Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-53/2023 26.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayan, 03 – 05 aprel 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə, saat təxminən 17 radələrində Xolqaraqaşlı- Neftçala avtomobil yolunun Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan ayıq vəziyyətdə idarə etdiyi "Vaz-21063" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 80 km/saat sürətlə Neftçala rayonu, Xolqaraqaşlı kəndi istiqamətindən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində 60 km/saatdan artıq olmayan sürətlə avtomobili idarə etməli, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən avtomobili sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan idarə etməni itirərək avtomobili yolun sağ ehtiyat hissəsində olan elektrik dirəyinə vurmuş, nəticədə avtomobildə olan sərnişinlər, Zərərçəkmiş şəxs1 sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət və Zərərçəkmiş şəxs2 sağ baldır sümüklərinin orta 1/3-nin yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almalarına və Zərərçəkmiş şəxs2 faktiki sahibi olduğu "Vaz-21063" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 880 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Neftçala rayonu, Xolqaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Özü avtomobil idarə etməyi bacarsa da avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun tanışlarıdır. Onların aralarında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. Həmişə münasibətləri yaxşı olmuşdur. Kamil "Vaz-21063" markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 6 aya yaxındır ki, kənddə idarə edir. 31 mart 2023-cü il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində olduğu zaman Tural ona mobil telefonla zəng edərək Kamillə bir yerdə olduqlarını və sərxoş olduqları üçün Kamilin avtomobilini idarə edərək kəndlərində yerləşən kafedən onları götürərək avtomobili idarə edib evə aparmağını xahiş etmiş, o isə razılaşmış və həmin kafeyə getmişdir. Kamil qabaqda onun yanında sərnişin kimi, Tural isə arxada əyləşmişdir. O, avtomobili idarə etməyə başlamışdır. Bu vaxt o, Xolqaraqaşlı-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindən keçən hissəsində Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşdur. Bu vaxt hava yağışlı olduğu üçün asfalt yaş vəziyyətdə olmuşdur. O, saat təxminən 17 radələrində avtomobili idarə edən vaxt döngəyə çatıb tormoz verdikdə avtomobilin sürüşdüyünü hiss edib özünü çaşdıraraq idarə etməni itirib, avtomobili yolun sağ ehtiyat hissəsində olan elektrik dirəyinə vurmuşdur. Sonra isə avtomobil bir neçə dəfə yerində fırlanaraq yolun kənarında olan su kanalının qazılmış torpağının üzərində üzü kənd istiqamətində dayanmışdır. Həmin vaxt kənardan onları görən kənd sakinləri avtomobilin ətrafına yığışmağa başlamışlar. Avtomobildə olan Tural və Kamili avtomobildən düşürdüklərində ayaq nahiyyələrindən xəsarət aldıqlarını görmüşdür. Hadisədən əvvəl avtomobilin sürət spidometri işləmədiyi üçün sürət həddinin nə qədər olduğunu bilməmişdir. Belə ancaq sürəti təxminən 80 km/saat olmuşdur. Hadisə vaxtı özü heç bir xəsarət almamışdır. Daha sonra xəsarət almış şəxsləri yoldan keçən tanımadığı bir avtomobillə xəstəxanaya yola salmışlar. O da gözləyib hadisə yerinə baxışda iştirak etmişdir. Hadisədən əvvəl sərxoş olmamışdır. O, umumiyyətlə içki içmir. Qeyd etdiyi kimi birdən idarəetməni itirmiş və nə qədər etsə də sükanı düzəldə bilməmişdir. Hadisədən qabaq idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hadisədə sonra da zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsinə çalışmışdır. Zərərçəkmiş şəxslər ibtidai istintaq orqanına yazılı formada müraciət edərək onlara vurulmuş zərərin ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Əməlindən peşmandır. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Neftçala rayonu, Xolqaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. O, tanışı Zərərçəkmiş şəxs2 ilə 31 mart 2023-cü il tarixdə kəndlərində yerləşən kafedə oturub yeyib-içmişlər. Həmin vaxt bir qədər spirtli içki qəbul etdiyindən Kamil avtomobili elə vəziyyətdə idarə etmək istəməmişdir. Bu vaxt Kamil tanışları Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək yanlarına çağırmışdır. Yavər gəldikdə Kamil avtomobili idarə edib onları evə aparmasını xahiş etmiş və Yavər razılaşmışdır. Kamil qabaqda sərnişin kimi, o isə arxada əyləşmişdir. Yavər avtomobili idarə etməyə başlamışdır. Bu vaxt onlar Xolqaraqaşlı- Neftçala avtomobil yolunun Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindən keçən hissəsində Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşlar. Bu vaxt hava yağışlı olduğu üçün asfalt yaş vəziyyətdə olmuşdur. Yavər saat təxminən 17 radələrində avtomobili idarə edən vaxt döngəyə çatıb tormoz verdikdə, avtomobilin sürüşdüyünü hiss edib özünü çaşdıraraq idarə etməni itirib, avtomobili yolun sağ ehtiyat hissəsində olan elektrik dirəyinə vurmuşdur. Sonra da avtomobil bir neçə dəfə yerində fırlanaraq yolun kənarında olan su kanalının qazılmış torpağının üzərində üzü kənd istiqamətində dayanmışdır. Bunun nəticəsində o və Kamil xəsarət almışlar. Həmin vaxt kənardan onları görən kənd sakinləri avtomobilin ətrafına yığışmağa başlamışlar. Bundan sonra onları yoldan keçən bir avtomobilə əyləşdirərək Neftçala rayon xəstəxanasına yola salmışlar. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Neftçala rayonu, Mürsǝqulu kəndində ailəsi ilə birlikdə yaşayır. "Vaz-21063" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2023-cü ilin yanvar ayında 2300 manata almışdır. Həmin vaxt sadəcə olaraq avtomobili bacısı X1 adına sənədləşdirmiş və avtomobil sahibliyindədir. O, tanışı Zərərçəkmiş şəxs1 ilə 31 mart 2023-cü il tarixdə faktiki olaraq onun kəndlərində yerləşən kafedə oturub yeyib-içmişlər. Həmin vaxt bir qədər spirtli içki qəbul etdiyindən özü avtomobili elə vəziyyətdə idarə etmək istəməmişdir. Bu vaxt o, tanışı Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək yanlarına çağırmışdır. Yavər gəldikdə avtomobili idarə edib onları evə aparmasını xahiş etmiş və Yavər razılaşmışdır. O, qabaqda sərnişin kimi, Tural isə arxada əyləşmişdir. Yavər avtomobili idarə etməyə başlamışdır. Bu vaxt onlar Xolqaraqaşlı-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindən keçən hissəsində Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşlar. Bu vaxt hava yağışlı olduğu üçün asfalt yaş vəziyyətdə olmuşdur. Yavər saat təxminən 17 radələrində avtomobili idarə edən vaxt döngəyə çatıb tormoz verdikdə avtomobilin sürüşdüyünü hiss edib özünü çaşdıraraq idarə etməni itirib, avtomobili yolun sağ ehtiyyat hissəsində olan elektrik dirəyinə vurmuşdur. Sonra da avtomobil bir neçə dəfə yerində fırlanaraq yolun kənarında olan su kanalının qazılmış torpağının üzərində üzü kənd istiqamətində dayanmışdır. Bunun nəticəsində o və Tural xəsarət almışlar. Həmin vaxt kənardan onları görən kənd sakinləri avtomobilin ətrafına yığışmağa başlamışlar. Bundan sonra onları yoldan keçən bir avtomobilə əyləşdirərək Neftçala rayon xəstəxanasına yola salmışlar. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala rayon polis şöbəsinin dövlət yol polis bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 31 mart 2023-cü il tarixdə, saat təxminən 17 radələrində xidmətdə olduğu vaxt ona məlumat daxil olmuşdur ki, Xolqaraqaşlı-Neftçala avtomobil yolunun Neftçala rayonu, Xolqaraqaşlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, bundan sonra dərhal əməliyyat istintaq qrupu ilə hadisə yerinə getmişdir. Orada hadisə yeri tərəflərindən müayinə olunmuşdur. Onlar orada müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Vaz-21063" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Xolqaraqaşlı kəndi istiqamətindən Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan idarə etməni itirərək avtomobili yolun sağ ehtiyat hissəsində olan elektrik dirəyinə vurmuş, nəticədə avtomobildə olan digər sərnişinlər xəsarət almışlar. Hadisə yerinin müayinəsi zamanı orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Belə ki, 14 iyun 2023-cü il tarixli, 8/1619 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizası ilə bağlı 15 may 2023-cü il tarixli, 87 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət - Sağ qamış sümüyünün orta 1/3-nin qəlpəli yerini dəyişən sınığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan AZ AĞİR zǝrǝrvurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 15 may 2023-cü il tarixli, 88 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarət - Sağ baldır sümüklərinin orta 1/3-nin yerini dəyişən qapalı sınığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir». Neftçala RPŞ-nin DYPB-nin 26 may 2023-cü il tarixli, 3-13-100/1-5760/2023 nömrəli məktubunun qoşmasında olan DİN DYP WEB Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs haqqında verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, o, spirtli içki qəbul etməyib, ayıqdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə təqdim etdikləri notarial qaydada təsdiq olunmuş 04 aprel 2023-cü il tarixli ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını və vurduğu zərəri ödədiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış və Neftçala RPŞ-də saxlanılan “VAZ-21063” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X2 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 05 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrumetmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X2 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-53/2023
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-53/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver