Məhkəmə qərarları › İş №1(053)-65/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-65/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-65/2024 27.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 05 avqust 1995-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yaşayan, 10 – 12 may və 26 iyul 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağayev X5 rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, ev 21-də yaşayan Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək onu inandırmaqla xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Ağayev küçəsində yerləşən “Alibaba” restoranı ilə üzbəüz yerləşən çayxanada 1500 (bir min beş yüz) manat pul alaraq vətəndaş Hüseynova sürücülük vəsiqəsi almamış və onun 1500 manat dəyərində pulunu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri,Yasamal rayonunda yaşayan Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək onu inandırmaqla vahid niyyətlə xx.xx.2023-cü il tarixdə 300 manat xx.xx.2023-cü il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində Neftçala rayon Mərkəzi Xəstəxananın qarşısında onun 1200 (bir min iki yüz) manat pulunu vahid niyyətlə ümumilikdə 1500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqla o, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək onu inandırmaqla 2023-cü ilin sentyabr ayının əvvəllərində 1500 (min beş yüz) manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, Şah Abbas küçəsində yerləşən Baş X10 İdarəsinin qarşısında alaraq vətəndaş Əhmədova sürücülük vəsiqəsi almamış və onun 1500 manat dəyərində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa təkrar Ağayev X5 rayonu 2-ci Qaralı kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə həbs cəzası alan oğlu X3 cəzasının 1/3 hissəsinin azaldılacağını yalandan vəd edərək, onu inandırmaqla xx.xx.2024-cü il tarixdə X1 yaşadığı Neftçala rayonu, 2-ci Qaralı kəndindəki fərdi yaşayış evinin həyətində 4000 (dörd min) manat pulunu alaraq vətəndaş Rüstəmovanın oğlu X3 cəzasının 1/3 hissəsinin azaltmamış və onun 4000 manat dəyərində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, Fərhadı, Əmrahı, Rafisi yaşadığı qəsəbədən, İlahiyə Rüstəmovanı isə sonradan tanısa da onunla uzaqdan qohumluğu vardır. Onun Fərhad, Əmrah, Rafislə yaxşı münasibəti vardır. Onların hamısı Bakı şəhərində kuryer işləyir. Onlarla heç vaxt ədavəti olmayıb. Bakı şəhərində mütəmadi olaraq görüşmüşlər. O, özü 2021-ci ildə sürücülük vəsiqəsi almışdır. Daha sonra Akifə də 2023-cü il tarixdə sürücülük vəsiqəsi alması üçün köməklik göstərmişdir. O, sadəcə onları sürücülük məktəbinə yazdırmışdır. 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Alibaba” kafesi ilə üzbəüz çayxanada Əmrah, Rafis, Orxan, Akif, Fərhad və özü oturmuşlar. Həmin günlərdə Əmrah maşın almışdır. Maşını kreditə götürmüşdür. Orada söhbət açılmışdır ki, onlara da sürücülük vəsiqəsi lazımdır. O da onlara A, B, C kateqoriyalı sürücülük vəsiqələri təşkil edəcəkmiş. Akifə kömək etdiyi üçün ona etibar edirmişlər. O, Əmrah, Rafis və Fərhadla razılaşmışdır ki, 1.500 manata sürücülük vəsiqəsi alacaqdır. Vəsiqənin alınması avqust ayının axırına kimi çəkəcəkdi. Əmrah qardaşı Orxandan 1.500 manat pulu alıb orada ona vermişdir. Fərhadla Rafis demişlər ki, biz də pul tapıb verərik. Həmin günü dağılışmışlar. Bundan bir neçə gün sonra Fərhad ona deymişdir ki, rayona gedək, pul oradadır. O, Akif, Fərhad, Əmrah və Rafislə Neftçala şəhərinə gəlmişdir. Onlar üçün həm xəstəxanadan arayışlar alınmalı, həm də Fərhadın anası ona pul verəcəkmiş. 01 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Neftçala şəhəri, H.Əliyev prospektində, “Kapital Bank”ın qarşısında Fərhad anası ilə görüşüb daha sonra maşına minmiş, onlar birlikdə Neftçala rayon Xəstəxanasının qarşısına getmişlər. Orada Əmrah, Rafis və Fərhad xəstəxanadan arayış almışlar. Fərhad 1.500 manat pulu orada ona vermişdir. Sonra Salyan rayon Xəstəxanasına getmişlər. Orada da analiz verdikdən sonra yaşadıqları Neftçala rayonu, Xıllı qəsəbəsinə qayıtmışlar. Həmin gün rayonda qalmışlar. Səhəri gün Bakı şəhərinə getmişlər. 04 avqust 2023-cü il tarixdə sürücülük vəsiqəsi alması üçün Rafis ona 300 manat pul vermiş və bildirmişdir ki, qalanınıda imtahandan keçəndən sonra verəcək. Həmin ilin sentyabr ayının əvvəllərində Rafislə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş X10 İdarəsinin yanındakı sürücülük kursuna getmişlər. Orada ona deyiblər ki, imtahan 1-2 gün sonra olacaq. Rafis qalan 1.200 manat pulunu ona vermişdir. O, işlənmiş texnika alveri ilə də məşğul olur. Həmin pulların hamısını həmin texnikalara xərcləmişdir. Oradan heç bir xeyir qazana bilmədiyindən pulları batırmışdır. Daha sonra da pulları qaytara bilməmişdir. Bildirdiyi kimi bundan başqa Fərhaddan 475 manat ayrı-ayrı vaxtlarda borc pul almışdır. Həmin pulun 422 manatını qaytarmışdır. Ona 53 manat borcu qalıb. Fərhadın anası Rəna şikayət edəndən sonra 1.500 manat puldan 250 manat pul qaytarmışdır. Qalan pulları da qısa zamanda qaytaracaqdır. O, xx.xx.2024-cü il tarixdə öz maşını ilə Bakı şəhərindən Neftçala rayonu, Xıllı qəsəbəsinə gələrkən Salyan rayonu, Noxudlu kəndindəki körpünün altında dayanan hicablı bir qadını maşına mindirmişdir. O, Neftçalaya gedəcəyini bildirmişdir. Yolboyu söhbət zamanı bəlli olmuşdur ki, həm də onunla uzaqdan qohumluğu çatır. Özü dustaq anasıdır. Dustağın yanından gəlir. Maşında başqa bir sərnişin də olmuşdur. Bundan sonra İlahiyə demişdir ki, oğlunu narkotiklə şərləyib tutublar. Ona 5 il iş veriblər. Oğlu namaz qılan, sakit uşaq olub. Zorla şərləyib tutublar. O da bildirmişdir ki, oğlu nəsə etməsə tutmazlar. Namaz qılan olduğunu deyəndə özü soruşmuşdur ki, Neftçaladan onların tanışı bərbər Rəhman var, onu da tutublar. Bu da onlardan deyil ki? İlahiyə deyib ki, yox, oğlumu qərəzli olaraq narkotiklə tutublar. Səid deyib ki,əgər elə şərləyib tutublarsa onun da 1-2 tanıdığı adam var. Onlarla danışıb, məsləhət edər. İş alınsa ona deyər. İlahiyə adlı qadın onun nömrəsini götürmüşdür. Onu Neftçala rayonu 2-ci Qaralı kəndindəki körpünün yanında düşürtmüş, yol pulu da almamışdır. Həmin axşam Bakıya qayıtmışdır. Bakıda bir-iki vəkillə məsləhətləşmiş, onlar demişlər ki, əgər sən deyən kimidirsə ona köməklik göstərmək olar. O da İlahiyə zəng eləmişdir ki, kömək edə bilər. Əlavə olaraq demişdir ki, ona kömək eləməyə 8.000 manat pul lazım olacaq. Bu məbləğin 4.000 manatını indi verməli, 4.000 manatı də uşağa köməklik olandan sonra verilməlidir. Bundan sonra o, 28 aprel 2024-cü il tarixdə İlahiyəgilin evinə gəlmişdir. Həmin vaxt həyətdə adamlar olmuşdur. Onlar da təsdiq ediblər ki, uşağı şərləyib tutublar. O, özü orada deyib ki, pulu ona verəndə videoçəkiliş edin ki, sonra deməyin çox pul vermişik. Videoçəkilişlə 4.000 manat pulu almışdır. Həmin günü Bakıya qayıtmış, Bakıda İlahiyənin oğlunun adını vəkilə dedikdən bir müddət sonra vəkil ona zəng etmişdir ki, onun oğluna heç bir halda köməklik göstərmək mümkün olmayacaq. Hər şey o deyən kimi deyil. Pul onda uzun müddət qaldığından bir qismini xərcləmişdir. Ona görə də pulu qaytara bilməmişdir. Amma İlahiyəyə zəng edib sənin işin alınmır demiş, pulunu qaytaracağını bildirmişdir. Sonra onu işdən çıxardıqları üçün pulu qaytara bilməmişdir. Amma söz verir ki, İlahiyə, Rəna və digərlərinin pulunu qaytaracaqdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Onunla elə-belə münasibəti var. Bakı şəhərində kuryer işlədiyindən istəmişdir ki, sürücülük vəsiqəsi olsun. Səid Bakı şəhərində yaşadığı üçün ara-sıra uşaqlarla birlikdə görüşürmüşlər. 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Alibaba” restoranı ilə üzbəüz çayxanada Akif, Rafiz, Əmrah və Səidlə birlikdə görüşüb söhbət edərkən, bildirmişdir ki, ona sürücülük vəsiqəsi lazımdır. Səid də demişdir ki, “mən sənin üçün təşkil edərəm”. Bu məqsədlə ondan 1.500 manat pul istəmişdir. O da həmin pulu almaq üçün anası Şahid1 ilə məsləhətləşdikdən sonra anası pul vermək üçün razılıq vermişdir. Demişdir ki, kredit götür. Həmin zaman o, Səidə 300 manat pul vermiş, qalan 1.200 manat pulu da Neftçala rayonuna gələndə verəcəyini bildirmişdir. 31 iyul 2023-cü il tarixdə onlar, yəni Akif, Rafiz, Əmrah, o və Səid Akifin maşını ilə gecə vaxtı Neftçala şəhərinə gəlmişlər. Səhəri gün xx.xx.2023-cü il tarixdə anası “Kapital Bank”ın Neftçala şəhər şöbəsindən 1.500 manat kredit götürmüşdür. Anası ilə “Kapital Bank”ın qarşısında görüşüb danışmışlar və anası 1.500 manat pulu ona vermişdir. Onunla birlikdə piyada Neftçala şəhərində “Elçinin apteki” adlanan yerə kimi gəlmişlər. Orada anası ilə sağollaşıb Səidgilin maşınına minmişdir. Anasına Səidə pul verəcəyini deməmişdir. Amma, anası ona demişdir ki, çaşıb Səidlə iş görərsən, ona pul vermə. O da anasına narahat olmamasını bildirmişdir. Oradan da arayış almaq üçün Neftçala rayon Xəstəxanasının qarşısına gəlmişlər. Saat təxminən 12 radələri olmuş, 1.200 manat pulu uşaqların gözü qarşısında Səidə vermişdir. Rafiz, Əmrah və o xəstəxanaya girib, arayışlar almışlar. Arayışların adını bilmir. Həmin arayışları da Səid götürmüşdür. Əmrahın da ondan qabaq Səidə eyni məqsədlə Bakı şəhəri, Nəsimi rayonunda “Alibaba” restoranının qarşısında 1.500 manat, Rafizin də ondan sonra Bakı şəhərində Səidə 1.500 manat pul verdiyini eşitmişdir. Ona görə üçü də arayış alıb Salyan rayonuna getmişlər. Bundan başqa Səid onun şəxsiyyət vəsiqəsini və hərbi biletini götürsə də bu yaxınlarda qaytarmışdır. Səid ona demişdir ki, bir ay ərzində sürücülük vəsiqəniz hazır olacaq. O, həmkəndlisi olduğundan onu aldatmadığını zənn etmişdir. Həm də Səid onlara demişdir ki, özü də sürücülük vəsiqəsi almışdır. Onlar üçün də ala bilər. Hər gün birlikdə olduqlarından ona inanmışdır. Neftçala rayonundan birbaşa Salyan rayon Xəstəxanasına gedib həkimlərdən keçib, bütün arayışları Səidə vermişlər. Onunla 1 ay ərzində görüşmüşlər. O demişdir ki, “darıxma düzəldəcəm”. Həmin 1 ay müddətindən sonra o, yoxa çıxmışdır. O Səidi indiyədək tapa bilməmişdir. Dəfələrlə Neftçalada yaşayan atasına və anasına desələr də, onlar bildirmişlər ki, “bizlik deyil”. Özünüz alın. O da indiyədək ona 1.500 manat puldan 250 manat pul qaytarıb və ona qarşı dələduzluq etmişdir. Bundan başqa ona ayrı- ayrı vaxtlarda ayrı-ayrı bəhanələrlə borc kimi 650 manat pul vermişdir. Həmin borc pulu Səid qaytarmayıb. Amma 1.500 manat puldan 250 manat pulu qaytarsa da 1.250 manat özündə qalıb. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Onunla yaxın münasibəti vardır. Bakı şəhərində kuryer işlədiyindən istəmişdir ki, sürücülük vəsiqəsi olsun. Səid Bakı şəhərində yaşadığı üçün ara-sıra uşaqlarla birlikdə görüşürmüşlər. 26 iyul 2023-cü il tarixdə özünə maşın da almışdır. Həmin günü doğum günü olmuşdur. 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “Alibaba” restoranının qarşısındakı çayxanada Akif, Rafiz, Fərhad, qardaşı Orxan, özü Səidlə birlikdə görüşüb söhbət edərkən, bildirmişdir ki, ona sürücülük vəsiqəsi lazımdır. Səid də demişdir ki, “mən sənin üçün təşkil edərəm”. Bu məqsədlə ondan 1.500 manat pul istəmişdir. O, həmin ərəfədə maşın üçün kredit götürdüyündən həmin puldan artıq qalmışdır. Həmin pulu saxlamaq üçün qardaşı Orxana vermişdir. Əvvəl tərəddüd etsə də, Səid kiminləsə telefonla danışıb, onu əmin etmişdir. O, Orxandan 1.500 manat pulu alıb, orada uşaqların gözü qarşısında Səidə vermişdir. Səid orada öz ünvanına da söyüşlər söymüşdür ki, “sizə pul atmaram”. Onlar uzun zaman yoldaşlıq etdiklərindən ona etibar edirmişlər. Pulu verəndən sonra demişdir ki, avqust ayının sonuna kimi sürücülük vəsiqəsi həll olunacaq. Səid ona A, B və C kateqoriyalı sürücülük vəsiqəsi verəcəyini vəd etmişdir. Sonra eşitmişdir ki, Səid eyni formada Fərhaddan da 1.500 manat pul alıb. Bildiyinə görə Rafiz də ona eyni formada 1.500 manat pul verib. Onlar Fərhadın pulunu Səidə vermək və arayışlar almaq üçün 31 iyul 2023-cü il tarixdə axşam Neftçala rayonuna gəlmişlər. 01 avqust 2023-cü il tarixdə Akifin maşınında Rafiz, Fərhad, Əmrah və Səid Neftçala şəhərinə gəlmişlər ki, Fərhadın anası Rəna Fərhada pul verəcəkdir. Neftçala şəhərində “Kapital Bank”ın qarşısında Fərhad anasından pulu almış və o, anası ilə piyada getmişdir. Sonra da gəlib maşına minmişdir. Birlikdə Neftçala rayon Xəstəxanasına getmişlər. Eşitdiyinə görə Fərhad Səidə 300 manat pulu Bakıda vermişdir. Qalan 1.200 manat pulu Neftçala şəhərində Xəstəxananın qarşısında vermişdir. Rafiz, Fərhad və özü xəstəxanadan arayışlar alıb Salyan şəhərinə getmişlər. Orada da həkimdən keçib, aldıqları arayışları Səidə vermişlər. Səid hərbi biletini və şəxsiyyət vəsiqəsini də almışdır. Hərbi bileti və şəxsiyyət vəsiqəsini yaxın vaxtlarda Səiddən almışdır. Onlar Bakıya getmişlər. Avqust ayının axırlarında Səiddən şübhələndikdən sonra gündə ona zəng edirmişlər ki, ya sürücülük vəsiqəsini ver, ya da pulu qaytar. Sentyabr ayının əvvəllərində onlar Səidlə birlikdə Xırdalan şəhərindəki sürücülük vəsiqəsi verilən X10 İdarəsinə getmişlər. Səid orada onları xeyli yubandırdıqdan sonra Dərnəgülə aparmışdır. O, demişdir ki, burada sürücülük vəsiqəsi verilmir, “gətir mənim pulumu ver”. Səid onlar üçün sürücülük məktəbindən arayış yox, sürücülük vəsiqəsi almalı idi. İndiyədək ona 1.500 manat puldan qaytarmayıb. O, Təqsirləndirilən şəxs 1.500 manat pulu 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Alibaba” restoranı ilə üzbəüz çayxanada vermişdir. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Onunla yaxın münasibəti var. Bakı şəhərində kuryer işlədiyindən istəyirmiş ki, sürücülük vəsiqəsi olsun. Səid Bakı şəhərində yaşadığı üçün ara-sıra uşaqlarla birlikdə görüşürmüşlər. 26 iyul 2023-cü il tarixdə Əmrah özünə maşın almışdır. Həmin gün onun doğum günü olmuş, həmin vaxt Bakı şəhəri Nəsimi rayonunda “Alibaba” restoranının qarşısındakı çayxanada Akif, Əmrah, Fərhad, Orxan, özü və Səid birlikdə görüşüb söhbət edərkən, bildirmişdir ki, ona da sürücülük vəsiqəsi lazımdır. Əmrah və Fərhad da sürücülük vəsiqəsi istəmişdir. Səid də demişdir ki, “mən sizin üçün təşkil edərəm”. Bu məqsədlə A,B,C kateqoriyalı sürücülük vəsiqəsi üçün onlardan 1.500 manat pul istəmişdir. Onlar Səidlə orada razılaşmışlar. Fərhadla o demişlər ki, pulu yaxın günlərdə düzəldib verəcəyik. Amma Əmrah qardaşı Orxandan orada 1.500 manat pul alıb Səidə vermişdir. Səid söz vermişdir və söyüş söymüşdür ki, “avqust ayının axrına kimi vəsiqələri götürəcəksiniz”. Sonra o, təklikdə Fərhadla görüşüb ondan öncə 300 manat, sonra da 1.200 manat pul almışdır. Onlar 31 iyul 2023-cü il tarixdə qardaşı Akifin maşını ilə hamısı Neftçala rayonuna gəlmişlər. Səhəri günü hamısı birlikdə Fərhadın anası Rəna xanımdan pulu alıb Səidə vermək üçün Neftçala şəhərindəki “Kapital Bank”ın qarşısına gəlmişlər. Fərhad anası ilə orada görüşüb pulu götürmüş və bir qədər irəlidə maşına minmişdir. Birlikdə Neftçala rayon Xəstəxanasının qarşısına gəlmişlər. Fərhad pulu orada Səidə verəndən sonra xəstəxanadan arayışlar alıb Salyan rayon Xəstəxanasına getmişlər. Orada həkimdən keçib arayışları, şəxsiyyət vəsiqəsini və hərbi biletini Səidə vermişdir. Sonra isə Bakı şəhərinə gəlmişlər. O vaxta kimi ondan pul almamışdır. O, demişdir ki, vəsiqəni alanda verəcəkdir. Belə razılaşmışlar. Səid ona mütəmadi zəng edib demişdir ki, pulu düzəlt. O da “Kapital Bank”dan 1.000 manat kredit götürmüşdür. Qalan pulu da atası vermişdir. Onlar Səidlə 2023-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Şah Abbas küçəsində yerləşən Baş X10 İdarəsinin imtahan mərkəzinin qarşısında görüşmüşlər. Səid hansısa otağa girib çıxandan sonra ondan 1.500 manat pulu almışdır. O da həmin pulu vermişdir. Səid təkrar içəri girib çıxmışdır ki, guya pul verir. Onlar evə qayıtmışlar. Yolda ona demişdir ki, “2-3 gün sonra gəlib imtahan verəcəksən”. İki gün sonra Əmrah, özü, Fərhad və Səid sürücülük kursuna getmişlər. Səid otaqlardan birinə girib çıxandan sonra demişdir ki, vəsiqə hazır deyil, 1-2 günə hazır olacaq. Onları oradan Dərnəgülə bilmədiyi yerə aparmışdır ki, guya kimsə ilə söhbət edəcəkdir. Orada 2 gün vaxt istəmişdir. Sonra da onun telefonlarına zəng çatmamışdır. Səid ondan aldığı 1.500 manat puldan ona heç bir ödəniş etməyib və sürücülük vəsiqəsi almamışdır. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, oğlu X7 30 mart 2023-cü il tarixdə narkotik vasitəyə görə həbs olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnın 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, 26 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Bakıdan evə qayıdarkən Salyan şəhərindən keçən “Noxudlu körpüsü” adlanan yerdə körpünün altında Neftçalaya gəlmək üçün maşın gözləmiş, uzaqdan gələn ağ rəngli maşın işıqlarla işarə edib, ona çatanda dayanmışdır. Həmin maşına minəndə Neftçala rayonuna getdiyini bildirmişdir. O da həmin istiqamətdə evinə gələrkən ona zəng edib deyiblər ki, sizin oğlunuz X7 türmədə karsdadır. Sonradan adını bildiyi, Təqsirləndirilən şəxs bu söhbəti eşidib bildirmişdir ki, o, türmədə olan oğlanlara kömək edir. Sonra özü demişdir ki, Neftçala rayonundan tutulan Ramil Yunusun hökmünü o həll eləmişdir. Ona 3 il iş veriblər. Rəhman, Xəyyam və digərlərinin işi qəliz olduğundan onların işini qurtara bilməmişdir. O, elə adamlarla tanışdır ki, onun işini rahat həll edəcək. Onun həmin şəxslər haqqında dəqiq məlumatı onu ona inandırmışdır. Özü də ona Xanəlinin niyə tutulduğunu tam demişdir. O, Səidin telefon nömrəsini götürmüşdür ki, evdə məsləhətləşər. Evinə çatanda düşmüşdür. Yolda özü də ona tanışlıq verib Neftçala rayonunun Xıllı qəsəbəsindən olduğunu bildirib, bəzi qohumların adlarını çəkmişdir. O, evdə yoldaşı ilə məsləhət edəndən sonra Səidə zəng etmişdir. Səidlə telefonda danışanda demişdir ki, bu işin 8.000 (səkkiz min) manat qiymati var. O, nə qədər aşağı qiymət istəsə də razılaşmamışdır. Axrı belə razılaşmışlar ki, ilkin olaraq 4.000 manat verəcəkdir. Qalan pulu da uşaq həbsdən çıxandan sonra verəcəkdir. 28 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Səid onlara gəlmişdir. Onunla yenə ətraflı danışmışlar. Sonra da Səid demişdir ki, lap istəsəniz çəkiliş də edin. Həmin zaman onlar onun nə işlədiyini soruşduqda bildirmişdir ki, o, insanları aldadıb pulunu alır. Belə adamların pulu ilə dolanıb yaşayır. Bu sözü deyəndə xətrinə dəymiş kimi edib durub getmək istəmişdir. Onlar onu geri çağırmışlar. Sonra video çəkilişlə 4.000 manat pulu ona vermişlər. Səid onlara demişdir ki, qalan 4.000 manatı da sonra verərsiz. Orada fikrini dəyişmişdir. Demişdir ki, cəzasını Ali Məhkəmədə azaldacaqlar. Sonra demişdir ki, Apellyasiya Məhkəməsində cəzasını azaldıb 1/3-lə çıxardacaqlar. Onu da qeyd etmişdir ki, “mənim İnam Kərimovla yaxınlığım var”, onunla həll edəcəm. Sonra demişdir ki, “işini də azaldıb 1/3-lə çölə çıxardacam”. O, vəkillə danışandan sonra vəkil ona deyib ki, səni aldadıblar. O, eşidəndə ki, onu Neftçala polis şöbəsində tutublar ondan sonra bilmişdir ki, həqiqətən Səid dələduzdur. Kənddən bir neçə nəfəri də aldadıb. O, pulunu dəfələrlə geri istəsə də Səid ona deyib ki, “pulun məndə deyil. Pulunu başqa adama vermişəm. Oğlun oktyabr ayında türmədən çıxacaq”. O, bildirmişdir ki, uşağın çıxmağını istəmir, gətirsin pulu versin. Ondan sonra Səid onun telefonlarına cavab verməmişdir. Son danışıqda bildirmişdir ki, “sən mənə nə edə bilərsən ki?!” Səidin pulu aldığı zaman çəkilmiş video görüntünü də disk formasında istintaqa təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Neftçala rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların qonşusudur. Onunla oğlunun yoldaşlıq münasibəti olub. Oğlu Bakıda kuryer işləyir. Kuryerlərə sürücülük vəsiqəsi lazım olduğundan ona demişdir ki, özünə vəsiqə alsın. O da bildirib ki, alacaqdır. O, özü 2022-ci ildə “Kapital Bank”-dan 2.500 manat kredit götürmüşdür. 2023-cü ilin iyul ayında Fərhad ona demişdir ki, o, sürücülük vəsiqəsi almaq üçün adam tapıb. Ona demişdir ki, 1.500 manat pul versən alar. O da Fərhada bildirib ki, “gələrsən kredit götürüb verərəm”. 01 avqust 2023- cü il tarixdə Fərhadla birlikdə “Kapital Bank”a gəlmiş, əvvəlki borcunu ödəyib yenidən 1.500 manat kredit götürmüşdür. Sonra piyada Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən Elçinin istifadə etdiyi aptekǝ tərəf gəlmişlər. Yolda soruşmuşdur ki, vəsiqəni sənə kim alacaq. Oğlu Fərhad ona ad deməmişdir. Amma demişdir ki, işi danışmışdır. Az sonra avtomobil gəlmiş, avtomobili sürən Akif adlı şəxs Fərhadın tanışı olmuşdur. Səid də onun yanında oturmuşdur. Fərhad da maşına minib getmişdir. O, dərhal Fərhada zəng edib demişdir ki, çaşıb Səidlə iş görərsən. O, səni aldadar. Fərhad da deyib ki, narahat olma. Bu söhbətdən sonra o da rahat olmuşdur. Sonradan eşitmişdir ki, onlar Neftçala MRX-dan arayış alıblar və Fərhad 1.500 manat pulu orada Təqsirləndirilən şəxs verib. Sonra da çıxıb gediblər. İki ay sonra Fərhadın dostları zəng etmişlər ki, Səid Fərhadı aldadıb sürücülük vəsiqəsi adı ilə pulu alıb çıxıb gedib. Telefonlara da cavab vermir. Sonradan uşaqlar və özü anası ilə danışmışdır. Onlar da bildiriblər ki, yaxın vaxtlarda verəcəklər. Bundan başqa Səid əməliyyat olunacağını deyərək Fərhaddan 500 manat borc pul alıb, lakin, əməliyyat olunmayıb. Sonra da ayrı- ayrı vaxtlarda xırda-xırda 150 manat da pul alaraq borcunu 750 manata çatdırıb. O, 1.500 manat pulu sürücülük vəsiqəsi alacağı adı altında alıb, qalan 750 manat pulu da borc adı ilə alıb. O, 1.500 manat puldan 100 manat pul qaytarmışdır. Qalan 1400 manat pulu ödəməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs X4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi düzəltmək adı ilə dələduzluq yolu ilə aldığı 1.500 manat puldan 250 manat pul qaytarılmışdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin yaşını, ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşiman olduğunu, dəymiş ziyanın qismən aradan qaldırılmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – 12 may və 26 iyul 2024-cü il tarixləri üzrə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 noyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi tarixdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar