Məhkəmə qərarları › İş №1(053)-7/2024

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(053)-7/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(053)-7/2024 21.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Dost” “MMC-də fəhlə vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 26 – 28 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, 28 sentyabr 2023-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, audio-video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,840 qram çəkidə narkotik vasitə olan heorini əldə edib üzərində daşıyaraq saxlamış, 26 sentyabr 2023-cü il tarixdə, saat 14:15 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,840 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Müxtəlif işlərdə fəhləlik etməklə dolanır. O, narkotik vasitələrdən arabir olanda istifadə edir. O, xx.xx.2023-cü il tarixdə iş tapmaq üçün Şirvan şəhərinə getmişdir. O, axşama qədər gəzib iş tapa bilmədikdən sonra elə həmin günü Şrivan şəhərindən Salyan şəhərinə gəlmişdir. Bu vaxt Salyan şəhərində evlərinə getmək üçün avtobus dayanacağında durub gözlədikdə, yaxınlıqda yerdə polietilen büküm diqqətini cəlb etmişdir. Həmin polietilen bükümü gizlincə götürüb baxdıqda içərisində narkotik vasitə olan heroini görmüşdür. Daha sonra həmin polietilendə olan heroini şəxsi istifadəsi üçün əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Lakin hələki istifadə etməmişdir. Daha sonra Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun küçəsinə evə gəlmişdir. 26 sentyabr 2023-cü il tarixdə, saat təxminən 14:15 radələrində Neftçala rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində evlərinin yaxınlığında küçədə durub siqaret çəkmiş və həmin polietilendə olan heroin əynindəki şalvarının sol yan cibində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu Neftçala RPŞ-nǝ aparacaqlarını bildirmişlər və onu avtomobilə əyləşdirmişlər. Bundan sonra onu Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞdə təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüququ və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməyi təklif edilmişdir. O, bu vaxt üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra o, əynində olan şalvarının sol yan cibində polietilendə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuşdur. İştirakçılar kimi o da protokola imza etmişdir. Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamış, kiməsə narkotik vasitə satmamış, verməmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayon polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Neftçala rayonu, Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyatı məlumat yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 26 sentyabr 2023-cü il tarixdə, saat təxminən 14:15 radələrində daxil olan əməliyyat məlumatı əsasında Şəmsiyev X2 rayonu, Bankǝ qəsəbəsi, S.Vurğun küçəsində evinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilmişdir. Şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqat qrupuna təhvil verilmişdir. Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təyin edilmişdir. RPŞ-nin növbətçi hissəsində polis əməkdaşları və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif edilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen kəsiyi bükümü açılıbbaxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin polietilen kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 bildirdiklərinə uyğun eyni məzmunlu ifadə vermişdirlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 18/946 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: «…Təqsirləndirilən şəxs…» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,840 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (ı siyahı). xx.xx.2023-cü il tarixli, 1070 nömrəli Məhkəmə-narkoloji ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərindən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli, 1838 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X1 xx.xx.2018-ci ildə, X3 isə xx.xx.2020-ci ildə anadan olmuşdur. Himayəsində 2 azyaşlı uşaq vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Neftçala rayon polis şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,790 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 – 28 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,790 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar