Məhkəmə qərarları › İş №1(053)-55/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-55/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-55/2023 02.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” qərarının 4-cü bəndinə əsasən cəza müddəti 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Neftçala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,870 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 25 aprel 2023-cü il tarixdə, saat 16:20 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibində sellofan kəsiyinə bükülmüş bir ədəd bükülüdə təmiz çəkisi 0,870 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonunun Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Özü hərdən narkotik vasitələrdən istifadə edir. 22 aprel 2023-cü il tarixdə Salyan şəhərinə getmişdir. Həmin gün saat 17 radələrində Neftçala rayonuna gələn taksilərə minmək üçün Salyan şəhərindən Neftçala rayonuna gələn dayanacağa gəlmişdir ki, Neftçala rayonuna gedən taksilərə minsin. Dayanacaqda duran zaman yerdə göy rəngli sellofan kəsiyi yumurlanmış halda gözünə sataşmışdır. O, həmin sellofanı götürüb açıb içinə baxanda kristal halında boz rəngdə maddə görmüşdür. Bilmişdir ki, həmin maddə heroin adlanan narkotik vasitədir. Həmin sellofanı yenidən bükərək cibinə qoymuşdur. Özü ilə birlikdə yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsinə gətirmişdir. Həmin narkotik vasitənin üzərindən bir az istifadə etmişdir. 25 aprel 2023-cü il tarixdə, saat təxminən 16:20 radələrində Bankǝ qəsəbəsində küçə qapılarının yanında dayanmış, həmin zaman yerdən tapdığı narkotik vasitə olan heroin də bükülü vəziyyətdə əynində olan qara rəngli, idman şalvarının sağ yan cibində olmuşdur. Polis işçiləri ona yaxınlaşaraq RPŞ-nə gətirmişlər. Orada vəkilin iştirakı ilə üstünə baxış keçirərkən həmin narkotik vasitə olan heroin onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxmışdır. Bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, heç kimə pay verməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hazırda Neftçala RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. Hadisə ilə əlaqədar onu qeyd edə bilər ki, Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs Neftçala rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı aidiyyatı əməkdaşlar tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 25 aprel 2023-cü il tarixdə, saat təxminən 16:20 radələrində Ağaşov X2 rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsində tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olması, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Neftçala RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya hər hansı basqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində, göy rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülüdə narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb-baxıldıqda içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 Qalib Fəxrəddin oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid1 məhkəmə baxışı iclasına gəlməmiş, teleqram göndərərək hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində olduğu üçün xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasına gələ bilmədiyini və Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 26 aprel 2023-cü il tarixli, 18/442 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində: “.../imza var/ Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,870 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı)”. 05 iyun 2023-cü il tarixli, 3478 nömrəli ekspert rəyində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Aslılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və 115 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmiş, məhkumluğu ödənilməmişdir. Neftçala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Neftçala RMX" X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHS/6-63/2-368/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən narkoloji dispanser qeydiyyatındadır. Alkoqoloji və əsəb ruhi dispanser qeydiyyatlarında isə yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Ağaşov X2 Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətində azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, təqsirləndirlən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,820 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 aprel 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,820 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar