Məhkəmə qərarları › İş №1(053)-63/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-63/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-63/2025 17.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1959-cu ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Neftçala şəhəri H.Əliyev prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə «Mitsubishi Pajero» markalı 90EG827 dövlət qeydiyyat nişanlı avtomobili Neftçala şəhəri, S.İmanov küçəsi istiqamətində idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətdə olduğu zolağın kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi ilə vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, velosipedçinin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və lazım gəldikdə həmin velosipedçiyə çatmadan avtomobili dayandırmalı olduğu halda bunlara riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, hərəkətin təhlükəsizliyini və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmədən idarəetməni itirərək, hərəkətdə olduğu zolağın kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs avtomobilin ön tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin diafizinin aşağı 1/3-nin qapalı, qəlpəli, yerinidəyişən sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddət pozulması ilə nəticələnən az ağır zərərvurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, etibarnamə əsasında «Mitsubishi Pajero» markalı 90EG827 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 29 dekabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə yemək yeyib təxminən 200 qram spirtli içki olan araq qəbul etmişdir. Həmin gün saat 19 radələrində gəzmək üçün bayraq meydanı adlanan yerə getmək məqsədilə avtomobilə əyləşib Neftçala şəhəri, H.Əliyev prospekti ilə bayraq meydanı istiqamətində təxminən 70 km/saat sürətlə hərəkət edirdi. Öz yolu ilə hərəkətdə olarkən qarşıdan gələn 2 avtomobilin işığı onun yolu görməsini məhdudlaşdırmış, o da bu səbəbdən avtomobili öz yolundan bir qədər yolun sağ kənarına sürmüşdür. Bu zaman təxminən 6-7 metr qarşıda onunla eyni istiqamətdə velosiped getdiyini görmüşdür. Həmin velosipedi vurmamaq üçün avtomobilini yenə yolun sağ kənarına sürmüş, lakin onun sağ tərəfindən avtomobil gəldiyi üçün avtomobilini daha çox yolun sağ kənarına sürə bilməmişdir. Velosipedin yanından keçə biləcəyini düşündüyü üçün hərəkətinə davam etmişdir. Velosipedin yanına çatanda səs eşitmiş və güzgüdən baxdıqda velosipedin aşdığını, velosipedi sürən şəxsin də yerdə uzandığını görmüşdür. Buna görə əyləc pedalına basmış, lakin fikri velosipeddə qaldığı üçün idarəetməni itirmiş və avtomobilin ön hissəsi qarşıda olan saat qülləsi ilə toqquşmuşdur. Bundan sonra baş verənləri xatırlamır. Hadisə zamanı xəsarət alsa da, tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Qeyd edir ki, rayonun tanınmış ağsaqqallarından biridir. Həmişə camaat içində nümunəvi davranmağa, başqalarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırmış rayonda kifayət qədər nüfuza və hörmətə malik olmuşdur. Heç vaxt düşünə bilməzdi ki, ahıl yaşında başına belə hadisə gələ bilər. Əməlindən çox peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıb və ona vurulmuş ziyanı tam olaraq ödəyib. Cəza təyini zamanı göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, işsiz olduğu üçün hər il Yeni il bayramı ilə əlaqədar olaraq şaxta baba paltarı geyinib onu dəvət edən şəxslərin evlərinə gedərək uşaqlarını əyləndirir. 29 dekabr 2024-cü il tarixdə saat 19.15 radələrində şaxta baba paltarında özünə məxsus velosipedlə Neftçala şəhəri, H.Əliyev prospektində asfalt yolun üzərində olan qoşa xəttin kənarı ilə Neftçala rayonu, Kürkənd kəndi istiqamətində hərəkət edirdi. Neftçala şəhərində yerləşən X1rşısında hərəkətdə olan zaman arxadan nəyinsə onu vurduğunu bilmişdir. Zərbənin təsirindən yıxılmış və huşunu itirmişdir. Ayıldıqda Salyan rayonunda xəstəxanada olduğunu görmüşdür. Onu xəstəxanaya kimin apardığını bilməyib. Xəstəxanada ona «sağ baldır sümüyünün yerini dəyişən sınığı» diaqnozu qoyulmuşdur. Sonradan yaxınları ona rayon sakini Təqsirləndirilən şəxs arxadan avtomobillə onu vurduğunu demişlər. Qeyd edir ki, təqsirləndirilən şəxs onun bütün müalicə və s. xərclərini tam olaraq ödəyib. Təqsirləndirilən şəxslə barışıb və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxsə mümkün olan ən yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. 29 dekabr 2025-ci il tarixdə saat 19 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuş və o, da hadisə yerinə getmişdir. Hadisə yerinə gəlib çatdıqda «Mitsubishi Pajero» markalı avtomobilin saat qülləsinə çırpılıb dayandığını, velosipedçinin isə yolun kənarında olduğunu görmüşdür. Hadisənin necə baş verdiyini isə görməmişdir. Daha sonra velosipedçini və «Mitsubishi Pajero» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs təcili tibbi yardımla xəstəxanaya göndərmişlər. O, hadisə yerində yol-hərəkətini nizamlamış, bir qədər sonra hadisə yerinə Neftçala Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Araz Fərəcov gəlmişdir. Müstəntiq ona hadisə yerini göstərməsini demiş və bundan başqa baxış keçirilməsində iştirak etmək üçün 2 nəfər şəxs hal şahidi kimi dəvət olunmuşdur. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. O, hadisə yerini müstəntiqə göstərmişdir. Müstəntiq hadisə yerinə baxış keçirmiş, hərəkət yolunun parametrlərini ölçmüş və hadisə yerinin sxemini tərtib etmişdir. Daha sonra 2 nəfər hal şahidlərinin və onun iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O, da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün faktik etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 03 iyun 2025-ci il tarixli 8/1172 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Pajero markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Sürücü E.X2 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili maksimum icazə verilən 50 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. Mövcud metodikanın tələblərinə əsasən velosipedçi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və velosipedçinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir». 16 yanvar 2025-ci il tarixli 115/K nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı – 0,5%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi». 25 fevral 2025-ci il tarixli 35 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır sümüklərinin diafizinin aşağı 1/3-nin qapalı, qəlpəli, yerini dəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə minik maşını velosipedçini vurması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini faktik etiraf etdiyini və peşman olduğunu, yaşını, zərərçəkmiş şəxsin müalicəsi ilə bağlı özündən asılı olan bütün tədbirləri gördüyünü, o cümlədən zərərçəkmişin müalicəsi ilə bağlı bütün zəruri xərcləri çəkdiyini, onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini və işin s. faktik allarını nəzərə alaraq hesab edir ki, onun azadlıqdan real məhrum edilmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində 09 (doqquz) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hazırkı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti onun yaşayış yeri üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar