Məhkəmə qərarları › İş №1(053)-6/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-6/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-6/2023 25.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi, vəkil X2, zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1959-cu ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan, 04 – 05 sentyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 05 sentyabr 2022-ci ildə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə saat 2:40 radələrində Salyan- Neftçala avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən 12-ci km-də etibarnamə əsasında idarə etdiyi “Vaz 21061” markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyib, idarəetməni itirərək yolun sağ ehtiyat hissəsindən kənarda, “Surra Market” mağazasının qarşısında içərisində sürücü və sərnişin olmadan dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorento” markalı 90TB949 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısına çırpılmış, daha sonra yolun sağ kənarında olan avtoyuma məntəqəsinə dəymiş, təqsirləndirilən şəxsin yuxarıda təsvir olunmuş ehtiyatsızlığı nəticəsində “Vaz 21061” markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs5 başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, beynin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq başın küt travmasından törənmiş beyin toxumasının əzilməsi, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları nəticəsində ölümünə, avtomobildə olan digər sərnişinlər X1 alın nahiyəsinin dərialtı hematoması, qançırı, beyin silkələnməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsi və sol çiyin nahiyəsinin sıyrıq və qançırı, sol Vİ və Vİİ qabırğaların döş fəqərəsinə birləşən hissəsində yerdəyişməyən sınıq, sağ X və Xİ qabırğa qövslərində, TH3 döş fəqərəsinin arxa çıxıntısının, TH4 döş fəqərəsinin sol köndələn çıxıntısının yerdəyişməyən sınığı, TH11-TH12 döş fəqərə cisminin kompression sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs3 sol dirsək, sol bazunun, sağ diz qapağının, sağ və sol baldırın ön səthlərinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər almalarına və Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorento” markalı, 90TB949 dövlət qeydiyyat nişanlı avtomobilə 9402 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs5 dərəcələrinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. “Vaz 21061” markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobillə Salyan və Neftçala şəhərləri arasında taksi fəaliyyəti ilə məşğul olur. 03 sentyabr 2022-ci il tarixdə Salyan şəhərindən 4 nəfər, 1 nəfəri kişi və 3 nəfəri qadın olmaqla sərnişin götürüb Salyan-Neftçala avtomobil yolunda Neftçala şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmin şəxsləri əvvəllər tanımayıb. Kişi ön tərəfdə onun yanındakı oturacaqda, qadınlar isə arxada əyləşmişlər. Saat 12:40 radələri idi. Neftçala rayonu, Aşağı Surra kəndində təxminən 80 km/saat sürətlə hərəkətdə olmuş, həmin vaxt Kür-Xəzər adlanan restorandan sonra yolun sol tərəfində olan su kanalını ötüb keçməyi yadına gəlir. Daha sonra huşunu itirmiş, döngəni keçdikdə bir də görmüşdür ki, yolun sol ehtiyat hissəsinə çıxır. Dərhal sükanı sağa çəkib yola davam etmək istədikdə idarəetməni itirib yolun sağ ehtiyat hissəsində durmuş qara rəngli avtomobilin sağ tərəfindən vurmuş və daha sonra bir dəfə fırlanıb avtoyuma məntəqəsinə dəyib dayanmışdır. Daha sonra ətrafda olan kənd sakinləri kömək edib onları avtomobildən çıxarmışlar. Xəsarət almış şəxsləri təcili yardım avtomobili gəlib xəstəxanaya aparmışdır. O da gözləyib hadisə yerinə baxışda iştirak etmişdir. Hazırda Zərərçəkmiş şəxs3 ilə barışıb. Digər zərərçəkmiş şəxslər isə onunla barışmır. Mərhumun yas marasiminin keçirilməsi üçün 9.300 manat məbləğində zərərçəkmiş şəxslərə pul ödəmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 bildirmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs5 onun qızıdır. O, bu il orta məktəbi bitirmişdir. Qızı Ləman 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında bacısı Nərmin və xalası Mədinə ilə Salyan rayon xəstəxanasına getmişdir. Günorta vaxtı Ləman zəng edib anası İlahəyə demişdir ki, evə gəlirlər. Bir müddət keçəndən sonra evə çatmadıqları üçün nigaran qalıb Ləmanın mobil telefonuna zəng etməyə başlamışlar. Bir müddət keçəndən sonra saat 13 radələrində Salyan rayon xəstəxanasından onlara zəng gəlmişdir ki, Ləman, Nərmin və Mədinə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. O, dərhal evdən çıxıb Salyan rayon xəstəxanasına getmişdir. Çatdıqda görmüşdür ki, Nərmin və Mədinə palataya yerləşdirilmişdir. Ləman isə reanimasiya şöbəsindədir. Xəstəxanada ona məlum olmuşdur ki, Ləman, Nərmin və Mədinə həmkəndliləri Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə evə gələrkən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışlar. Həmin hadisə İbrahimin törətdiyi ilk yolnəqliyyat hadisəsi deyil. İbrahim əvvəllər də belə hadisələr törədib. Dəfələrlə qəsəbə sakinləri, həmçinin öz övladları Seyran və Samit İbrahimə avtomobil idarə edə bilməməsi barədə xəbərdarlıq etmişlər. İbrahim onda olan məlumata görə epilepsiya xəstəsidir. Belə olan halda təqsirləndirilən şəxs avtomobil idarə etməli deyildi. Qızı Ləman həmin gün aldığı xəsarətlər nəticəsində Salyan xəstəxanasında vəfat etmişdir. Hadisədən sonra yas mərasiminin keçirilməsi üçün İbrahim onun qohumuna 6.300 manat məbləğində pul vermiş, həmin pul məbləği tam olaraq yas mərasimin keçirilməsinə sərf olunmuşdur. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 03 sentyabr 2022-ci il tarixdə o, mərhum bacısı Ləman və qaynanası Mədinə ilə Salyan şəhərinə xəstəxanaya getmişdir. İşlərini görüb qurtardıqdan sonra Neftçala taksilərinin dayandığı yerə gəlmişlər və orada İbrahim adlı şəxsin “Vaz 2106” markalı avtomobilinə əyləşmişlər. O, arxada sol tərəfdə, Ləman ortada, Mədinə isə sağ tərəfdə əyləşmişdir. Öndə də tanımadığı bir kişi əyləşmişdir. Avtomobil Neftçala şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Saat təxminən 12:40 radələrində Neftçala rayonu, Aşağı Surra kəndindən keçəndə birdən İbrahimin sükan arxasında donub qaldığını görmüşlər. Mədinə qabaqda əyləşən kişi ilə nə qədər İbrahimi çağırsa da ayılda bilməmişlər. İbrahim ayağını qaza qoyub yüksək sürətlə yoldan çıxaraq əvvəl qara rəngli bir avtomobilə dəymiş, daha sonra da aşaraq yolun sağındakı tikiliyə dəyib dayanmışdır. Bundan sonra ətrafda olan kənd camaatı onlara kömək edərək xəstəxanaya aparmışlar. İbrahim isə nə onlara kömək etmiş, nə də xəstəxanaya aparıldıqdan sonra baş çəkməyə gəlmişdir. İbrahimə kənddə eşidib bildiyinə görə dəfələrlə kənd camaatı və öz yaxınları avtomobil idarə edə bilməməsi barədə irad bildirmişlər. İbrahim isə buna məhəl qoymayaraq qəsdən belə bir yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında gəlini Nərmin və bacısı Ləmanla Salyan rayon xəstəxanasına getmişlər. Onlar xəstəxanada işlərini görüb qurtardıqdan sonra həmin gün saat 12 radələrində evə getmək üçün Neftçala taksilərinin durduğu dayanacağa getmişlər. Orada İbrahim adlı şəxs onlara bildirmişdir ki, onun növbəsidir. Onlar avtomobilə əyləşmişlər. Arxa oturacaqda sağ tərəfdə o, ortada Ləman, Nərmin isə sol tərəfdə əyləşmişdir. Onlar hərəkətə başlamışlar. Neftçala rayonu, Aşağı Surra kəndinə çatmamış İbrahim ona demişdir ki, bir nəfərə gediş haqqı üç manat verəcəklər. O, razılaşmışdır. Onlar Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçəndə bir də görmüşlər ki, İbrahim elə bil donub qalmışdır. O, nə qədər çağırsa da İbrahim ayılmamış və yoldan çıxmağa başlamışdır. Öndə əyləşən şəxs də nə qədər çağırsa da İbrahim buna baxmayaraq ayağını qaza qoymuşdur. İbrahim avtomobili yolun sağ ehtiyat hissəsinə çıxararaq aşırmışdır. Əvvəl avtomobil başqa bir avtomobilə dəymiş, daha sonra fırlanaraq divara çırpılmışdır. İbrahim xəstə olduğunu bildiyi halda qəsdən avtomobil sürmüşdür. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 03 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində taksi ilə şəxsi işləri ilə əlaqədar getdiyi Bakı şəhərindən Salyan şəhərinə gəlmişdir. Bu vaxt görmüşdür ki, taksilərin durduğu yerdə bir avtomobil Neftçala şəhərinə getməyə müştəri yığır. O, avtomobildə ön oturacaqda əyləşmişdir. Arxada da üç nəfər qadın sərnişin əyləşmişdir. Avtomobilin sürücüsü Neftçala rayonu, Xıllı qəsəbə sakini kimi əvvəldən tanıdığı İbrahim olmuşdur. O, əyləşdikdən sonra İbrahim avtomobili hərəkət etdirib sürməyə başlamışdır. Əvvəl İbrahim avtomobili normal yəni 70-80 km/saat sürətlə hərəkət etdirmiş, Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən döngəni keçəndə birdən görmüşdür ki, İbrahim ayağını qaza qoymuş və özü də tutulub qalmışdır. Onunla bərabər arxadakı qadınlarda İbrahimi nə qədər çağırsalar da ayılmamışdır. Avtomobil yolun soluna doğru hərəkət edən vaxt dəqiq bilməmiş İbrahim ayılmış, yoxsa necə avtomobili sağ istiqamətdə sürməyə başlamışdır. Bu vaxt onlar yoldan çıxıb sağ ehtiyat hissədə durmuş qara rəngli bir avtomobilə dəymiş və sonra aşaraq avtoyuma məntəqəsinə dəyib dayanmışlar. Bu vaxt kənd camaatı köməyə qaçmış və onları avtomobildən çıxarmışlar. O, elə bir ciddi xəsarət almasa da, hər ehtimala qarşı dərhal özü başqa bir avtomobillə Neftçala xəstəxanasına getmişdir. Orada ona tibbi yardım göstərildikdən sonra evə getmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Neftçala RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Neftçala rayonu, Aşağı Surra kəndi onun xidməti ərazisi daxilindədir. 03 sentyabr 2022-ci il tarixdə saat 12:40 radələrində özünə məxsus olan “Kia Sorento” markalı 90TB949 dövlət qeydiyyat nişanlı avtomobillə ərazidə olan zaman “Surra market” mağazasından özü üçün su almaq istəmişdir. Bu vaxt avtomobili mağazanın yanında saxlayıb söndürmüş və əvvəl əl-üzünü yumaq üçün yaxınlıqdakı avtoyuma məntəqəsinə getmişdir. Daha sonra oradan çıxıb mağazaya daxil olmuşdur. Bu vaxt birdən çöldən toqquşma səsi eşitmişdir. Mağazadan çıxdıqda görmüşdür ki, bir avtomobil onun avtomobilinin arxa sağ tərəfindən vurmuş daha sonra da avtoyuma məntəqəsinə dəyərək dayanmışdır. Bu vaxt o, eyni zamanda yaxınlıqda olan kənd camaatı köməkləşib hadisədə xəsarət alanları avtomobildən çıxarmışlar. Daha sonra Neftçala RPŞ-nin əməliyyat istintaq qrupu hadisə yerinə gələnə qədər xidmətdə olan digər əməkdaşlarla orada gözləmişlər. Baş vermiş hadisə nəticəsində avtomobilinə 9402 manat məbləğində ziyan dəymişdir. Hazıra qədər hadisəni törətmiş İbrahim adlı şəxs tərəfindən ona hər hansı bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala rayon polis şöbəsinin dövlət yol polis bölməsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 03 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində iş yoldaşı Səbuhi Qasımovla xidmətdə olduqları vaxt onlara məlumat daxil olmuşdur ki, Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən 12-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. O, bundan sonra dərhal əməliyyat istintaq qrupu ilə hadisə yerinə getmişdir. Orada hadisə yeri tərəflərindən müayinə olunmuşdur. Onlar müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061” markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan idarə etməni itirərək yolun sağ ehtiyat hissəsindən kənarda “Surra Market” mağazasının qarşısında içərisində sürücü və sərnişin olmadan dayanmış vəziyyətdə olan “Kia Sorento” markalı 90TB949 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısına çırpılmış və daha sonra yolun sağ kənarında olan avtoyuma məntəqəsinə dəymiş, nəticədə sürücü özü və avtomobildə olan digər sərnişinlər xəsarət almışlar. Hadisə yerinin müayinəsi zamanı orada protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün səmimi etirafı və yuxarıda təsvir olunmuş ifadələrlə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 18 oktyabr 2022-ci il tarixli 8/2745 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1-2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21061 markalı, 56BA651 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur». «Meyitin ekspertizası» ilə bağlı 21 sentyabr 2022-ci il tarixli 19 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, “2005-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs5 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinənin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: 1. meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir-Başın sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, beynin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, beyin toxumasının əzilməsi, kəllə qapağı və əsası sümüklərinin sınıqları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin olduğu minik avtomaşının hər hansı maneəyə dəyməsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli, hansı ki onun ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. 2. Zərərçəkmiş şəxs5 ölümünə səbəbbaşın küt travmasından törənmiş beyin toxumasının əzilməsi, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları olmuşdur. 3. Zərərçəkmiş şəxs5 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir”. 07 sentyabr 2022-ci il tarixli 191 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2003-cü il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin dərialtı hematoması, qançırı, beyin silkələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. 21 sentyabr 2022-ci il tarixli 192 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsi və sol çiyin nahiyəsinin sıyrıq və qançırı. Sol Vİ və Vİİ qabırğaların döş fəqərəsinə birləşən hissəsində yerdəyişməyən sınıq. Sağ X və Xİ qabırğa qövslərində, TH3 döş fəqərəsinin arxa çıxıntısının, TH4 döş fəqərəsinin sol köndələn çıxıntısının yerdəyişməyən sınığı. TH11-TH12 döş fəqərə cisminin kompression sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir». 07 sentyabr 2022-ci il tarixli 196 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-Sol dirsək, sol bazunun, sağ diz qapağının, sağ və sol baldırın ön səthlərinin səthi yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir». 07 sentyabr 2022-ci il tarixli 190 nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin özü müvafiq yol-nəqliyyat hadisəsi zamanı dərəcələri təyin edilməyən xəsarətlər almışdır. 13 oktyabr 2022-ci il tarixli 2712 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən üzvi şəxsiyyət pozuntusu (anamnezində qıcolma tutmaları) müəyyən edilib. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ona ittiham edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunduğu cinayət əməlinin törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmayıb. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22-ci maddənin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur». Onun əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi tam, o cümlədən cinayətin obyektiv cəhətinin bütün əlamətləri mövcuddur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, səhhətinin vəziyyətini hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmişlərə vurduğu zərəri qarşılamaq məqsədilə 9.300 manat miqdarında pul verdiyini, Zərərçəkmiş şəxs3 ona qarşı şikayətinin və tələbinin olmadığını, hadisə zamanı özünün də xəsarət aldığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan «VAZ 21061» markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 05 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan «VAZ 21061» markalı 56BA651 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar