Məhkəmə qərarları › İş №1(053)-60/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-60/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-60/2023 27.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1964-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsində, fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan, 30 may – 01 iyun 2023-cü il tarixləri üzrə tutulmuş, 01 iyun 2023-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 30 may 2023-cü il tarixdə saat 10 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli idman şalvarının sol yan üst cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,712 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Bakı şəhərində «Sədərək» ticarət mərkəzinin yaxınlığında olduğu vaxt şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 20 manat ödəyib narkotik vasitə «kakos» almış və onu əynindəki tünd göy rəngli idman şalvarının sol yan üst cibinə qoymuşdur (təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq dövründə bundan fərqli olaraq bildirib ki, 29 may 2023-cü ildə saat 19 radələrində yaşadığı Bankə qəsəbəsində Kür çayının sahili ilə piyada gedərkən yerdə şəffaf sellofan büküm diqqətini cəlb etmiş, həmin sellofanı yerdən götürüb açdıqda içərisində narkotik vasitə olan qəhvəyi rəngli heroin olduğunu görmüşdür. Narkotik istifadəçisi olduğu üçün heroini dərhal tanıyıb və əmin olmaq üçün ondan bir qədərini götürüb istifadə etmiş, qalanını isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır). 30 may 2023-cü il tarixdə saat 10 radələrində Bankə qəsəbəsində küçə ilə gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyib, avtomobilə mindirərək Neftçala RPŞ-nə gətirmişlər. Neftçala RPŞnin inzibati binasının növbətçi hissəsində təhqiqatçı ona bildirib ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacaq. Bundan sonra ona müdafiə hüquqları izah olunmuş, müdafiəçi siyahısı və Müdafiəçi təqdim edilmişdir. Maddi imkanı olmadığı üçün Müdafiəçi hüquqlarımı dövlət vəsaiti hesabına müdafiə etməsini xahiş etmişdir. Daha sonra barəsində şübhəli şəxs kimi tutma protokolu tərtib olunmuşdur. Ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək, təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa təqdim etsin. O, da əynindəki tünd göy rəngli idman şalvarının sol yan üst cibinə qoyduğu heroin olan şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin 1 ədəd şəffaf sellofan bükümdə olan heroin kağız zərfə qoyulub möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. O, da həmin protokola və narkotik vasitə qoyulan zərfə imza etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala RPŞ-nin əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 30 may 2023-cü il tarixdə saat 10 radələrində digər polis əməkdaşları ilə birlikdə narkotik vasitələrin qəbulunda və istifadəsində şübhəli bilinən Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı qəsəbə ərazisində saxlayaraq Neftçala RPŞ-nə gətirmişlər. Həmin əməliyyatda onunla birlikdə Neftçala RPS-nin əməkdaşları olan Şahid2 və Şahid3 iştirak etmişlər. Təhqiqatçı, polis mayoru Abdulalı Bağırovun rəhbərliyi ahında Neftçala RPŞ-nin növbətçi hissəsində olan polis əməkdaşlarının və müdafiəçi vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sol yan üst cibində saxladığı bir ədəd sellofan bükümünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala RPŞ-nin “203” saylı möhürü ilə möhürlənmişdir. Həmin 1 ədəd ağ zərfi orada olan müdafiəçi vəkil Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, onu 29 may 2023-cü il tarixdə saat təxminən 19 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində Kür çayının sahilində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirilmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx.xx.2023-cü il tarixli 18/571 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən….» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,712 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). xx.xx.2023-cü il tarixli 4338 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu, 1990-cı ilin 20 Yanvar hadisələrində zərər çəkdiyini, İ Qarabağ Müharibəsi veteranı olduğunu, habelə yaşını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,662 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 may – 01 iyun 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,662 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar