Məhkəmə qərarları › İş №1(053)-58/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-58/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-58/2024 07.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1968-ci ildə Neftçala rayonu, Kürqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olan, faktiki Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 05 iyul 2024-cü il tarixdə, təxminən saat 14:20 radələrində Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşadığı evdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla vurmaqla onu döyǝrǝk sonuncuya alt dodağın selikli qişasının yarası şişkinliyi, alt çənənin ön kəsici dişin diş dibinin qansızması ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zǝrǝrvurmaya aid xəsarət yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Neftçala rayonu, Həsənabad qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Elgünlə aralarında heç bir ədavətləri və qərəzli münasibətləri olmamışdır. Həmişə nomal münasibətləri olmuşdur. 05 iyul 2024-cü il tarixdə, saat 14:20 radələrində evdə tək olduğu vaxt tanışı Telman onlara gəlmiş və ondan içməyə su istəmişdir. O, Telmana içmək üçün su vermişdir. Elə bu vaxt Telmanın arxasınca Elgün də evə gəlmişdir. Elgün Telmandan nəsə borcunu istəmişdir. Onun bu barədə məlumatı olmamışdır. Elgün təkidlə Telmandan pulunu istədiyi üçün o, nə baş verdiyini xəbər almışdır. Bu vaxt Elgün onu söymüşdür. O, Elgünün söyüşünə görə özünü saxlaya bilməyib onun ağız nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt Telman onları aralaşdırıb Elgünü götürüb aparmışdır. O da baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə vaxtı Elgün onu döyməmişdir. Hadisə onun yaşadığı evdə baş vermişdir. Hadisə vaxtı yanlarında Telman olmuş, başqa heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Müxtəlif şəxslərə məxsus evlərdə ustalıq etməklə dolanır. Təqsirləndirilən şəxs Abasǝt oğlu onun qonşusudur. Asiflə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmişə normal münasibətləri olmuşdur. Asif arabir ondan borc pul almışdır. Asifin onda 200 manat borcu yığılmışdır. 05 iyul 2024-cü il tarixdə, saat 14:20 radələrində o, küçəyə çıxıb evlərinin Asifin həyəti tərəfdə olan işıq sayğacına baxmaq üçün getmişdir. Bu vaxt görmüşdür ki, onunla arabir evlərə fəhləlik etməyə gedən Telman Asifin həyətinə girmişdir. O, Telmana işlə əlaqədar olaraq söz demək üçün arxasınca Asifin evinə getmişdir. O, Asiflə salamlaşdıqdan sonra Telmanla söhbət etməyə başlamışdır. Bu vaxt Asif onların söhbətə müdaxilə etmişdir. O, bu vaxt Asifə demişdir ki, “əvvəl öz borcunu ödə sonra danış”. Bu vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Asif yumruqla onun ağız nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq onu döymüş və xəsarət almışdır. Bu vaxt Telman onları aralaşdırmış və onu öz həyətinə aparmışdır. Evdə olan zaman DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra da bu barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hadisə vaxtı o, Asifi söyməmiş, döyməmişdir. Hadisəni yalnız Telman görmüşdür. Həmin vaxt evdə başqa heç kim olmamışdır. Həmçinin bildirir ki, təqsirləndirilən şəxslə barışıb. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsnın müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 12 iyul 2024-cü il tarixli, 133 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs «məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının yarası şişkinliyi, alt çənənin ön kəsici dişin diş dibinin qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir». Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, eləcə də barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344–348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar