Məhkəmə qərarları › İş №1(053)-64/2023

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-64/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-64/2023 22.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1978-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Salyan rayonu, Çuxanlı kəndində yaşayan, Salyan Rayon Məhkəməsinin 1(057)-79/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarına əsasən həmin cəzasının çəkilməmiş 01 (bir) ay 27 (iyirmi yeddi) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 07 – 08 avqust 2023-cü il tarixləri üzrə tutulmuş, müstəntiqin 08 avqust 2023-cü il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin iyul ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Şorkənd kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən «İnterpetrol» yanacaqdoldurma məntəqəsinin ərazisindəki yağlama sexinin dam hissəsinin taxta qapısını itələyib açmaqla dam hissəsinə qanunsuz daxil olaraq oradan 1 metrinin qiyməti 3 manat olan 270 manat dəyərində 90 metr uzunluğunda mis elektrik kabelini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin iyul ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Şorkənd kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən «İnterpetrol» yanacaqdoldurma məntəqəsinin ərazisindəki yağlama sexinin dam hissəsinin taxta qapısını itələyib açmaqla dam hissəsinə qanunsuz daxil olaraq oradan 1 metrinin qiyməti 3 manat olan 300 manat dəyərində 100 metr uzunluğunda mis elektrik kabelini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Neftçala rayonu, Şorkənd kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən «İnterpetrol» yanacaqdoldurma məntəqəsinin ərazisindəki yağlama sexinin dam hissəsinin taxta qapısını itələyib açmaqla dam hissəsinə qanunsuz daxil olduqdan sonra sexin tavan hissəsinin lambirini təpiklə vurub sındırıb sexə qanunsuz daxil olaraq sexdən 1 metrinin qiyməti 3 manat olan 300 manat dəyərində 100 metr uzunluğunda mis elektrik kabelini gizli olaraq talamaqla oğurlamaq istəyərkən həmin vaxt sexə gələn Zərərçəkmiş şəxs onu gördüyündən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktik olaraq ailəsi ilə birlikdə Salyan rayonu, Çuxanlı kəndində yaşayır. Hazırda heç bir yerdə işləmir. Onların evlərindən təxminən 150 metr məsafədə Neftçala rayonu, Şorkənd kəndi ərazisində «İnterpetrol» yanacaqdoldurma məntəqəsi yerləşir. Həmin yanacaqdoldurma məntəqəsi hazırda fəaliyyət göstərmir. Pula ehtiyacı olduğu üçün həmin yanacaqdoldurma məntəqəsinə girib nə tapsa oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, 2023-cü il iyul ayının ortalarında saat 14 radələrində yanacaqdoldurma məntəqəsinin ərazisindəki sexlərdən birinə arxa tərəfdən yaxınlaşmışdır. Ətrafda heç kim olmamışdır. Həmin vaxt ətrafdan tapdığı nərdivandan istifadə etməklə sexin dam hissəsinə qalxmışdır. Bundan sonra açıq olan taxta qapıdan girməklə dam hissəsinə keçmişdir. Dam hissəsindən keçən və yerə qoyulmuş mis kabeli kəsmiş və təxminən 80-85 metr mis kabeli oradan götürmüşdür. Daha sonra yaxınlıqda çöllük sahəyə gedib həmin mis kabeli əritmişdir. Əldə etdiyi misi aparıb kəndlərində metal qəbulu ilə məşğul olan Fərid adlı şəxsə 20 manata satmışdır. Bundan sonra həmin sexə girmək fikri olmayıb. Lakin bir neçə gün sonra pulu qurtardığı üçün bir daha həmin sexə girmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü il iyul ayının sonlarında saat 15 radələrində eyni qayda ilə həmin sexin dam hissəsinə nərdivandan istifadə etməklə qalxmış və taxta qapıdan keçməklə dam hissəsinə girmişdir. Orada dam hissədən keçən və yerə qoyulmuş təxminən 100 metr uzunluğunda mis kabeli kəsmişdir. Bundan sonra yenə çöllük sahəyə gedərək mis kabeli əritmişdir. Daha sonra yenə həmin əridilmiş misi Fəridə aparıb 45 manata satmışdır. Əldə etdiyi bütün pulları xərcləyib. O, Fəridə misi öz həyətindən satdığını demişdir. Bir müddət sonra pula ehtiyacı yarandığı üçün yenidən həmin sexə girmək qərarına gəlmişdir. 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində əvvəlki üsulla sexin dam hissəsinə nərdivandan istifadə etməklə qalxmışdır. Yenə də taxta qapıdan keçməklə sexin dam hissəsinə keçmişdir. Dam hissədə heç nə qalmamışdır. Daha sonra tavan hissəsinin lambirini ayağı ilə vurub sındıraraq sexin içərisinə tullanmışdır. Sexin içərisində yerdə əvvəl götürdüyü kabeldən topa halında olduğunu görüb həmin kabeldən təxminən 100 metr kimi kəsib götürmək istəmişdir. Bu vaxt sexin jalüz qapısı açılmış və yanacaqdoldurma məntəqəsinin sahibi kimi tanıdığı Şahin içəri daxil olmuşdur. Şahin ondan nə etdiyini xəbər almışdır. Bu zaman Şahinə tutduğu əməli etiraf edib danışmışdır. Bundan sonra Şahin harasa zəng etmişdir. O, Şahinlə durub gözləmişdir. Daha sonra polis əməkdaşları gələrək onu Neftçala RPŞ-nə aparmışlar. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmişdir. O, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclaslarına gəlməməsinin səbəbinin səhhəti ilə bağlı olduğunu və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarını və məhkəmə çıxışlarını onun iştirakı olmadan keçirməyi xahiş etmişdir. İşin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşadığını, Neftçala rayonu, Şorkənd kəndində yerləşən «İnterpetrol» yanacaqdoldurma məntəqəsinin ona məxsus olduğunu, həmin yanacaqdoldurma məntəqəsinin təxminən 4 ildir ki, fəaliyyət göstərmədiyini, arabir həmin yanacaqdoldurma məntəqəsinə gedib baş çəkib ətrafa baxdığını, təxminən 2023-cü ilin iyul ayının ortalarında yanacaqdoldurma məntəqəsinə getdikdə oradakı yağlama sexinin dam hissəsinin taxta qapısının açıq vəziyyətdə qaldığını gördüyünü, dərhal nərdivanla dam hissəsinə qalxaraq girib baxdıqda oradan oğurluq olduğunu gördüyünü dam hissəsinə ətraflı baxdıqda oradan 1 metrinin qiyməti 3 manat olan 3 x 4 mm ölçüdə olan təxminən 90 metr mis elektrik kabelinin oğurlandığını aşkar etdiyini, əvvəl heç bir yerə müraciət etmədiyini, bəlkə ətraf sakinlərdən kiminsə girib götürüb peşman olub gətirib verəcəyini düşündüyünü, bir neçə gün sonra təxminən 2023-cü ilin iyul ayının sonlarında yenə yanacaqdoldurma məntəqəsinə baş çəkməyə getdiyini, bu zaman əvvəl dam hissəsinə qalxmaq üçün istifadə etdiyi nərdivanın yerinin dəyişdiyini gördüyünü, kiminsə nərdivandan istifadə etməklə dam hissəsinə qalxmasını bildiyini, yenə dam hissəsinə girib baxdıqda bu dəfə də eyni qaydada daxil olunaraq həmin kabeldən təxminən 100 metr oğurlandığını gördüyünü, bir neçə gün gözləsə də heç kimdən səs çıxmadığı üçün hadisə barədə Neftçala RPŞ-nə ərizə ilə müraciət etmək qərarına gəldiyini, ərizə ilə müraciət etdiyi günün axşamı yəni 07 avqust 2023-cü il tarixdə saat 01 radələrində yenə yanacaqdoldurma məntəqəsinə baş çəkməyə getdiyini, bu vaxt sexin içərisindən səs eşitdiyini, sexin içərisində kiminsə gəzməsinin bilindiyini, sexin jalüz qapısını qaldırıb içəri girdikdə bir nəfər şəxsin orada olan həmin kabeldən kəsib götürmək istəməsini gördüyünü, həmin şəxsin onu görən kimi dayandığını, ondan kim olduğunu xəbər aldığını, həmin şəxsin ona Salyan rayonu, Çuxanlı kənd sakini Təqsirləndirilən şəxs olduğunu dediyini, İlqarın həmçinin bundan əvvəl də sexə oğurluğa girdiyini ona dediyini, zəng edərək bu barədə polis əməkdaşlarına məlumat verdiyini, İlqara da durub gözləməsini dediyini, bir qədər sonra isə polis əməkdaşlarının gəldiyini, İlqarın polis əməkdaşlarına da hər şeyi danışdığını, daha sonra polis əməkdaşları İlqarı özləri ilə Neftçala RPŞ-nə apardıqlarını, baş vermiş oğurluq nəticəsində ona təxminən 570 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Şahid məhkəmə baxışı iclasına gəlməmişdir. Lakin məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, işin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, məhkəmə iclasını onun iştirakı olmadan keçirməyi xahiş etmişdir. Şahid işin ibtidai istintaqı zamanı ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşadığını, Salyan rayonu, Çuxanlı kəndində yerləşən sexdə metal qəbulu ilə məşğul olduğunu, Salyan rayonu, Çuxanlı kənd sakini İlqar adlı şəxsi tanıdığını, İlqarın təxminən 2023-cü ilin iyul ayı ərzində bir neçə dəfə onun yanına gələrək mis satdığını, səhv etmirsə bunun 2 dəfə olduğunu, hər dəfəsində İlqara xatırladığı qədəri ilə 40-50 manat pul verdiyini, İlqarın ona satdığı metalları öz həyətindən gətirdiyini dediyini, həmin misin oğurluq olduğunu bilmədiyini, İlqarın gətirdiyi misin bir hissəsini satdığını, bir hissəsinin isə özündə qaldığını, daha sonra Neftçala RPŞ-dən zəng olunaraq bu barədə xəbər alındıqda, gətirib həmin əmlakları təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmişin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 24 avqust 2023-cü il tarixli 9/6492 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza təyini haqqında qərarda göstərilən 190 metr uzunluğunda, 3x4 ölçüdə mis materialdan olan naqilin 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 570,00 (190 metr x 3,00 man) manat müəyyən olunur». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu, qardaşının şəhid olmasını, habelə Zərərçəkmiş şəxs ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-79/2020 nömrəli iş üzrə 28 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarına əsasən həmin cəzasının çəkilməmiş 01 (bir) ay 27 (iyirmi yeddi) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən iş üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 kiloqram mis Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 avqust 2023-cü ildən 08 avqust 2023-cü il tarixinədək olan dövr üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 kiloqram mis Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış sayılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar