Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-57/2024 09.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 1(053)-43/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) ay 10 (on) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti 04 sentyabr 2023-cü il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 29 aprel - 01 may 2024- cü il tarixləri üzrə tutulmuş, 01 may 2024cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 20,49 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 29 aprel 2024-cü il tarixdə, saat 16 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən, əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən sellofan bükülüdə təmiz çəkisi 20,49 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonu, Bankə qəsəbəsində özünə məxsus evdə tək yaşayır, evlidir, uşaqları isə Bakı şəhərində yaşayır. Özü “Hepatit” xəstəsidir, onun xəstəliyi ağır “Serroz” xəstəlyinə çevrilmişdir. Bununla bağlı Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Semaşko” adına xəstəxanada müalicə olunur. 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində əməliyyat olunmuş, 29 aprel 2024-cü il tarixdə polis əməkdaşları onu səhər saat 10-11 radələrində evindən çağıraraq Neftçala RPŞ-yə aparmışlar. Onun tutulma vaxtı isə saat 16:30 kimi göstərilməklə tutulma yeri yaşadığı evin yaxınlığı kimi göstərilmişdir. Bu səbəbdən istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə polis əməkdaşları tərəfindən tutulduğu vaxt anten dairəsini yoxlamaqla onun barəsində olan cinayət işinə düzgün baxılması barədə məhkəməyə ərizə göndərmişdir. Neftçala RPŞ-da olarkən oraya İntiqam və adını bilmədiyi digər şəxs çağırılmış, İntiqam adlı polis əməkdaşı ondan narkotik vasitəni boynuna götürməsini tələb etmiş, lakin ona zor tətbiq edilməmişdir. O isə ona qarşı zor tətbiq ediləcəyindən ehtiyat edərək narkotik vasitənin ona məxsus olduğunu və istifadəsi üçün saxladığını bildirmişdir. Özü arada bir narkotik vasitə istifadə edir. Əlavə olaraq qeyd edir ki, o, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə 4 dəfə məhkumluq həyatı yaşamış və ona hər dəfə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Habelə qeyd edir ki, o, həmin vaxt vəkilin iştirakı ilə video çəkiliş aparılarkən narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Əvvəllər məhkum olarkən özünü təqsirli bilmiş, lakin bu cinayət əməlini törətmədiyi üçün özünü təqsirli bilmir. Məcbur qalıb bu cinayəti boynuna götürmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala RPŞ-nın Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili olmaqla polis mayorudur. Neftçala RPŞnın əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 29 aprel 2024-cü il tarixdə, saat 16:00-da Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və istifadəsində şübhəli bilinərək Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılıb, Neftçala RPŞ-yə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-nın əməkdaşı Şahid2 iştirak edib. Təhqiqat Bölməsinin rəisi, polis kapitanı Nicat Sadıqovun rəhbərliyi altında Neftçala RPŞ-nın növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd polietilen sellofan bükümün içərisindən narkotik vasitə qurudulumuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nın “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 (bir) ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq ediblər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu 29 aprel 2024-cü il tarixdə, səhər saat 09 radələrində yaşadığı Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində avtobus dayanacağında yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi saat səhvdir. 050 254-73-93 mobil nömrəsi ona məxsusdur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün belə ifadələr verir. Ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmiş, özü narkotik vasitəni təqdim etmişdir. . Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 30 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/444 nömrəli Məhkəmə-bioloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi- 20,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 17 iyul 2024-cü il tarixli, 595 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür”. “Neftçala RMX” X3 verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-63/2-419/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində 2012-ci ildən narkoloji qeydiyyatdadır. Əsəb ruhi qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Neftçala Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 (bir) il 8 (səkkiz) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cǝza müddəti başa çatmış, məhkumluğu isə ödənilməmişdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-57/2024 nömrəli iş üzrə 04 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs anten məlumatlarının müəyyən edilməsi ilə bağlı vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş (051)-768-59-25, X1 istifadəsində olan (050)-254- 73-33; (055)-437-00-79), Şahid2 istifadəsində olan (055)-674-50-47 GSM telefon nömrələrinin 29 aprel 2024-cü il tarixinə olan anten məlumatları müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 20239 nömrəli 01 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubundan məzmunundan görünür ki, məhkəmənin 1(053)-57/2024 saylı iş üzrə sorğusu ilə əlaqədar "xxxx" MMC-yə aid olan ********* və ********* nömrələrin xx.xx.2024-cü il tarixində mövcud olan istifadələrinin əhatə dairəsinə dair məlumat təqdim (əlavə olunur) edilir. Əhatə dairəsinə dair məlumat file-da nömrə ardıcıllığına əsasən göstərilmişdir. Konkret nömrəyə dair ayrıca məlumat üçün həmin nömrəni başlıqda göstərilən sonuncu “Nömrə” sütununda “filtr” ilə seçmək lazımdır. Eyni zamanda hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə\ yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. xx.xx.2024-cü il tarixli, BKC/LGL-13120/24 nömrəli 25 sentyabr 2024-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, məhkəmənin 1(053)-57/2024 saylı iş üzrə sorğusu ilə əlaqədar əldə olunmuş mümükün məlumatlar məktuba əlavə edilmiş 01 ədəd CD diskdə təqdim edilmişdir. Qeyd olunur ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən evindən səhər saat 10-11 radələrində aparılması ilə bağlı anten məlumatlarının yoxlanması barədə bildirdikləri işin məhkəmə baxışı zamanı araşdırılmış, bu məqsədlə həmçinin "xxxx" MMC və "xxxx" MMC-yə yuxarıda qeyd olunan mobil nömrələrin anten dairələrinin müəyyən edilməsi məzmunlu sorğular göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş 051 768-59-25 mobil nömrəsi üzrə "xxxx" tərəfindən verilş məlumatlardan müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 14:01-də 15:39-dək həmin nömrənin anten dairəsi Neftçala rayon Bankə qəsəbəsi ərazisini göstərir. Halbu ki, təqsirləndirilən şəxs həmin vaxtda telefonu üzərində olmaqla Neftçala Rayon Polis Şöbəsində olmasını bildirmişdir. Habelə şahid qismində tanınmış X1 istifadəsində olan 050 254-73-33 möbil nömrəsi üzrə anten məlumatları ilə müəyyən edilmişdir ki, qeyd olunan nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə, saat 15:10- 16:47 aralığında Neftçala şəhəri ərazisini göstərir. "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X1 istifadəsində olan 055 437-00-79 möbil nömrəsi və iş üzrə digər Şahid2 istifadəsində olan 055 674-50-47 möbil nömrəsi üzrə anten məlumatları xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin qeyd etdiklərinin əksinə olaraq səhər saatlarında Neftçala şəhəri ərazisini göstərir. Yuxarıda qeyd olunan şahid ifadələrindən də görünür ki, təqsirləndirilən şəxsin qeyd etdikləri özünü müdafiə xarakteri daşımış və iş üzrə toplanmış məlumatlarla öz əksini tapmamışdır. Təqsirləndirilən şəxsin istintaq dövründə və məhkəmə baxışı zamanı izahatında da ona qarşı işgəncə və zor tətbiq edilməsi, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara yol verilməsi hallarının olması qeyd edilməmişdir. Habelə təqsirləndirilən şəxs tutulduğu andan müdafiəçi ilə təmin edilməsinə baxmayaraq müdafiəçisinə ona qarşı iddia etdiyi hallarla bağlı heç bir söz deməmiş, aidiyyatı qurumlara şikayət məzmunlu müraciətləri olmamışdır. Həmçinin məhkəmə iclası zamanı istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş, orada təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə etdiyi əməli səmimi etiraf etməsi, hansısa formada etiraz etməməsi öz əksini tapır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müvafiq məzmunlu ifadəsi işin həqiqi hallarını təhrif etməklə məsuliyyətdən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməli Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin 1(053)-43/2022 nömrəli iş üzrə 20 aprel 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti 04 sentyabr 2023-cü il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs məhkum olunduğu ittiham üzrə ona təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olduğundan onun əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,39 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 aprel – 01 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əvvəli 09 oktyabr 2024-cü il tarixindən hesablansın. Azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «Həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,39 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-57/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-57/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver