Məhkəmə qərarları › İş №1(053)-66/2025

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-66/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-66/2025 26.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1974-cü ildə Neftçala rayonu, Beştalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Beştalı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Neftçala Rayon Məhkəməsinin 1(053)- 74/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2022-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 27 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 10 oktyabr 2023-cü ildə cəza müddəti başa çatmış, 21 – 23 iyun 2025-ci il tarixləri üzrə tutulmuş, 23 iyun 2025-ci ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 08 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən 16 oktyabr 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 21,14 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq saxlamış, 21 iyun 2025-ci il tarixdə saat 11 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Uzunbabalı kəndində piyada hərəkət edən zaman saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 21,14 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu Beştalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 19 iyun 2025-ci il tarixdə günorta saatlarında yaxınlıqdan keçən Kür çayının sahilində gəzərkən yulğun kollarının içərisində sellofan bükülü olduğunu görmüş, həmin bükülüyə ayağı ilə toxunub içərisinin dolu olduğunu bilmişdir. Bundan sonra bükülünü götürüb açaraq içərisinə baxmış, bükülüdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan şalvarının cibinə qoymuşdur. Ertəsi gün həmin narkotik vasitədən siqaretə doldurub çəkmiş, qalanını yenə şalvarının cibinə qoymuşdur. 21 iyun 2025-ci il tarixdə 11 radələrində Neftçala rayonu, Uzunbabalı kəndində piyada hərəkət etdiyi zaman 3 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Polislər ona narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmiş və üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş və əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki bükülünü polislərə təqdim etmişdir. Polis əməkdaşları ona həmin kütləni hansı məqsədlə üzərində saxladığını soruşduqda isə istifadə etmək üçün üzərində saxladığını demişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütləni qablaşdırdıqdan sonra onu protokol tərtib edilməsi üçün polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş və üzərində təkrar şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və hansı məqsədlə üzərində saxladığını soruşmuş, o da həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, heç kimə satmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana içi boş kağız zərfdə qablaşdırılmış və möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, polis əməkdaşları, müdafiəçi və o, narkotikin aşkar edilməsi ilə bağlı tərtib edilmiş protokolda imza etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsində cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyun 2025-ci il tarixdə Neftçala rayonu, Beştalı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və alınmış icazədən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək rəhbərlik tərəfindən təsdiqlənmişdir. Daxil olan əməliyyat məlumatı əsasında 21 iyun 2025-ci il tarixdə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Uzunbabalı kəndində yolun kənarı ilə piyada hərəkət etdiyini görüb videoçəkilişlə saxlamışlar. Azərə özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan edilmiş predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyib əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd polietilen bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən 01 ədəd üzərində “Linex”, 01 ədəd üzərində “West” yazılmış siqaret qutuları və 01 ədəd alışqan aşkar edilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfdə qablaşdırılaraq “203” saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretlər və alışqan heç bir cinayət əhəmiyyəti kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində protokol tərtib edilmiş və aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ilə birlikdə Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. Rayon polis şöbəsinin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Aşkar olunmuş bükülü açılıb baxıldıqda içində marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu bükümdə zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılıb möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza çəkmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 21 iyun 2025-ci il tarixli, 18/486 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 21,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 09 iyul 2025-ci il tarixli, 382 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların, kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSFM-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, İİ qrup əlil olmasını, habelə QİÇS xəstəliyindən əziyyət çəkməsini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Bağırov X1 Rayon Məhkəməsinin 1(053)-74/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2022-ci il tarixindən hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarına əsasən yuxarıda göstərilən hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 27 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 10 oktyabr 2023-cü ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi dövrdə törədib. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,04 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 – 23 iyun 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 16 oktyabr 2025-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,04 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar