Məhkəmə qərarları › İş №1(053)-55/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-55/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-55/2024 14.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1976-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 30 aprel - 02 may 2024-cü il tarixləri üzrə tutulmuş, 02 may 2024-cü il tarixdə barəsində «Başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 21,74 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 30 aprel 2024-cü il tarixdə, saat 20:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, M.Hadi küçəsində yaşadığı yaşayış evinin yaxınlığındakı küçədə saxlanılaraq Neftçala rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sol yan iç cibindən şəffaf sellofan bükülüdə təmiz çəkisi 21,74 qram, xeyli miqdar olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala şəhəri M.Hadi küçəsində yerləşən mənzilində ailəsi ilə birlikdə yaşayır. Uzun zamandır işsizdir. Narkotik vasitə marixuanadan az-az istifadə edir. Astma xəstəsi olduğu üçün ona yaxşı təsir edir. Təxminən 2 ildən çoxdur ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 15 -20 gün əvvəl Neftçala şəhərindəki "Baliq Bazarı" adlanan yerə maşınla gəlmişdir. Maşını bazarın kənarındakı torpaq yerdə saxlamışdır. Alver edib qayıdanda görmüşdür ki, maşının yanında sellofan torbada yaşıl rəngli kütlə var. O, əvvəl elə bilib ki nanə bitkisidir. Ayağı ilə sağa-sola çevirib baxanda görmüşdür ki, narkotik vasitə qurudulmuş marixuanadır. Onu götürüb maşına atmışdır. Bildirir ki, həmin maddədən arasıra istifadə edirmiş və istifadə etdikdən sonra narkotik vasitəni maşına qoyurmuş. Habelə lazım olanda cibinə qoyub, istifadə edirmiş. xx.xx.2024-cü il tarixdə mağazadan 1 ədəd siqaret almışdır ki, içini doldurub çǝkǝr. Maşınla Neftçala şəhəri, M.Hadi küçəsindəki yaşadığı evin qarşısına gəlib maşından düşəndə qurudulmuş marixuananı cibinə qoymuşdur ki, həyətdə doldurub çəkər. Bu zaman küçədə mülki geyimdə olan şəxslər saat 20:30 radələrində ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını deyǝrǝk avtomobilə mindirmişlər və Neftçala rayon polis şöbəsinə aparmışlar. Neftçala rayon polis şöbəsində aparılan videoçəkiliş zamanı təhqiqatçı ona bilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağın barədə məlumat daxil olduğu üçün barǝndə şübhəli şəxsi tutma qərarı tərtib olunur, ona müdafiəçi barədə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi ona təqdim edilmişdir. Maddi imkanı olmadığından Müdafiəçi hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmiş, sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona təklif olunmuşdur ki, üstündə narkotik vasitə varsa təqdim etsin. O, əynindəki qara rəngli qolsuz qış gödəkçəsinin sol yan iç cibində saxladığı içində marixuana olan həmin sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükülüdə olan marixuana sellofanla birlikdə kağız zərfə qoyulub möhürlənmiş, bu haqda protokol tərtib edilmiş, o da protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Hazırda əməlindən pesmandır. Qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı özü qəbul edəcəkmiş, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hadisə ilə əlaqədar onu qeyd edə bilər ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı tərəfimizdən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfimdən şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra Əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 30 aprel 2024-cü il tarixdə, saat 20:30 radələrində Bayrışov X2 şəhəri, M.Hadi küçəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılmışdır. Saxlanılan zaman özlərini təqdim etmişlər. Bayrışova üzərində narkotik vasitənin saxlanması barədə məlumat daxil olduğunu bildirmişlər. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə o, polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat Qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təhqiqatçı Müşfiq Abdullayev tərəfindən Təqsirləndirilən şəxs Malik oğluna üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan iç cibindən 1 ədəd şəffaf sellofan bükülünü təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açılıb-baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Vətəndaş Bayrışov həmin bükümdə narkotik vasitə "nəşə” adlanan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bayrışovun üzərinə polis əməkdaşı Şahid2 tərəfindən baxış keçirilərkən digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zarfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara uçadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Vətəndaş Bayrışov saxlanılarkən ona qarşı hər hansı fiziki zor və psixi təsir göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 Fizuli oğlu Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/451 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən....» sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümüdə təmiz çəkisi – 21,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (Kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. (İ siyahı) xx.xx.2024-cü il tarixli, 436 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Neftçala Rayon Məhkəməsinin 4(053)-21/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixli qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokurorunun Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsinə dair verdiyi təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs qərar elan olunduqdan dərhal sonra məhkəmə iclas zalından azadlığa buraxılmışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,72 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 ay (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 aprel - 02 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,72 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar