Məhkəmə qərarları › İş №1(053)-68/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-68/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-68/2024 25.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci ildə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan, faktik olaraq ünvan 1 ünvanında yaşayan, 09 – 11 avqust 2024-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2024-cü ildə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X1 İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən «İmam Rza» ziyarətgahına zəvvar kimi aparacağına dair yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı tarixlərdə olmaqla 17 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərindən «onlayn» qaydada onun "xxxx" ASC-yə məxsus kart hesabına Bakı şəhərinə göndərdiyi 400 (dörd yüz) manat, 23 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərindən «onlayn» qaydada onun "xxxx" ASC-yə məxsus kart hesabına Bakı şəhərinə göndərdiyi 270 (iki yüz yetmiş) manat və 23 noyabr 2023-cü il tarixdə Neftçala şəhərindən «onlayn» qaydada onun "Kapital Bank” ASC-yə məxsus kart hesabına Bakı şəhərinə göndərdiyi 100 (yüz) manat pulu, vahid niyyətlə ümumilikdə 770 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 8-9 ildir İranın Məşhəd şəhərindəki «İmam Rza» ziyarətgahına və İraqın Kərbəla şəhərindəki «İmam Hüseyn» ziyarətgahına Azərbaycandan zəvvar toplayaraq aparır. 2021-ci ilin dekabr ayında «İmam Rza» ziyarətgahında Neftçala rayon sakini X2 və onun oğlu ilə tanış olub. 2023-cü ilin oktyabr ayında Aləmzar Rzayeva onu və oğlunu «İmam Rza» ziyarətgahına aparmaq üçün ona müraciət etmiş, o da buna razılıq vermişdir. Bu məqsədlə də onlara demişdir ki, iki nəfər üçün gediş-gəliş və 7 gün qalmağın xərci 1.160 manat, yəni, adambaşına düşən xərc 580 manat təşkil edir. Aləmzar Rzayeva bununla razılaşmışdır. Bu məqsədlə o, öz kart nömrəsini Aləmzar Rzayevaya mobil telefonla göndərib. Aləmzar Rzayeva 17 oktyabr 2023-cü il tarixdə əvvəl 400 manat, 23 oktyabr 2023-cü il tarixdə 270 manat və həmin gün daha sonra 100 manat pulu onun kartına Neftçala rayonundan Bakı şəhərinə göndərib. O, pulları Bakı şəhərindəki bankomatdan çıxarıb. Aləmzar Rzayevanın ona göndərdiyi pulları onların sənədləşmə işlərinə, Məşhəd şəhərindəki otelə və nəqliyyata xərcləmişdir. 2023-cü ilin noyabr ayında o, Aləmzar Rzayevaya zəng vurmuş və ona demişdir ki, ziyarətə getmək vaxtıdır, getmək üçün hazırlaşsınlar. Aləmzar ona mobil telefonda demişdir ki, bankdan kreditə pul götürəcəkləri üçün onlar hal-hazırda ziyarətgaha gedə bilmirlər. Bundan sonra o, ziyarətə gedən digər adamları yoldan saxlaya bilməyəcəyi üçün Məşhəd şəhərinə getmişdir. Oradan qayıdandan sonra 2024-cü ilin mart ayında Aləmzarın qonşusu onun mobil telefonuna zəng vurmuş və Aləmzarın maddi vəziyyətinin pis olduğunu bildirmişdir. O, «Ramazan ayı» olduğu üçün 100 manat tapıb Aləmzarın kartına atmışdır. Bundan təxminən 2-3 gün sonra Aləmzar onun mobil telefonuna zəng vurmuş və onda qalan 670 manat pulu geri tələb etməyə başlamışdır. O isə Aləmzarla acığa düşdüyü üçün 670 manat pulu qaytarmamış və Aləmzarın mobil telefonla olan zənglərinə cavab verməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəyib. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X2 18 sentyabr 2024-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak etmiş və məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 1(042)- 22/2024 nömrəli iş üzrə 01 avqust 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli Plenum Qərarının nəticəvi hissəsinin 2-ci bəndində belə qərara gəlmişdir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir». Yuxarıda qeyd olunduğu kimi, Gədəbəy Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarı 01 avqust 2024-cü ildə qəbul olunub. Hazırkı iş üzrə cinayət əməli isə bundan xeyli əvvəl, yəni 2023-cü ildə törədilib. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxsn barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar