Məhkəmə qərarları › İş №1(053)-62/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-62/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-62/2024 25.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2ında yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-522/2014 nömrəli iş üzrə 07 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş (azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 iyul 2014-cü il tarixindən hesablanıb), Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını 14 sentyabr 2023-cü il tarixində çəkib qurtarmış, 10 – 12 may 2024-cü il tarixləri üzrə tutulmuş, 12 may 2024-cü ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,640 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 10 may 2024cü il tarixdə saat 12.30 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Neftçala rayon filialının qarşısındakı parkda saxlanılaraq Neftçala Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli folqa bükülüdə təmiz çəkisi 0,640 qram təşkil edən xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Əhmədli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan, arabir isə heroindən istifadə edir. 08 may 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu kənd Əhmədli adlanan yerdə avtobus duracağının yaxınlığında səkinin kənarı ilə gedərkən bir ədəd gümüşü rəngli büküm diqqətini cəlb etmişdir. Həmin gümüşü rəngli folqa bükümü götürüb baxdıqda içərisindəki narkotik vasitə heroini tanımışdır. O, bükümdə olan heroini şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 10 may 2024-cü il tarixdə səhər saatlarında özü üçün iş axtararkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan yerdə idarə etdiyi «Mercedes Benz 230» markalı 99KS053 dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb Yevlax istiqamətində müştəri gözləmişdir. Həmin vaxt yol kənarında dayanmış bir qızdan xoşu gəlmiş və onu izləməyə başlamışdır. Qız avtomobillərdən birinə minib yola düşmüş, o, da həmin avtomobilin arxasınca gəlib Neftçala şəhərinə çatmışdır. Yoldan da bir nəfər Neftçalalı müştəri götürmüşdür. Müştəri Neftçala şəhərinin mərkəzində düşmüşdür. Həmin gün saat 12 radələrində Neftçala şəhərində olduğu vaxt qızın olduğu avtomobil də ondan 50-100 metr kənarda olmuşdur. Qız avtomobildən düşəndə onu bir oğlan qarşılamış və bu səbəbdən əsəbiləşmişdir. Fikirləşmişdir ki, bir qədər Neftçala şəhərində gəzib sonra Bakıya qayıdar, həmçinin imkan olarsa narkotik vasitəni də istifadə edər. Saat 12.30 radələrində Neftçala şəhəri H.Əliyev prospektindəki "xxxx" ASC-nin Neftçala filialının qarşısındakı parkda skamyada oturmuşdur. Həmin vaxt tapdığı heroin olan büküm də şalvarının sağ yan kiçik cibində olmuşdur. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını deyərək və onu avtomobilə əyləşdirib Neftçala Rayon Polis Şöbəsinə aparmışlar. Neftçala Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə təhqiqatçı tərəfindən ona bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğu üçün barəsində şübhəli şəxsi tutma qərarı tərtib olunacaq. Bundan sonra ona müdafiəçi təqdim edilmişdir. Daha sonra barəsində tutma protokolu tərtib olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etsin. Videoçəkiliş zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibinə qoyduğu 01 ədəd gümüşü rəngli folqa bükülüdə narkotik vasitə heroini təhqiqatçıya təqdim etmişdir. Sonra isə polis əməkdaşları üstündə şəxsi axtarış aparmış və üzərindən heç bir başqa narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar etməmişlər. Şəxsi axtarış zamanı aşkar edilmiş, içərisində heroin olan folqa bükülü kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokola və narkotik vasitə qoyulan kağız zərfə imza etmişdir. Daha sonra videoçəkilişlə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə idarə etdiyi «Mercedes Benz 230» markalı 99KS053 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Neftçala şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş və icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə rəsmi qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Həmin əməliyyat məlumatı əsasında 10 may 2024-cü il tarixdə saat 12.30 radələrində Əhmədov X2 şəhəri, H.Əliyev prospektində "xxxx" ASC-nin Neftçala filialının qarşısındakı parkda saxlamışlar. Əvvəlcə ona üzərində narkotik vasitənin saxlanması barədə məlumat daxil olduğunu bildirmişlər. Həmin vaxt ətrafda kənar şəxslərin çox olması, həmçinin sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə onu özünün idarə edib Neftçala şəhərinə gəldiyi «Mercedes-Benz 230» markalı 99KS053 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, həmçinin ona müdafiəçi təyin edilmişdir. Bundan sonra növbətçi hissədə polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Taryel Əmirov Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etməyi təklif etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli folqada olan bükülünü təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülü açılıb-baxıldıqda içində heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik vasitəni Bakı şəhərində yerdən tapdığını bildirmişdir. Onun üzərində polis əməkdaşı Şahid2 tərəfindən baxış keçirilərkən digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs icazəsi ilə idarə etdiyi «Mercedes-Benz 230» markalı 99KS053 dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 11 may 2024-cü il tarixli 3-16-16/2-18/486 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,640 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin – 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (İ siyahı). 31 may 2024-cü il tarixli 3819 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs kannabioidlərdən və opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür». Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və peşman olmasını, həmçinin iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 522/2014 nömrəli iş üzrə 07 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş (azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 iyul 2014-cü il tarixindən hesablanıb), Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını 14 sentyabr 2023-cü il tarixində çəkib qurtarmışdır. Hazırkı iş üzrə cinayət əməli yuxarıda göstərilən hökm üzrə məhkumluq götürülmədiyi və ya ödənilmədiyi halda törədilib. Buna baxmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin qüvvəsinə görə residiv yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan əməl qəsdən deyil, ehtiyatsızlıqdan törədilən cinayət əməlidir. Ehtiyatsızlıqdan törədilmiş cinayət əməlləri isə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hər hansı digər hal da müəyyən olunmur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,590 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 25 sentyabr 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,590 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar