Məhkəmə qərarları › İş №1(053)-61/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-61/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-61/2023 15.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 02 avqust 1988-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 09 oktyabr 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Kazımova) Türkanə İlham qızına verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 oktyabr 2020-ci il tarixli 2(073)-2005/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2021-cı il tarixli 3(053)-27/2021 saylı qərarı ilə 10 (on) gün müddətinə, həmin məhkəmənin 26 oktyabr 2022-ci il tarixli 3(053)-530/2022 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 14 fevral 2023-cü il tarixdə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 21 fevral 2023-cü tarixinədək cəmi 5.583,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əliyeva (Kazımova) Türkanə İlham qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Əliyeva (Kazımova) Türkanə İlham qızı ilə el adəti üzrə ailə qurub evlənmiş, lakin nikahlarını sonradan rəsmiləşdirmişlər. Ailə münasibətlərindən 09 oktyabr 2011-ci il təvəllüdlü X3 və 21 iyun 2013-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Türkanə ilə bir müddət mehriban yaşamışlar. Sonradan hər bir ailədə olduğu kimi onların da ailəsində sözsöhbətlər və mübahisələr yaranmışdır. Aralarında mübahisə sonuncu dəfə 2020-ci ildə olmuş və bu mübahisədən sonra Türkanə uşaqlarını da götürüb ata evinə getmişdir. Bir neçə dəfə barışmağa cəhd etmiş, lakin Türkanə barışmaq əvəzinə ondan ayrılmağa qərar vermişdir. Sonradan ona məlum olmuşdur ki, Türkanə münasibətdə olduğu başqa bir şəxslə ona xəyanət etmişdir. Daha sonra Türkanə uşaqların saxlanması ilə əlaqədar ona maddi köməklik göstərilmədiyini və uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(073)-2005/2020 saylı qətnaməsi ilə ondan əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 09 oktyabr 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Kazımova) Türkanə İlham qızına verilməsi qət edilmişdir. İcra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək ona tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmişdir. Həmçinin ona 10 gün müddət verilmiş, bir neçə dəfə xəbərdarlıq edilmiş, habelə izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2021-cı il tarixli 3(053)-27/2021 saylı qərarı ilə 10 (on) gün müddətinə, həmçinin eyni məhkəmənin 26 oktyabr 2022-ci il tarixli 3(053)-530/2022 saylı qərarı ilə yenidən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq maddi imkansızlığı üzündən icra sənədi üzrə aylıq alimenti vaxtı-vaxtında ödəyə bilməmiş və təqdimat verilən günə, yəni 12 aprel 2023-cü il tarixədək 5.583,00 manat məbləğində aliment borcu yaranmışdır. Son aylarda gücü çatan məbləğlərdə ödənişlər etməklə aliment borcundan 487 manatını ödəyibdir. Buna baxmayaraq hazırda aliment borcu 6.913 manata yüksəlmişdir. Məhkəmənin ondan alimentin tutulması barədə qəbul etdiyi qətnaməsi ilə razı deyil. Həmin qətnamə ilə hər bir uşağa görə müəyyən edilmiş 100,00 manat onun maddi imkanına uyğun deyil, yəni çoxdur. Qətnamə ilə razı olmasa da, ondan şikayət verməyib. 2019-cu ildən 2022-ci ilədək anası Səkinə Muxtarovanın mülkiyyətində olan «VAZ-2106» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin müddətdə gündəlik hər gün 15 - 20 manat qazanmış, bəzən isə 2-3 gün iş olmadığından qazanc əldə edə bilməmişdir. Həmin avtomobili də sonradan anasının xəstəliyi ilə əlaqədar satmağa məcbur olmuşlar. Avtomobili 3.000 manata satmışlar. Lakin həmin pulu da anasının müalicəsinə sərf etdiklərindən aliment borcu üçün ödəniş edə bilməmişdir. Hazırda işsiz qalıb. Qeyd edir ki, ayrı yaşadıqları müddətdə Türkanə uşaqlarını ona göstərməmiş, uşaqları üçün alıb apardığı ərzaqları qəbul etməmişdir. Ona görə də uşaqları üçün alimenti bir müddət ümumiyyətlə ödəməmişdir. Uşaqları ilə ünsiyyət saxlaması üçün məhkəməyə müraciət etməmişdir. 2019-cu ildən 2022-ci ilədək taksi fəaliyyəti ilə məşğul olsa da, qazancı az olduğundan yüksək əmək haqqı olan iş tapmaq məqsədilə məşğulluq mərkəzinə qeydiyyata düşmüşdür. Hal-hazıradək ona hər hansı bir iş təklif edilməyib. Sağlamlığı ilə bağlı hər hansı bir narahatlığı və ya xəstəliyi yoxdur. Övladlarına baxmalı olduğunu dərk edir və özünü təqsirli sayır. Maddi imkanı olduqca ağırdır. Bu səbəbdən aliment borcunu tam ödəyə bilməyib. Hazırda da borcunu ödəməyə maddi imkanı yol vermir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs Əliyeva (Kazımova) Türkanə İlham qızı məhkəmə iclaslarına gəlməmiş, 25 oktyabr 2023-cü ildə teleqram göndərərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ondan aliment borcunun ödənilməsini tələb etdiyini, üzrlü səbəblərdən məhkəmə iclaslarında və məhkəmə çıxışlarında iştirak edə bilməyəcəyini, habelə ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclaslarının, həmçinin məhkəmə çıxışlarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki, tanıyır və münasibətləri yaxşıdır. Tural ilə Türkanə evli olmuşlar və onların bu evlilikdən iki uşağı var. Bir müddət sonra onlar ayrılaraq bir-birilərindən ayrı ünvanlarda yaşamışlar. Bundan sonra Türkanə uşaqlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərilmədiyini və uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək Turala qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Onu da bilir ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən Turaldan iki uşağının saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin Türkanənin xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Alimenti ödəmədiyindən Turalın borcu yaranmış və o, Neftçala Rayon Məhkəməsinin qərarı ilə hər dəfə 10 gün olmaqla iki dəfə inzibati qaydada həbs edilmişdir. Onda olan məlumata görə Tural uşaqlarını ona görsətmədiklərinə, həmçinin alimentin məbləği yüksək olduğuna görə alimenti ödəməmişdir. Tural 2019-cu ildən 2022-ci ilədək anası Səkinə Muxtarovanın adına olan «VAZ-2106» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan həmin avtomobili satdıqları üçün onu 3.000 manata etibarnamə əsasında almış və avtomobilin həmin məbləğdə pulunu nağd şəkildə Təqsirləndirilən şəxs, onun anasının yanında vermişdir. Bir müddət sonra o, da həmin avtomobili başqa bir şəxsə satmışdır. Hazırda avtomobilin kimin istifadəsində olması barədə heç bir məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala rayon İcra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsində işləyir. Qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli 2(073)-2020 saylı icra sənədinə əsasən 21 sentyabr 2020-ci il tarixdən başlayaraq 09 oktyabr 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Kazımova) Türkanə İlham qızına verilməsi qərara alınmışdır. İcra sənədi 30 oktyabr 2020-ci ildə Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və dərhal iş üzrə icaraata başlanılmış, borcluya rəsmi qərar və bildiriş təqdim olunmuşdur. Məcburi icra tədbirləri keçirmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Neftçala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 8(053)- 08/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədindəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 27 yanvar 2021-ci il tarixli və 26 oktyabr 2022-ci il tarixli qərarlarla, hər biri ilə 10 gün olmaqla inzibati qaydada həbs edilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə bildiriş təqdim olunmuş, ona tələbi icra etməsi üçün yeni müddət verilmiş və icra sənədini yenidən icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə bir daha xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, öz hərəkətlərini davam etdirmiş, icra sənədi üzrə tələbi təmin etməmiş, aliment borcunu ödəməmiş və bunun üçün təşəbbüs göstərməmişdir. İcraat zamanı borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Əliyeva (Kazımova) X4 rayon İcra və probasiya şöbəsinə 19 yanvar 2023-cü il tarixdə teleqram göndərərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görülməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmişdir. O, iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq bundan nəticə çıxarmamış, Əliyeva (Kazımova) Türkanə İlham qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri vardır, o, icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 2005/2020 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 21 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 09 oktyabr 2011-ci il təvəllüdlü X1 və 21 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100,00 manat olmaqla cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əliyeva (Kazımova) Türkanə İlham qızına ödənilməlidir. Qətnamə 21 oktyabr 2020-ci il tarixdə icra vərəqəsi verilərək dərhal icraya yönəldilmişdir. 30 oktyabr 2020-ci ildə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid3 11 noyabr 2020-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs axtarışının həyata keçirilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 3(053)-27/2021 nömrəli 27 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-08/2021 nömrəli 30 mart 2021-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 3(053)-530/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə barəsində cinayət təqibi başlanması üçün sənədlər toplanmış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Təqsirləndirilən şəxsin ödənilməmiş aliment borcu həmin dövr üçün 5.583 manat təşkil etmişdir. O, sonradan da borcunu vaxtlı-vaxtında ödəmədiyinə görə ödəməli olduğu alimentin miqdarı artmış və bu gün üçün 6.913 manat təşkil edir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar