Məhkəmə qərarları › İş №1(053)-57/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-57/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-57/2023 30.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 16 noyabr 1979-cu il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Abasalılı kəndində qeydiyyatda olan və orada yaşayan, 24- 26 iyun 2023-cü il tarixləri üzrə tutulmuş, 26 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində, günü istintaqa məlum olmayan tarixdə özünə məxsus Neftçala şəhəri 5-ci Məhəllədə yerləşən fərdi yaşayış evinin arxasındakı həyətyanı sahədə 1 ədəd plastik qabda 2 ədəd, 1 ədəd dəmir vedrədə 2 ədəd, digər dəmir vedrədə isə 1 ədəd olmaqla ümumilikdə 5 ədəd, xeyli miqdarda, əkibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 24 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı evin həyətyanı sahəsindən 5 ədəd, xeyli miqdarda narkotik tərkibli əkibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, Məhəllə 5-də yaşayır. Təxminən bir ildir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitənin aludəçisi deyil. Təxminən 2023-cü ilin may ayının əvvəllərində Salyan rayonunun tərəvəz bazarından həyətində əkmək üçün göy-göyərti toxumu almışdır. Həmin toxumları gəldiyi günün səhəri həyətə səpərkən çətənənin toxumlarını görüb tanımışdır. İstifadəçi olduğu üçün toxumları götürüb, 1 ədəd plastik və 2 ədəd dəmir vedrələrdə torpağa əkib, yaşadığı evin arxasındakı həyətyanı sahəsində saxlamışdır. 1 ədəd çətənə bitkisini plastik qabda, qalan 4 ədəd çətənə bitkisini hər biri 2 ədəd olmaqla ayrı-ayrı dəmir vedrələrdə əkmişdir. Əkdiyi toxumlara mütəmadi olaraq qulluq etmişdir. O, demək olar ki, hər gün əkdiyi çətənə toxumlarını sulayır və çətənə inkişaf etdikcə dibini yumşaltmış, mütəmadi olaraq qulluq göstərmişdir. Məqsədi həmin çətənə kollarını böyütdükdən sonra qurudub, marixuana kimi istifadə eləmək olmuşdur. 24 iyun 2023-cü il tarixdə, saat 16 radələrində evində olduğu vaxt onu həyət qapısından çağırmışlar. O, küçə qapısına getdikdə mülki geyimli şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını, həyətində qanunsuz olaraq narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduqlarını bildirmişlər. O, heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Həmin vaxt onun barəsində şübhəli şəxs kimi tutma qərarı qəbul edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Onu müdafiəçi ilə təmin edib, Müdafiəçi, orada olan polis əməkdaşları, həmçinin aqronomun iştirakı ilə həyətinə video çəkilişlə baxış keçirilən zaman əkdiyi 5 ədəd çətənə bitkiləri çıxarılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da protokola imza etmişdir. Hazırda əməlindən peşmandır. Həyətindən aşkar edilmiş narkotik vasitələri öz istifadəsi üçün istifadə edəcəkmiş. O, hec vaxt narkotik vasitəni satmamış və pay verməmiş, öz istifadəsi üçün əkmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri və toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Astanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Neftçala X1 Mərkəzinin bitkiçilik sektorunun baş mütəxəssisi vəzifəsində işləyir, mühəndis-aqronomdur. 24 iyun 2023-cü il tarixdə Neftçala RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət edərək bildirmişlər ki, Neftçala şəhəri, 5-ci Məhəllədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkiləri yaşadığı evinin həyətyanı sahəsində əkib-becərərək onları kultivasiya etməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirmək üçün iştırakı lazım olmuşdur. O, mütəxəssis kimi baxışda iştirak etməyə razılıq vermiş və qeyd edilmiş ünvana getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs həyət qapısından çağırdılar. Küçəyə çıxdıqda özlərini təqdim edib Təqsirləndirilən şəxs izah olundu ki, evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik xassəli bitkiləri əkib-becərərək onları kultivasiya etməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə təxirəsalınmadan baxış keçirilməsi üçün qərar qəbul edilmişdir. Qeyd olunan yerə baxış keçiriləcəkdir. Həmin zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Həmçinin mütəxəssis kimi ona hüquq və vəzifələri orada izah olunmuşdur. Daha sonra onun və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki fərdi yaşayış evinin arxasında 1 ədəd plastik və 2 ədəd dəmir vedrədə, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis kimi orada bildirmişdir ki, bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 1 ədəd plastik və 2 ədəd dəmir vedrədə, tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 5 ədəd bitki vardır. Baxış zamanı bitkilər kökündən çıxarılmış, torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmiş və polis əməkdaşlarına rǝy vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsinin PPX bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əkib yetişdirməsi barədə şöbəyə məlumat daxil olmuşdur. Məlumat əsasında Neftçala RPŞ-də təxirəsalınmadan əməliyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyataxtarış tədbirinin icrası məqsədi ilə onunda iştirakı ilə əmliyyat qrupu yaradılmışdır. Həmin qərar əsasında 24 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və Təqsirləndirilən şəxs həmin vaxt evdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs həyət qapısına çağırmış, küçəyə çıxdıqda özlərini təqdim etmişlər. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunsuz olaraq narkotik xassəli bitkilər əkib becərməsi barədə Neftçala RPŞ-nın əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumat əsasında evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün qərar qəbul edilmişdir. Qeyd olunan yerə tərəflərindən baxış keçiriləcəkdir. Həmin vaxt Rüstəm Quiyev hec bir etiraz etməyib onları həyətə dəvət etmişdir. Tədqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, ona müdafiəçi təyin edilməklə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onların, Müdafiəçi və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı bir mərtəbəli fərdi yaşayış evinin arxasındakı həyətyanı sahədə bir ədəd plastik və iki ədəd dəmir vedrədə 50-105 sm. uzunluğunda, 5 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər əkildiyi müəyyən olunmuşdur. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssisaqronom Şahid3 bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, sintetik torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. xx.xx.2023-cü il tarixli, 18/670 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 5 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-150,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Agronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkisindən kustar üsulla marixuana, həşiş qətranı, həşiş kimi narkotik vasitələr hazırlamaq mümkündür, bu kimi narkotik vasitələr kustar üsulla hazırlandığı üçün əvvəldən miqdarı təyin etmək olmur. xx.xx.2023-cü il tarixli, 727 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan 05 (beş) ədəd yaş vəziyyətdə olan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 149,75 qram olan narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 – 26 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan 05 (beş) ədəd yaş vəziyyətdə olan, müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 149,75 qram olan narkotik təbiətli (tərkibli) çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar