Məhkəmə qərarları › İş №1(053)-51/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-51/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-51/2024 21.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2001-ci ildə Neftçala rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 12 mart 2024-cü il tarixdə, saat 06 radələrində Kür çayının Neftçala rayonu, 1 №-li Mayak kəndi ərazisindən keçən hissəsində sahilinə gələrək, orada özü ilə gətirdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon və uzunluğu 4 metr, eni 1,5 metr, sapının diametrinin ölçüsü 0,25 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş, 3 qatlı sapla toxunmuş, açıq çəhrayı rəngli 01 ǝdǝd torla həmin ərazidən Kür çayına daxil olub, qeyd olunan balıq ovlama vasitələrindən istifadə etməklə 12 mart 2024-cü il tarixdə, saat 07 radələrinədək olan müddət ərzində hər biri 33 manat dəyərində olmaqla, ümumi dəyəri 1056 manat olan 32 ədəd şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 (bir min ǝlli altı) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə, saat 07:30-da X3 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ǝdǝd rezin kombinezon, uzunluğu 4 metr, eni 1,5 metr, sapının diametrinin ölçüsü 0,25 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, neylon sintetik liflərindən istehsal olunmuş, 3 qatlı sapla toxunmuş açıq çəhrayı rəngli 01 ədəd tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlində özünü təqsirli bilərək qeyd etmişdir ki, o, maddi vəziyyəti ağır olduğu üçün Neftçala rayonu, 1 №-li Mayak kəndi istiqamətindən keçən Kür çayından balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq tutmaq üçün 1 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd kombinezon və uzunluğu 4 metr, eni 1.5 metr olan 01 ədəd tordan istifadə etmişdir. 12 mart 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 06:00-da Neftçala rayonu, 1 №-li Mayak kəndi istiqamətində Kür çayının sahilinə getmişdir. Orada özünə məxsus 01 ədəd taxta qayıqdan, 02 ədəd avardan və 01 ədəd kombinezondan istifadə etməklə Kür çayına daxil olmuşdur. Əvvəlcədən özü ilə götürdüyü uzunluğu 4 metr, eni 1.5 metr olan toru suya səpmiş və gözləmişdir. Daha sonra balıq tutmağa başlamışdır. 12 mart saat 07:15-ə kimi 32 ədəd şamayı balıqları tutmuşdur. Toru və balıqları sudan çıxardıb sahilə çıxarkən saat 07:30-da Su NPİ-nin Neftçala XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarı, 01 ǝdǝd kombinezonu və uzunluğu 4 metr, eni 1.5 metr olan 1 ədəd toru və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 32 ədəd şamayı balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Kür çayından balıq tutmağa rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitələrinə və həmin balıqovlama vasitələrindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 32 ədəd şamayı balıqlarına baxış keçirib bu barədə müvafiq protokol tərtib etmişlər. Kür çayından balıq tutmanın qadağan edildiyini bilirmiş, lakin, başqa çıxış yolu olmadığına görə, qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Ziyanla bağlı ödəniş edə bilməmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq ona müvafiq qaydada köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2016cı il tarixdən Su NPİ-nin Neftçala XPM-nin polis nəfəri vəzifəsində xidmət edir. Bildirir ki, 12 mart 2024-cü il tarixdə X3 İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin rəisi, polis kapitanı Şahid1 və polis nəfəri Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 07 radələrində Neftçala rayonu 1 №-li Mayak kəndi istiqamətində Kür çayında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd rezin kombinezon, 01 ədəd eni 1.5 metr, uzunluğu 4 metr olan tor və 32 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 32 ədəd şamayı balıqlarını tor vasitəsilə Kür çayından tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 yuxarıda göstərilən şahidin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresurslarına 1056 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-241/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və şahidlərin ifadələri ilə yanaşı iş materiallarına əlavə olunmuş digər sübutlarla da tam təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyası daxilində islah işləri növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd rezin kombinezon, uzunluğu 4 (dörd) metr, eni 1,5 metr ölçüdə olan 01 (bir) ədəd tor dövlət nəfinə keçirilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış 32 (otuz iki) ədəd şamayı balıqlarının iş üzrə ibtidai araşdırma dövründə xx.xx.2024-cü il tarixdə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınmalıdır. Eyni zamanda mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1056 (min əlli altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd rezin kombinezon, uzunluğu 4 (dörd) metr, eni 1,5 metr ölçüdə olan 01 (bir) ədəd tor dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 32 (otuz iki) ədəd şamayı balıqlarının iş üzrə ibtidai araşdırma dövründə xx.xx.2024-cü il tarixdə fiziki şəxs X2 təhvil verildiyi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu zərərin əvəzi kimi 1056 (min əlli altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar