqram olan, təxminən 190 manat dəyərində quzunu oğurlamaq istəyərkən Məsmə məktəbdən evə gələrkən bunu görmüşdür. Bundan sonra Cəfər qorxaraq quzunu buraxıb, hasardan aşaraq qaçmışdır. O, bundan sonra heyvanları saxlamağa ehtiyat etdiyi üçün qoyunlarını qonşu kənddən olan tanımadığı bir şəxsə satmışdır. Cəfərdən isə əvvəl şikayət etmək istəməmişdir. Çünki qonşu olduqları üçün fikirləşmişdir ki, bəlkə gəlib üzr istəyər. Cəfər isə 1 ay keçməsinə baxmayaraq heç bir şey etmədiyi üçün Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə xidməti işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı hazırda heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, həyətində yerləşən hində müxtəlif ev quşlarını saxlayır. O, həmin ev quşlarını 16 may 2023-cü il tarixdə, gecə saatlarında hində görmüşdür. Səhəri gün, yəni 17 may 2023-cü il tarixdə, saat 07 radələrində həyətə getdikdə görmüşdür ki, ev quşlarının bir hissəsi yoxdur. O, bilmişdir ki, kimsə həyətə girərək hinin qapısını açmaqla oradan ev quşlarını oğurlamışdır. O, saydıqda görmüşdür ki, hindən hər birinin dəyəri təxminən 40 manat olan 2 ədəd hindquşu və hər birinin dəyəri təxminən 15 manat olan 4 ədəd toyuq oğurlanmışdır. O, əvvəl bir neçə gün bu barədə heç bir yerə müraciət etməmişdir. Fikirləşmişdir ki, bəlkə qonşulardan kimdisə peşman olub gətirib hindquşularını və toyuqları özünə verər. Onun oğurlanmış hindquşuları hər biri erkək olmaqla, təxminən 3 kilogram 500 qram diri çəkidə, toyuqları isə 1 kiloqram 600 qram diri çəkidə olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona təxminən 140 manat məbləğində maddi ziyan dəymişdir. O, 23 may 2023-cü il tarixdə kənddə eşitmişdir ki, Neftçala rayonu, Xilli qəsəbəsindən bir neçə həyətdən toyuqlar oğurlanmışdır. O, buna görə də gəlǝrǝk Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Babayev Soltanǝziz Həmid oğlunun törətdikləri müəyyən edilmişdir. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, ərizə göndərərək atasının il mərasimi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. F.Quliyev adına Neftçala rayonu, Xıllı qəsəbə tam orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs1 onların qonşularıdır. Onların Cəfərlə hər hansı ədavətləri və ya qərəzli münasibətləri yoxdur. Həmişə bir qonşu kimi münasibətləri yaxşı olmuşdur. O və qardaşı Abuzər oxuduqları, anası Lumu isə işlədiyi üçün günorta saatlarına qədər onların evində heç kim olmur. Onlar həyətdə xırdabuynuzlu heyvanlar saxlayırlar. O, təxminən 2023-cü ilin mart ayının ortalarında, “Novruz bayramı” ərəfəsində dərsdən evə gəlmişdir. Saat təxminən 15 radələri olmuşdur. O, həyətlərinin giriş darvazasını açıb içəri girdikdə görmüşdür ki, Cəfər həyətlərində olan 1 baş quzunu tutub ayağını bağlamaq istəyir. Cəfər də onu görmüşdür. Bundan sonra Cəfər quzunu buraxaraq həyətdə olan bağa keçib, oradan da hasardan tullanıb küçǝyǝ çıxmışdır. O, bu barədə dərhal mobil telefonla zəng edərək anasına məlumat vermişdir. Bir müddət sonra anası gəlmişdir. O, hər şeyi olduğu kimi anasına danışmışdır. Anası əvvəl heç bir yerə müraciət etməmişdir. Təxminən 1 ay sonra isə anası Neftçala RPŞ-yə gedərək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslərin onlara ittiham olunan cinayət əməlini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 9/3501 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, 8 aylıq, diri çəkisi 19 kq olan erkək quzunun 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160,00 manat müəyyən edilir». Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyun 2023-cü il tarixli, 9/4235 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 614,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». İşə əlavə olunmuş 16,17 və 30 avqust 2023-cü il tarixli Neftçala Rayon Məhkəməsinə ünvanlanmış ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onlara vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, hazırda iş üzrə heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İşə əlavə olunmuş 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Əliabbas qızına dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs2 Əliabbas qızına dəymiş ziyanın əvəzi olaraq 100 manat pul ödənilməsi təklif edilmiş, ancaq Zərərçəkmiş şəxs2 zərərin tam ödənilməsini tələb etdiyindən təklifə razı olmamış və pulu qəbul etməkdən imtina etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında” şəhadətnamədən görünür ki, X1 13 mart 2019-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə, Saatlı Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Babayev Soltanǝziz Həmid oğlu Saatlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 7 il 4 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamə və Neftçala Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Miriyev X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib, 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(053)-41/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə Təqsirləndirilən şəxs1 haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Neftçala rayon prokurorunun təqdimatı rədd edilərək onun barəsində əvvəli 25 may 2023-cü il tarixdən hesablanmaqla 23 avqust 2023-cü il tarixinədək “Ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(053)-42/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilən şəxs Babayev Soltanǝziz Həmid oğlu haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Neftçala rayon prokurorunun təqdimatı rədd edilərək onun barəsində əvvəli 25 may 2023-cü il tarixdən hesablanmaqla 23 avqust 2023-cü il tarixinədək “Ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsi və dəymiş ziyanın tamamilə aradan qaldırılması, digər zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməyə və dəymiş ziyanı ödəməyə cəhd etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsi və dəymiş ziyanın tamamilə aradan qaldırılması, digər zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməyə və dəymiş ziyanı ödəməyə cəhd etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 11 ədəd toyuğun qanuni sahibi Zərərçəkmiş şəxs4 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat (yüz) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 23 may 2023-cü il tarixdən tutulduğu və ev dustaqlığında saxlanıldığı 04 ay 25 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 12-14 aprel 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu iki gün müddət və 23 – 25 may 2023-cü il tarixdən tutulduğu və ev dustaqlığında saxlanıldığı 04 ay 27 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 11 (on bir) ədəd toyuğun qanuni sahibi Zərərçəkmiş şəxs4 təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-51/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-51/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver