Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-56/2024 21.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1968-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatda olan və orada yaşayan, 25 – 27 aprel 2024-cü il tarixləri üzrə tutulmuş, 27 aprel 2024-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 25 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində Neftçala Rayon Polis Şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, 7-ci məhəllə ərazisindəki yaşadığı evin yerləşdiyi küçədə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən sellofan bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxladığı, təmiz çəkisi 13,55 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq dolanır. 25 aprel 2024-cü il tarixdə, səhər saat 10:00 radələrində yaşadığı Neftçala rayonu, Qoltuq qəsəbəsi ərazisində olarkən dəniz kənarında yerdə sellofan bükülü gözünə sataşıb. O, həmin sellofanı götürüb açıb içinə baxanda, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bilmişdir ki, bu narkotik vasitə “nəşə”dir. Çünki xeyli müddətdir ki, mütəmadi olaraq narkotik vasitə qəbul edir. Həmin sellofanı yenidən bükərək bağlayıb cibinə qoymüş, fikirləşmişdir ki, lazım olanda həmin narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul edər. Sonra da Neftçala şəhəri, Qoltuq qəsəbəsindəki, yəni 7-ci məhəllədə yaşadığı evə gəlmişdir. 25 aprel 2024-cü il tarixdə, saat təxminən 19:30 radələrində yaşadığı evdən çıxaraq küçələri ilə piyada getmiş, həmin tapdığı narkotik vasitə olan qurudulmuş marixuana da bükülü vəziyyətdə əynindəki göy cins şalvarımın sağ yan cibində qalmışdır. Təxminən saat 19:30-da polis işçiləri ona yaxınlaşaraq onu Neftçala RPŞ-nə gətirmişlər. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üstünə baxış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana onun əynindəki göy rəngli cins şalvarın sağ cibindən çıxmışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyularaq qablaşdırılıb, “203” saylı möhürlə möhürlənib və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin vaxt ətrafda o, heç kimi görməyib və orada həmin vaxt tək olub. O, həmin tapdığı narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə satmayıb, verməyib və bağışlamamışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmur. Yalnız arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul edir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala RPŞ-in X4 Bölüyünün polis nəfəri kimi işləyir. Neftçala RPŞ-nın əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 25 aprel 2024-cü il tarixdə, saat 19:30-da Neftçala şəhəri, 7-ci məhəllə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala şəhəri, 7-ci məhəllə ərazisində saxlanılıb Neftçala RPŞ-yə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-nın əməkdaşları Şahid1, Şahid4 və Şahid2 da iştirak ediblər. Təhqiqat Bölməsinin rəisi, polis kapitanı Nicat Sadıqovun rəhbərliyi altında Neftçala RPŞ-nın növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi-vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Agali Sadıqovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd polietilen sellofan bükümün içərisindən narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nın “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi-vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu 25 aprel 2024-cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı Neftçala şəhəri, 7-ci məhəllə ərazisində dəniz kənarında yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/439 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: « Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 13,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli, 423 nömrəli narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Neftçala RMX” X3 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 404/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsində 2022-ci ildən narkoloji qeydiyyatdadır.Əsəb-ruhi qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 cinayət işi üzrə icraatın dayandırılması barədə 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, müstəntiqin icraatında Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, həmin cinayət işi 22 dekabr 2020-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Müslüm Quliyev tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrılmışdır. ********* nömrəli cinayət işi üzrə 28 sentyabr 2020-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Müslüm Quliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 28 sentyabr 2020-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik- leytenantı Müslüm Quliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 30 dekabr 2020-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik- leytenantı Müslüm Quliyev tərəfindən həmin cinayət işinin ərazi aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilməsi barədə qərar qəbul edilmiş, bundan sonra cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 həvalə olunduğundan iş icraata qəbul edilmiş və istintaqı aparılmışdır. 19 mart 2021-ci il tarixdə iş üzrə törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə toplanmış istintaq materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mənzilində axtarış məhkəmə qərarı alınmadan aparılmış, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsindən mənzilində axtarışın məhkəmə qərarı olmadan qanunsuz aparıldığını və qeyd edilən miqdarda narkotik vasitələrin orada olmadığını bildirmiş, həmin cinayət əməllərini törətməsini inkar etmiş və bununla bağlı şikayətlər etmişdir. Bundan başqa, iş üzrə aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək möhtəbər hesab edilən sübutlar müəyyən edilməmişdir. Odur ki, göstərilənlər və işin halları nəzərə alınaraq Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərara və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilmişdir. Bununla yanaşı, iş üzrə aşkar olunmuş narkotik vasitələri satmış şəxsin müəyyənləşdirilməsi məqsədi ilə zəruri istintaq hərəkətləri yerinə yetirilmiş, ərazi polis orqanlarına əməliyyat tapşırıqları verilmiş, şahidlər dindirilmiş, lakin keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Ona görə də, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu və himayəsində İ qrup əlil övladı olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,45 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 27 aprel 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,45 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-56/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-56/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver