Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-63/2024 11.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Neftçala rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 19 – 21 may 2024-cü il tarixləri üzrə tutulmuş, 21 may 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 12,94 qram, yəni xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 19 may 2024-cü il tarixdə saat 15.00 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən sellofan bükülüdə təmiz çəkisi 12,94 qram təşkil edən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla dolanır. 19 may 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı kəndin ərazisindən keçən Kür çayının sahilinə tək qoyun otarmağa getmişdir. Həmin ərazidə qoyun otararkən çayın sahilində yerdə sellofan bükülü görmüş və sellofanı götürüb açdıqda içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bilmişdir ki, bu narkotik vasitə olan marixuanadır. Çünki xeyli bir müddətdir ki, mütəmadi olaraq narkotik vasitə qəbul edir. Həmin sellofanı yenidən bükərək bağlayıb cibinə qoymuşdur. Fikirləşmişdir ki, lazım olan vaxt həmin marixuanadan çəkərək istifadə edər. Sonra da yaşadığı Neftçala rayonu, Yenikənd kəndindəki evinə gəlmişdir. 19 may 2024-cü il tarixdə saat 15.00 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisi ilə piyada və tək gedərkən tapdığı narkotik vasitə olan qurudulmuş marixuana da üzərində olmuşdur. Daha doğrusu həmin marixuana bükülü vəziyyətdə əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olmuşdur. Bu zaman polis əməkdaşları onu saxlayıb Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üstünə baxış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana onun əynindəki boz rəngli cins şalvarın sağ cibindən aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana ağ zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala Rayon Polis Şöbəsinin əməliyyat aparatına Neftçala rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi və istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saat 15.00-da Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində küçədə şübhəli şəxs qismində saxlayaraq Neftçala Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılaraq Neftçala polis şöbəsinə gətirilməsində onunla birlikdə şöbənin əməkdaşı Şahid2 da iştirak etmişdir. Təhqiqat Bölməsinin rəisi Nicat Sadıqovun rəhbərliyi altında RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd polietilen sellofan bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş narkotik vasitə ağ zərfə qoyulub qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nə aid Neftçala Rayon Polis Şöbəsinin «203» saylı möhürü ilə möhürlənmişdir. Həmin ağ zərfi Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs imzalarla təsdiq etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və onu tutulmamışdan təxminən 3 gün əvvəl yaşadığı kənddə Kür çayının sahilində qoyun-quzu otararkən yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 20 may 2024-cü il tarixli 3-16-16/2-18/513 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 12,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 17 iyul 2024-cü il tarixli 596 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,84 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 – 21 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 04 (dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,84 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(053)-63/2024
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-63/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver