Məhkəmə qərarları › İş №1(053)-67/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-67/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-67/2024 13.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və müdafiəçisi Müdafiəçi iştirakı ilə X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 məhkəmənin hazırlıq iclasında şikayətini müdafiə edərək bildirmişdir ki, Milli Məclisə seçkilərdə 70 saylı X7 deputatlığa namizəd X1 vəkil edilmiş şəxsi olub. 01 sentyabr 2024-cü il tarixində keçirilmiş seçkiləri müşahidə etmək üçün saat 09:30 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən 40 saylı seçki məntəqəsində olduğu vaxt deputatlığa namizəd X4 media əməkdaşlarının, müşahidəçilərin qarşısında ona hücum çəkib şərəf və ləyaqətini təhqir edərək, “sən şərəfsizsən, vicdansızsan” kimi ifadələr işlətmiş, sonra özünə məxsus mobil telefonla qəsdən üz nahiyəsindən vurmuş, o (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs), telefonu uzaqlaşdıranda isə əli ilə üz nahiyəsinin sol hissəsindən vurmuşdur. Göstərilənlərə əsasən şikayətin məhkəmənin icraatına qəbul edilməsini, X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayəti qəbul etməyərək məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, Milli Məclisə seçkilərdə 70 saylı X7 deputatlığa namizəd kimi iştirak edib. Səsvermə günü, yəni 01 sentyabr 2024-cü ildə saat 09.30 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən 40 saylı seçki məntəqəsində olduğu vaxt seçki komissiyasının üzvləri üstünə hücum çəkərək onu təhqir etməyə başlamışlar. Bu zaman deputatlığa namizəd X1 həmin məntəqədə olan vəkil edilmiş şəxsi X6 onlarla insanın içində ona “tula” deyərək təhqir etmiş, o (barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs), isə buna cavab olaraq X5 münasibətdə “şərəfsiz” və “vicdansız” ifadələrini işlətmişdir. Hadisə vaxtı X6 həmçinin onun üz nahiyəsinə şillə vurub. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda bildirir ki, o, özü də eyni hadisə ilə bağlı X5 qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən aşağıda göstərilənlərə əsasən imtina olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəməyə hadisənin videoyazısını əks etdirən fayllar təqdim ediblər. Həmin fayllara proses iştirakçılarının bilavasitə iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxış keçirilmişdir. Videoyazılardan görünür ki, Vəfa Nağıyeva tərəfindən təyin edilmiş müşahidəçinin məntəqə seçki komissiyasının üzvləri üçün ayrılmış masanın arxasında oturması, habelə məntəqə seçki komissiyasının sədrinin tələbinə baxmayaraq müşahidəçilər üçün ayrılmış yerə getməkdən imtina etməsi səbəbindən komissiya sədri ilə həmin müşahidəçi və Vəfa Nağıyeva arasında sözlə mübahisə yaranmışdır. Bu ərəfədə Hüseyin Qurbanov məntəqəyə gələrək seçki komissiyasının üzvlərindən müşahidəçi qismində qeydə alınmasını xahiş etmişdir. Daha sonra Vəfa Nağıyeva ilə bir kənd sakini arasında mübahisə yaranmış, eyni vaxtda X12 Nağıyevaya “tərbiyəsizlik eləmə Vəfa” demiş, cavabında X13 Qurbanova münasibətdə “sən səsini kəs” ifadəsini işlətmişdir. Sonra həmin kənd sakini Vəfa Nağıyevanın hərəkətləri, o cümlədən sonuncunun komissiya üzvlərinin şərəf və ləyaqətini alçaltması, təhqiramiz ifadələr işlətməsi, komissiya sədrinin başına kitab vurması və s. hərəkətləri ilə bağlı irad bildirmiş, mübahisənin davamı olaraq Vəfa Nağıyeva saxtakarlıq edildiyini bildirmiş, bu zaman X12 Nağıyevaya müraciət edərək “heç bir formada saxtakarlıq olunmur”, “şəffaf şəkildə insanlar gəlib burada səs verir. Sən isə ilk gündən bu günədək “provokasiya” ilə məşğulsan, tula” ifadəsini işlətmişdir. X10 Nağıyevanın mübahisəsi davam etmiş, X12 Nağıyevaya irad bildirərək sonuncunun Qarabağ Müharibəsi vaxtı “Azərbaycan Ermənistana təcavüz edib” məzmunlu “status paylaşdığını” söyləmiş və bu zaman X13 Qurbanova “sən şərəfsizsən”, “sən vicdansızsan”, “sən şərəfini satan adamsan” sözlərini demişdir. Mübahisə vaxtı X13 Qurbanovun əlindən tutmuş, bununla əlaqədar X12 Nağıyevaya “xahiş edirəm mənə toxunma” sözlərini demişdir. Eyni zamanda X13 Qurbanova münasibətdə “sən mənə toxuna bilmərsən” sözlərini işlətmişdir. Yaranmış münaqişə zamanı Vəfa Nağıyeva əlindəki mobil telefon aparatını Hüseyin Qurbanovun alnına vurmuş, daha sonra isə sol əli ilə Hüseyin Qurbanovun sağ üz nahiyəsinə şillə vurmuşdur. Bundan sonra Hüseyin Qurbanov sağ əli ilə Vəfa Nağıyevanın sol üz nahiyəsinə şillə vurub. Sonradan ətrafdakı adamlar X10 Nağıyevanı ayırmışlar. Bundan sonra da seçki məntəqəsində müxtəlif şəxslər arasında sözlə mübahisə davam edib. Qeyd olunur ki, hadisə vaxtı seçki məntəqəsində xeyli sayda insan olmuşdur. Məsələ ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan “təhqir” cinayəti obyektiv cəhətdən «...kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma»da ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 2-ci bəndində əks olunmuş hüquqi mövqeyə görə “...cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür”. X14 5-ci bəndində vurğulanır ki, “Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür”. İşin faktik hallarından görünür ki, seçki məntəqəsində baş vermiş mübahisə və münaqişə vaxtı X6 ilə X4 bir-birinə qarşı müvafiq olaraq “tərbiyəsizlik eləmə”, “tula”, “sən səsini kəs”, “sən şərəfsizsən”, “sən vicdansızsan”, “sən şərəfini satan adamsan” və s. bu kimi ifadələr işlətmişlər. Bu ifadələr xeyli sayda, yəni Plenum Qərarında göstərildiyi kimi iki nəfərdən daha çox insanın gözü qarşısında, həmin insanların eşidə və qavraya biləcəyi formada səsləndirilib. Qeyd olunanlar nəzərə alındıqda ilk baxışdan müvafiq əməldə ayrıca cinayət kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin tərkib əlamətlərinin mövcud olması təsəvvürü yarana bilər. Lakin hadisənin bütöv mənzərəsini nəzərdən keçirdikdə görünür ki, əməlin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə tövsif edilməsi mümkün deyil. X6 ilə X2 bildirdiklərindən, habelə məhkəmənin hazırlıq iclasında tədqiq olunmuş videoyazılardan görünür ki, hadisə xeyli sayda insanın qarşısında (X2 videoyazıda bildirdiklərindən həmçinin aydın olur ki, baş verənlər sosial şəbəkə vasitəsilə də canlı yayımlanıb), seçki məntəqəsində, Milli Məclisə seçkilər üzrə səsvermə prosesi zamanı baş vermiş, hər iki şəxs bir-birinə qarşı xoşagəlməz ifadələr işlətmiş, lakin münaqişə bununla, yəni xoşagəlməz ifadələrin işlədilməsi ilə tamamlanmamışdır. Belə ki, X6 və X4 münaqişənin bilavasitə davamı kimi bir-birinə zərbələr vuraraq fiziki ağrı yetirmişlər. Bunu, yəni mübahisənin xoşagəlməz ifadələrin (xüsusi ittiham qaydasında şikayət vermiş şəxs bu ifadələri təhqir kimi qiymətləndirir) işlədilməsi ilə tamamlanmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş şikayətdə ayrıca cinayət əməli kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin əlamətləri belə mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, Cinayət Qanununun xüsusi hissəsində nəzərdə tutulan bəzi cinayət əməllərinin törədilməsi zamanı təqsirkar ətrafdakılara, o cümlədən zərərçəkmişə münasibətdə təhqir xarakterli ifadələr işlətsə belə, bu əməllər (təhqir xarakterli ifadələrin işlədilməsi) Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ayrıca tövsif olunmur (məsələn, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayəti). Beləliklə, məhkəmə hadisənin təfərrüatını nəzərdən keçirərək hesab edir ki, şikayət olunan əməldə ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib olunan başqa bir əməlin və ya inzibati xətanın tərkibini formalaşdıran hərəkətlərin olub-olmaması məsələsi araşdırılmalıdır. Hər bir halda mövcud əməldə ayrıca (müstəqil) cinayət kimi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin ilkin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsinə əsasən “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Plenum Qərarının 2-ci bəndində aşağıdakılar qeyd olunur: “Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir”. Məhkəmə şikayətə hüquqi qiymət verərkən həmçinin aşağıdakılara diqqət yetirməyi zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətin (o cümlədən xüsusi ittiham qaydasında şikayətin) məzmununa dair tələblər nəzərdə tutulub. Həmin Məcəllənin 293.3.2-ci maddəsinin tələbinə görə yazılı şikayətdə məhz hansı əməlin törədilməsi göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayətdə X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunur. Qeyd edilir ki, qüvvədə olan CM-də “148.1-ci maddə” mövcud deyil. X6 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, şikayətdə Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsinin” göstərilməsi texniki səhv nəticəsində baş verib. Əslində o, X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə deyil, 148-ci maddəsi ilə, yəni törətdiyi “Təhqir” cinayətinə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Məhkəmə şikayətin tərtibi zamanı Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinin tələbinə tam əməl edilmədiyini, yəni CM-nin xüsusi hissəsində nəzərdə tutulan “Təhqir” cinayətinin maddəsinin nömrəsinin düzgün göstərilmədiyini qeyd etməklə yanaşı, müvafiq qeyri-dəqiqliyin texniki səhv nəticəsində baş verməsi ilə bağlı X3 bildirdiklərini də nəzərə alır. Hər bir halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsinin tələbi rəhbər tutulmaqla X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilməli, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olan əməlin mövcud olub-olmaması məsələsinin araşdırılması məqsədilə iş üzrə toplanmış zəruri materiallar Neftçala Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin “148.1-ci maddəsi” ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar