Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-64/2025 29.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X3 üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftaçala şəhəri, A.Cəfərov küçəsi, ev 3-A, mənzil 49 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində 22 iyun 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi – 11,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq daşımış, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 12.20-da Neftçala şəhəri Y.Hacıyev küçəsində piyada hərəkət edərkən saxlanılıb üzərində baxış keçirilərək əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 11,44 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. İşin halları və ittihamın dəlilləri: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan ara-sıra istifadə edir, Polis əməkdaşları tərəfindən saxlanılmazdan 3 gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Neftçala sahari, Bulvar arazisində Kür çay sahilində gəzərkən yerdə bir ədəd büküm diqqətini cəlb etmişdir. Hamin bükümü götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin bükümdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Həmin gündən sonra qurudulmuş marixuanadan bir dəfə siqaretə doldurub çəkməklə istifadə etmişdir. 20 iyun 2025-ci il tarixdə saat təxminən 12-10 radələrində Neftçala şəhəri, Y.Hacıyev küçəsində piyada yol ilə gedirmiş və həmin bükümdə olan qurudulmuş marixuana əynindəki şalvarının sol yan cihində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmişlər və videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynindəki şalvarının sol yan cibində 1 ədəd bükümdə qurudulmuş marixunaya oxşar kütlə aşkar edilmişdir. Daha sonra sənədləşmə işləri üçün onu Neftçala RPŞ-na aparmışlar. Neftçala RPŞ-da barəsində tutma qərarı qəbul edilmiş və ona hüquq va vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ila videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilib elektron tərəzidə ölçüldükdən sonra həmin narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Bundan başqa, o. 17 iyun 2025-ci il tarixdə Kür çayı sahilindən 01 ədəd bükümdə narkotik vasitə marixuana tapdıqdan sonra ertəsi gün yenə də həmin yerə gedib baxmaq qərarına gəlmişdir. 18 iyun 2025-ci il tarixdə gecə saatlarında o, Kür çayının sahilinə getmişdir. Orada piyada gəzərkən yerdə 01 ədəd sintetik torba və 01 ədəd qara rəngli sellofan torba onun diqqətini cəlb etmişdir. Həmin sintetik və sellofan torbaların içərisinə baxarkən orada olan kütlələri narkotik vasitə qurudulmuş marixuanaya bənzətmişdir. Hava qaranlıq olduğu üçün həmin kütlələrin tam olaraq narkotik vasitənin hansı növünə aid olmasını seçə bilməmiş və hər iki torbada qurudulmuş marixuana olmasını zənn edərək Neftçala rayonu "Raypo" adlanan ərazidə yerləşən köhnə yarımtikiliyə gətirib hamin yarımtikilinin 2-ci mərtəbəsində olan otaqlardan birində gizlətmişdir. Üzərini isə orada olan ttaxta materiallarla bağlamışdır. Həmin zaman onun məqsədi narkotik vasitələri gələcəkdə özünün istifadə etməyi olmuşdur. Hər hansı şəxsə narkotik vasitə satmamış, pay verməmiş və belə bir niyyəti da olmamışdır. 21 iyun 2025-ci il tarixdə o, rayon polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən səmimi peşmançılıq hissləri keçirmiş və qərara gəlmişdir ki, gizlətdiyi narkotik vasitələri könüllü olaraq polisə təqdim etsin. Bu səbəblə də rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, müstəntiqin və müdafiəçinin iştirakı ilə narkotik vasitələri gizlətdiyi Neftçala rayonu "Raypo” adlanan ərazidə yerləşən köhnə yarımtikiliyə gətirilmiş və videoçəkilişlə həmin narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Müstəntiq tərəfindən həmin narkotik vasitələrə baxış keçirilmiş və 01 ədəd sintetik torbada olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd qara rangli sellofan torbada olan kütlənin isə narkotik vasitə həşişə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr tərəzidə ölçülmüş və qablaşdırılıb möhürlənmişdir. Sonda protokol tərtib olunmuş və iştirakçılar kimi o da protokola imza etmişdir. Hazırda əməlindən peşmandır, himayəsində 1 yetkinlik yaşına çatmayan övladı və yaşlı, xəstə anası vardır, Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nın NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2025-ci il tarixdə Neftçala şəhər sakini X7 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlandıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə çöbə rəhbərliyinə raportla məruzə etmiş və icazədən sonra əməliyyat tadbirinin keçirilməsi barədə qərara qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyta məlumatında 20 iyun 2025-ci il tarixdə saat təxminən 12:20 radələrində Təqsirləndirilən şəxs Neftcala şəhəri Y.Hacıyev küçəsində piyada hərəkət edən zaman görüb videoçəkiliş ilə saxlamışlar. Ona özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığımı soruşmuşlar. Elçin üzərində narkotik vasitə olduğunu deyərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindan 01 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən 01 ədəd alışqan, 01 ədəd "Veqas" markalı siqaret qutusu, 01 ədəd pulqabı və 04 ədəd qapı açarları aşkar edilmiş heç bir cinayət tərkibli olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq 203 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinə təhvil verilmişdir. Təhqiqat Bölməsinin rəisi Nicat Sadıqov tərəfindən tutma qərarı qəbul edildikdan sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir RPŞ-nin Növbətçi Hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya va ya predmet aşkar edilməmişdir. Daha sonra əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm açılıb baxıldıqda içində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə elektron tərazidə ölçüldükdən sonra aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təhqiqat Bölməsinin rəisi Nicat Sadıqov tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq şahid X5 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, o, digər Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Neftçala RPŞ-nın NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisinə müraciət edərək xx.xx.1972-ci iltəvəllüdlü Neftçala rayonu Xıllı qəsəbəsində doğulmuş, Neftçala rayonu A.Cəfərov küşəsi ev 3A mənzil 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Şöbə rəisi Emil Cavadov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə şöbənin Neftçala RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X5,Neftçala RPŞ-nın KTQ-nin baş inspektor kriminalisti X6 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsinə dair 3-12-100/Ə223/2025 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi Emil Cavadov tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 3-13-100/1-7070/2025 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12.20 radələrində Neftçala şəhəri Y.Hacıyev küçəsində yolun kənarında piyada hərəkət edərkən saxlanılaraq Neftçala RPŞ-nə gətirilmişdir. Yusifov X10 RPŞ-nin TB-nın rəisi Nicat Sadıqov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 14-15) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd polietilen bükülmüş bükülünü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 203 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “Canon” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (i.v.10-11) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 2 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. (i.v.29-30) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cı il tarixli 18/485 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 11,44 qram bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 11,42 qram qurudulmuş marixuana qalıq qalmışdır. (i.v.42-44) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 465 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür (i.v.101). Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hüquqi məsələlər: Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 11,44 qram təşkil etmişdir ki, qeyd olunan miqdar siyahıya əsasən, üzərindən aşkar edilmiş miqdara görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 20 iyun 2025-ci il saat 12.20-dən hesablanmışdır. (i.v.36) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.60-61) İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Qərar 22 iyun 2025-ci il tarixdə saat 11.00-da elan edilmişdir.(i.v.71) Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Yusifov X10 Rayon Məhkəmənin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur. (i.v.85-87). Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 1 azyaşlı yetkinlik yaşına çatmayan övladı vardır: xx.xx.2016-cı il təvəllüdlü X8 (i.v.80) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,42 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63,90 (altmış üç manat doxsan qəpik) manat təşkil edir. Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Neftçala RPŞ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,42 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 63,90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 8 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,42 qram təşkil edən maddə – bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Məhkəmə məsrəfi olan 63,90 (altmış üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat pul vəsaiti fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesablaşma hesabına ("xxxx" ASC Neftçala rayon filialı, kod 200640, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, S.W.İ.F.T. AİİBAZ2X, hesab AZ26AİİB**********0********) ödənilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №1(053)-64/2025
Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-64/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver